15 iyunda əfvin olacağı prezidentdən asılıdır
May ayında əfv gözləntiləri özünü doğrultmadı. Avropa Oyunları və 15 İyun "Qurtuluş günü” yaxınlaşdıqca da, əfv müzakirələri yenidən artıb. Çoxları bu ərəfədə belə bir sərəncamın imzalanacağına ümid edir. Bir qrup hüquq müdafiəçisi hesab edir ki, önəmli yarışmanın keçirildiyi vaxtda əfvin verilməsi ölkəmizin imici baxımından müsbət nəticələr verər.
Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Xalq şairi Zəlimxan Yaqub isə açıqlamasında bu haqda məlumatının olmadığını bildirib: "Əgər əfv olsaydı, bununla bağlı bizə xəbər edilərdi”.
İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı Avropa Oyunları və 15 İyun "Qurtuluş günü” ilə bağlı əfv sərəncamı imzalanıb- imzalanmayacağına dair məlumatsız olduğunu deyib: "İşçi Qrupunun missiyası hansısa problemi aidiyyəti qurumlar qarşısında qaldırmaqdan ibarətdir. Biz hər 3 iclasda məhbuslarla bağlı problemləri müzakirəyə çıxarmışıq. Hazırladığımız əfv siyahısını Əfv Komissiyasının katibliyinə çatdırmışıq. Sadəcə olaraq, İşçi Qrupunda təmsil olunan QHT-lərdən heç biri Əfv komissiyasının üzvü olmadığı üçün bizdə konkret məlumatlar olmur. Biz ancaq öz təkliflərimizi onlara ünvanlaya bilirik. Əfv sərəncamının olub-olmayacağından biz də ancaq mətbuat vasitəsilə xəbər tuturuq. Sərəncam isə birbaşa ölkə başçısının iradəsindən asılıdır”.
Heç vaxt əfvlə bağlı proqnoz vermədiyini vurğulayan Mirvari Qəhrəmanlı heç ehtimal da deyə bilməyəcəyini bəyan edib: "Məhbus yol gözləyən ailələri boş-boşuna ümidləndirib, onların stress keçirməsinə səbəb olmaq istəmirəm. Rəsmi dairədən heç bir məlumat almadığım üçün 15 İyun "Qurtuluş günü”ndə Əfv sərəncamı imzalanıb-imzalanmayacağını bilmirəm”.
Millət vəkili Çingiz Qənizadə isə hesab edir ki, əfv sərəncamının imzalanması cənab prezidentin müstəsna hüququdur. Əfvi verə də bilər, verməyə də. Biz sadəcə arzulayırıq. Söz-söhbətlər gedir ki, qarşıdan gələn Avropa Oyunları və 15 İyun "Qurtuluş günü” ilə bağlı əfv verilə bilər. Hüquq müdafiəçisi kimi bunu çox istəyərəm.
Həmişə olduğu kimi, yenə də cənab prezidentin humanizm nöqteyi-nəzərdən belə bir sərəncam verəcəyini gözləyirəm. Nə vaxt verilməsindən asılı olmayaraq, hüquq müdafiəçiləri olaraq, daim belə addımları müsbət qiymətləndiririk. Müzakirələrimiz davam edir. İşçi Qrupunda işləri daha çox komissiya üzvləri həyata keçirir. Hətta komissiya üzvləri belə deyə bilməz ki, əfv olacaq. Bu hüquq prezidentindir. İstədiyi vaxt həyata keçirə bilər.
Müəyyən məhbuslar var ki, İşçi Qrupunda müzakirə olunur. Cənab prezident müraciətlərə həssas yanaşır. Hazırda bir sıra müraciətlər var. İnanıram ki, bəhrəsi olacaq. Millət vəkili olduğumdan çoxlu sayda müraciətlər var. Əsaslı olanlarını, yəni xəstə, cəzasının yarısını çəkmiş məhbuslardan ibarət 10 nəfərlik siyahını Əfv Komissiyasına göndərirəm. Hər şey ola bilər. Ümidləri kəsmək olmaz. Arzulayırıq ki, əfv olsun”.
İşçi Qrupunun üzvü Novella Cəfəroğlu əfvə ümidlərinin daim olduğunu söylədi: "Heç zaman ümidsiz olmamışıq. Amma nə vaxt olacağını bilmirik. Sözsüz ki, yaxınlarda mütləq olacaq. İşlərimizi çoxdan yekunlaşdırmışıq. Siyahılarımızı vermişik, aidiyyəti şəxslərlə görüşmüşük. İşçi Qrupu işlərini başa çatdırıb. Yenə də müntəzəm danışıqlarımız olacaq”.
İşçi qrupunun digər üzvü Sahib Məmmədov isə özünə məxsus arqumentləri ilə ölkə başçısının Əfv sərəncamı imzalayacağını ehtimal etmir: "Azərbaycana qarşı beynəlxalq təzyiqlərin həyasızcasına artması fonunda ölkə başçısı "Qurtuluş günü” münasibətilə əfv sərəncamı imzalamayacaq.
Əfv ölkədaxili dialoqların nəticəsi olaraq bir qisim məhbuslara şamil edilir. Beynəlxalq təzyiqləri isə ölkəmiz istənilən halda qəbul etmir. Ölkəmizi tanıyan bir şəxs olaraq deyə bilərəm ki, Azərbaycana qarşı təzyiqlərə son qoyulmasa, əfvə gedilməyəcək. Sözün açığı, "sülh göyərçinləri”nin ölkəmizə qarşı təzyiqləri əslində prosesləri bir qədər ləngidir. Ümumilikdə isə Əfv sərəncamı ölkə başçısının konstitusion hüququdur. Hər şey prezidentin şəxsi iradəsindən asılıdır. Günü sabah da ölkə başçısı bir nəfərin əfv olunması ilə bağlı sərəncam imzalaya bilər. Bunun üçün əlamətdar günləri gözləmək şərt deyil. Biz İşçi Qrupu olaraq öz təkliflərimizi Əfv Komissiyasına təqdim etmişik. Gerisi prezidentin müstəsna səlahiyyətləri olduğu üçün konkret heç nə deyə bilmərəm. Proqnoz vermək də düzgün deyil, çünki hələ ki ölkə başçısı əfvlə bağlı heç bir açıqlama verməyib”.
Şəymən