Tələbə təqaüdləri...
Biliyinə, bacarığına arxalananlar qazanır, zəiflər isə pulsuz qalır
Çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz
Kamran Əsədov təklif edir ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan təqaüdlər verilsin
Tələbə təqaüdlərinin semestr imtahanlarının nəticələrinə uyğun veriləcəyi qərarı ilk illərdə tələbələri sevindirirdi. Dərsə davamiyyətli, bilikli tələbə özünə güvəndi ki, imtahanları uğurla başa vuracaq, müqabilində təqaüd alacaq. Tələbə üçün təqaüd almaq necə bir sevincdir, bunu tələbəlik həyatı yaşayanlar gözəl bilir. Tələbə təqaüdü əmək haqqına bərabərdir, hətta tələbənin gündəlik xərcləri, bəzən maddi sıxıntılı zamanları nəzərə alınarsa, əmək haqqı sevincini də üstələyir. Amma tələbələrin sevinci də uzun sürmədi. Məlum oldu ki, sessiya imtahanlarında uğur qazanan tələbələrin heç də hamısına təqaüd verilmir. Burada bal məsələsi əsas götürülür; təqaüd almaq üçün 90 balı keçməlisən. Amma yenə şərtlər var. Baxır 90-ı nə qədər keçmisən. Kimsə səndən 1-2 bal yuxarıdırsa, o təqaüd alacaq, sən yox. Hətta bir dəfə qohumumuzdan «birdən tələbələrin bir neçəsi eyni bal topladı, onda necə olacaq?» Qohum dedi ki, dekanlıq bunu belə çözür: Bir dəfə siz, bir dəfə başqaları. Yəni, tələbələr növbələşdirilir. Olmazmı ki, dəyişməz yüksək nəticə olsun və bu nəticəni göstərənlərin hamısına təqaüd verilsin. Fond yetərli deyilsə, təqaüd yüksək nəticəli hər tələbəyə bölünsün? Belə daha ədalətli olmazmı, tələbə daha da ruhlanmazmı?
İtaliyada tələbələrin ehtiyacları nəzərə alınır
Təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında təqaüd məsələsinə aydınlıq gətirdi:
- İlk növbədə dünyada mövcud məşhur təqaüdün növləri bunlardır:
Need-based Scholarships. Ehtiyac əsasında verilən təqaüdlər. Dünyada demək olar ki, hər ölkədə mövcuddur, amma nümunə olaraq İtaliyanın adını çəkmək olar. İtaliya hökuməti valideynlərin ehtiyaclarını nəzərə alaraq tələbələrə minimum təqaüd təyin edir. Bəzi ölkələr bunu xarici tələbələrə aid etsə də, çoxu öz vətəndaşları üçün edir. Məsələn, qaçqın statusu olanlar təhsil xərcindən xaric idi. Azərbaycanda bundan istifadə edənlər var, amma yanlış istifadə edənlər də çoxdur. Ona görə də son zamanlar italyan səfirliyi tələbə vizalarına rədd cavabları verməyə başladı. Səbəbi heç bir tələbə araşdırmır. Təhsil Nazirliyinin və Türkiyə Burslarının təqaüdü merit-based sisteminə oxşasa da, prinsipcə, need-based kateqoriyasına daxildir. Çünki onlar daha çox ehtiyacdan doğur.
Merit-based Scholarships. Bu tipli təqaüdlər dünyada demək olar ki, çoxluq təşkil edir. Bu təqaüdü almaq üçün tələbələrin çox yüksək GPA (ortalama bal) balına nail olması, yəni əlaçı tələbə olması, yüksək test nəticələri (TQDK, SAT, IELTS, TOEFL, GRE, GMAT) olması və xüsusi istedadlarının olmasını nəzərə alaraq onlara təqaüd verilir. Mən şəxsən özüm də bu tipli təqaüd ilə ABŞ-da magistr təhsili almışam. Orda Graduate Assistant adlı təqaüd olur. Bunun üçün həm yerli amerikalılar, həm də xaricilər yarışır. Əsas, sizi köməkçi götürəcək professorun işinə uyğun olması lazımdır. Ona kömək lazımdır, hər hansı sahədə və əgər siz o sahədə güclü bacarığa sahibsinizsə, sizi qəbul edə bilər. Onlar üçün tənbəl amerikalıdansa, iş görəcək xarici tələbə daha önəmlidir.
University-based Scholarships. Az da olsa universitetlər xüsusi sahələr üzrə təqaüdlər elan edirlər. Bu, bir neçə yönümlü ola bilər. Həmin proqramı məşhurlaşdırmaq üçün, ya da xüsusi istedadlıları həmin proqrama cəlb etmək üçün. Məsələn, University of Southampton Management üzrə vaxtı ilə IELTS 6.5 toplayan və GPA 80-dən yuxarı olan tələbələrə 8 min funta yaxın təqaüd verirdi. Amma bundan çox az tələbə yararlandı. Çünki hər kəs tam təqaüd istəyir. Amma İngiltərə universitetləri öz hesablarına formalaşır və tam təqaüd çox azdır, çünki universitet pulsuz işləyə bilməz. Britaniya universitetləri Avropa Birliyi və öz vətəndaşları üçün ödənişlər az olduğundan bütün gəlirlərini xarici tələbələrdən əldə edirlər. Amma yarı təqaüdlər və ya tam ödənişi ləğv edən təqaüdlər var, amma rəqabət də çoxdur.
Qalan təqaüd tipləri çox da Azərbaycanda keçərli deyil və az saydadır. Məsələn, Scholarships for Women, Athletic Scholarships, Scholarships for Minorities, Creative Scholarships və sair. Amma əsas məsələ bunları necə əldə etməkdir və düzgün təqaüdlərə baş vurmaqdır.
İlk olaraq qeyd etmək lazımdır ki, bakalavr üzrə təqaüdlər çox azdır. Azərbaycanlıların qardaş Türkiyə Burslarına müraciətləri də çoxdur, amma bunu çox bakalavrın anlayacağına inanmıram. Çünki buna ehtiyac yoxdur. Bakalavr pilləsini bitirən tələbə heç ixtisaslaşmış dərəcə qazanmır, yəni natamam ali təhsil diplomunu alır. Buna da davamlı olaraq heç kim pul yatırmaq istəmir. Ehtiyac üzündən müəyyən müddət olur və sonra dayandırılır. Məqsədsiz, yəni ehtiyacdan təqaüd verənlər xaric. Məsələn, Səudiyyə Ərəbistanı və bu kimi neftlə dolu olan ölkələr.
Magistr üçün mütləq təqaüdün növünə, topladığınız bala, ixtisasın uyğunluğuna və Azərbaycan üçün keçərli olduğuna baxmaq lazımdır. Məsələn, İtaliyada IELTS olmadan, GPA nəzərə alınmadan bir saxta gəlir mənbəyi göstərməklə təqaüd almağa cəhd edənlərin nəticəsi bəllidir. Səfirlik bunu anladı və önünü kəsdi. Çünki burda məntiq yoxdur. İtaliya hökuməti ingilis dilində bilməyən, Azərbaycanda universiteti zəif oxuyan tələbəyə niyə təqaüd versin? Səbəb? Burda 5 min manat ödəyib arxa qapıdan alınan təqaüdlər bir ildən sonra onsuz da olmayacaq. Yenə öz hesabınıza oxumuş olacaqsınız, ya da universiteti yarıda qoyub bir il İtaliyada kef etdim deyib geri dönəcəksiniz.
1000 nəfərdən 100-ü təqaüd alacaq
K.Əsədov qeyd etdi ki, bizdə təqaüd almaq yanlış anlaşılır:
- Təqaüdü arxa qapıdan almaq da sadəcə məntiqsizlikdir və təhsil haqqı 50 mindirsə, ondan 20 min təqaüd vermək normaldır, amma əgər realdırsa. Yəni real təhsil haqqı 30 mindirsə, onun üstünə 20 min qoyub sonra tələbəyə də 20 min təqaüd vermək kimi. Normalda xaricdə təhsil işçiləri təqaüd verə bilməz. Çünki belə bir proqram yoxdur. Amma təəssüflər olsun ki, buna aldananlar var. Belə şeylərə aldanmaq lazım deyil, əsas sizin büdcənizə uyğun ölkə seçməlisiniz və reallığı qəbul edib oxumalısınız. Çünki bundan sonra nə manat baha olacaq, nə dövlət çox təqaüd verəcək, nə də Türkiyə çox yer ayıracaq. Azərbaycanda təqaüd anlayışının ilkin mərhələsi bitib və məqsəd aydın idi. Tələbələrin xaricdə oxumağa marağını artırmaq. Amma təəssüflər olsun ki, bəzi şirkətlər bunu yanlış tərəfə çəkməklə insanları aldadırlar. İndi isə ikinci mərhələ gələn ildən tətbiqə keçəcək. Hədəf daha real və MERİT-BASED əsasında tələbələrə təqaüd ayırmaq. Əminəm ki, bu mərhələdə təqaüd alan tələbələr heç vaxt işsiz qalmayacaq. Hər şey məqsədli olsa sadəcə min tələbədən 600 deyil, 100 tələbə təqaüd alacaq və bu da real olacaq.
Dünyada məşhur olan təqaüdlərdən bir növü də hansısa iri şirkətlər və ya imkanlı şəxslər tərəfindən verilənlərdir. Amma bunların heç bir hüquqi əsası yoxdur. Yəni hansısa şirkətin və ya şəxsin müəyyən etdiyi təqaüdü almaq üstünlük hesab oluna bilməz.
2010-cu ildən universitetlər özünü maliyyələşdirməyə keçib və dövlət təkcə tələbə təqaüdlərini ödəmir, eyni zamanda 52 ali təhsil müəssisəsində təhsil alan 60 min tələbənin həm də təhsil haqlarını ödəyir. Yəni bura dövlət sifarişli ixtisaslar üzrə təhsil alanlar və sosial statusuna görə təhsil haqqından azad olunanlar daxildir.
Nəzərinizə çatdırım ki, bu gün təhsilimizdə standart, prezident təqaüdü, xüsusi təqaüd və adlı təqaüdlər sistemi mövcuddur. Bunlardan başqa bəzi universitetlərin daxili təqaüd proqramları da var. Yəni Universitetə qəbulolma balına uyğun təqaüd, bir də tələbənin universitet həyatındakı fəaliyyətinə görə təqaüd. Yəni hər bir tələbənin, hətta 100 faiz təhsil alanların belə təqaüd almaq imkanı var. Amma çalışan, oxuyan tələbə ilə vaxt keçirən tələbəyə bərabər təqaüdün verilməsi ədalətli olmaz. Ona görə də, hər kəsə öz biliyinə, bacarığına uyğun təqaüd vermək, qiymətləndirmək lazımdır.
Tələbələrin xərcini azaltmaq üçün…
K.Əsədov təklif edir ki, tələbələrə yalnız dövlət büdcəsindən deyil, həmçinin Təhsil Nazirliyindən və Universitetlərin ödənişli təhsildən aldığı vəsaitlər hesabına yaradılan Fonddan adlı (rektor, prorektor, dekan) təqaüdlər verilsin:
- Qeyd edim ki, hazırda ölkədə SABAH təqaüdü – 50 manat, "Gələcəyin müəllimi” təqaüdü – 100 manat, Kənd təsərrüfatı tələbə təqaüdü – 100 (yüz)- 200 (iki yüz) manat, AZERCELL tələbə təqaüdü – 200 manat, SOCAR tələbə təqaüdü – 100 manat və 20 universitetdə tanınmış şəxslərin adına adlı təqaüdlər var. Misal üçün, Bakı Dövlət Universitetində 22 ziyalının adına təqaüd verilir, «Azərbaycan” Universitetində "Şəhid Fəxrəddin Qurbanlı adına təqaüd” - 500 manat verilir, «Odlar Yurdu» Universitetində isə 9 adlı təqaüd sistemi mövcuddur.
Hesab edirəm ki, tələbələrin yaşayış xərclərini azaltmaq, onların yataqxana təminatı üçün dövlət büdcəsinin investisiya xərclərindən vəsait ayrılmalı və tələbələr üçün Dərnəgül qəsəbəsində və Yasamalda ümumi yaşayış kompleksi tikilməli, həmin ərazidə məskunlaşan məcburi köçkünlər isə yeni yaşayış massivlərinə köçürülməlidir. Bu olduqca vacib bir addım olardı. Düşünürəm ki, yataqxana məsələsinin həlli olduqca vacibdir.
Məlahət Rzayeva