"Tələbələrə verilən kreditlərdə artımlar və güzəştlər gözlənilir" - Açıqlama





""Maarifçi” Tələbə Kredit Fondunun tələbə kreditləri ilə bağlı təşəbbüsünün gələcəkdə daha da genişlənəcəyini düşünürəm”.

Bunu Sherg.az-a Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü deyib. 

O bildirib ki, "Maarifçi” Tələbə kredit Fondunun baş tutan təqdimatında Dünya Bankı, Təhsil Nazirliyi, Milli Məclis bu layihəyə dəstəyini nümayiş etdirib:

"Bu vacib məsələnin gündəmə gətirilməsi təqdirəlayiqdir. Ona görə, layihənin gələcəyinə inanıram. İlkin olaraq bu fond tərəfindən ancaq tələbələrin ehtiyacı olan kreditlər verilib. Onların təhsil haqlarına yardım göstəriləcək. Seçim meyarları bu səbəbdən çox ciddi şəkildə həyata keçiriləcək. Həmin meyarlar əsasında baxılan müraciətlərə isə obyektiv şəkildə seçim aparılmaqla yekun vurulacaq. Hələlik bakalavr pilləsində olan tələbələrə müxtəlif ixtisaslar üzrə bu kreditlər nəzərdə tutulur.

 Qeyd edilən yataqxana xərcləri, elmi tədqiqat işinin başlanılması, magistr pilləsi, doktorantura kimi məsələlər gələcək üçün nəzərdə tutulur. Əsas məsələ, təhsil haqqının ödənilməsi istiqaməti üzrə fond artıq fəaliyyətə başlayıb. Onun ilk müştəriləri də var. Bu kreditlərdən istifadə etmək istəyən tələbələrin artacağına ümid edirəm. Gələcəkdə tələbə kredit növlərinin əhatə dairəsinin genişlənəcəyi, eyni zamanda verilən məbləğdə artımlar, güzəştlər olacağı gözlənilir. Sözsüz ki, çox müsbət dəyərləndirirəm. Bu proses çoxdan başlanılmalı idi”.

Öz növbəsində ""Maarifçi” Tələbə Kredit Fonduna uğurlar arzu edən M. Mürşüdlü ehtiyacı olan tələbələrə və ailələrə təhsil kreditlərinin çox xeyirli olacağını bir daha vurğulayıb:

"Düzdür, fondun əsasnaməsində dünya təcrübəsinə uyğun yenilikləərin aparılması vacibliyi, dəyişikliklərin aparılması da önə çəkildi. Buna baxmayaraq düşünürəm ki, bütün istiqamətlər nəzərdən keçiriləcək və gələcəkdə Azərbaycanda bu fondun uğurlarının şahidi olacağıq”.

Qeyd edək ki, təhsil haqqının ödənilməsi üçün tələbələrə kredit təklif edən ""Maarifçi” Tələbə Kredit Fondu tərəfindən əlavə olaraq tələbələrə yataqxana xərcləri üçün kreditlərin təqdim olunmasının planlaşdırıldığı bildirilib.

Aysel Aslan