Tənqidçi jurnalistika vacibdir

Amma o həddə ki, bu artıq ümumxalq mənafeyi üçün təhlükəyə çevrilməsin
Peşəkar jurnalistlər qadağan olunan informasiyaların ictimailəşdirilməsi məsələsində heç vaxt çətinliklə üzləşmir

Azərbaycan Respublikasının Baş Prokurorluğu bastan.info.com internet portalına xəbərdarlıq edib. Buna səbəb portalın yayılması qadağan edilən informasiyaları ictimailəşdirilməklə "Kütləvi informasiya vasitələri haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunların, habelə, cinayət və cinayət-prosessual qanunvericiliyin müddəalarının pozulmasıdır.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, internet portalın baş redaktoru Mustafa Hacılı Baş Prokurorluğa dəvət edilib və "Prokurorluq haqqında” qanunun tələblərinə müvafiq olaraq ona rəhbərlik etdiyi internet portalında dövlət orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirmə aparılmadan sensasiya naminə qəsdən və qərəzli şəkildə ictimai rəyi çaşdırmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaq məqsədi ilə konkret faktlara əsaslanmayan məlumatların, eləcə də ibtidai araşdırma məlumatlarının qərəzli olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib. Baş Prokurorluq tərəfindən analoji xəbərdarlıqlar bundan əvvəl də bir neçə qəzet və xəbər portallarına edilib. Biz jurnalistlər adətən bu səpkili xəbərdarlıqları sevmirik və əsəbi qarşılayırıq. Bizə elə gəlir ki, nə istəsək yaza bilərik və kimsə buna mane olmamalıdır. Qanunlarınsa hökmü fərqlidir. İnformasiyanın necə, hansı halda paylaşılması "Kütləvi informasiya vasitələri haqqında” qanunda əksini tapıb. Həmçinin "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun da əslində jurnalist fəaliyyəti üçün yol göstərən rolundadır. Amma etiraf edək ki, çoxumuz bu qanunlardan xəbərsizik və daha çox məlumatı ilk əldə edib birinci ötürmək prinsipi ilə işləyirik. Daha bu məlumatı necə ötürmək, ümumiyyətlə ötürmək, yaymaq olarmı, bu barədə düşünməyə vaxt tapmırıq. Ona görə də nəticələr bəzən heç də ürəkaçan olmur. Tənqidlər eşidirik, xəbərdarlıqlar alırıq. Səhv yanaşmanın biri də budur ki, bəzən Qərbdə - Avropada jurnalistlərin guya sərhəd tanımadığı tendensiyası hakim kəsilir. Çoxlarına elə gəlir ki, Avropa, ABŞ mediasının önündə bütün qapılar açıqdır. İstədikləri zaman istədikləri informasiyanı əldə edir və istədikləri kimi də yayırlar. Reallıqla başqadır.

Peşə məsuliyyəti hissi olmalıdır

Qadağan olunan informasiyaların ictimailəşdirilməsi məsələsinə münasibət bildirən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət qeyd edir ki, peşəkar jurnalistlər bu cür çətinliklərlə üzləşmir:
- Əslində, burada çətin bir iş yoxdur. Jurnalist qanunları bilməlidir və onlara riayət etməlidir. Sizə deyim ki, peşəkar jurnalistlər bu cür çətinliklərlə demək olar üzləşmir. Peşəkarlara kimsə irad tutmur, xəbərdarlıq etmir. Amma o şəxslər ki, jurnalistikadan xəbərsizdirlər, peşə normalarını, qaydalarını bilmirlər, o adamlara xəbərdarlıq da edilir, müəyyən problemlərlə də qarşılaşırlar. Jurnalist bilməlidir ki, dövlət sirri, hərbi sirr təşkil edən, dövlətin mənafeyinə zərər vura biləcək informasiyaları yaymaq qadağandır. Kütləvi informasiya vasitələri azadlığı özbaşınalıq demək deyil. Söz və mətbuat azadlığı nə peşə qarşısında məsuliyyəti azaldır, nə də dövlət və cəmiyyət qarşısındakı məsuliyyəti. Peşəkar jurnalistlər informasiya əldə etmək və yaymaq hüquqlarını bu şərtlərlə uzlaşdıra bilir. Hər peşədə olduğu kimi jurnalistikada da meyarlar var. Bir informasiyanı yayarkən onun nəyə səbəb ola biləcəyi diqqətə alınmalıdır. Bəzən bir informasiya sonrakı xoşagəlməz, hətta faciəli hadisələrə də yol açmaq gücündədir. Digər tərəfdən, biz nəzərə almalıyıq ki, Azərbaycan münaqişə və müharibə şəraitində yaşayan ölkədir. Torpaqlarımızın 20 faizi işğal altındadır və Ermənistan kimi məkrli bir qonşumuz var. Bəzən düşünülmədən yayılmış hansısa informasiya düşmən mətbuatı üçün göydəndüşmə olur. Bu informasiyadan Azərbaycan əleyhinə istifadə etməyə çalışırlar. Beynəlxalq aləmdə ölkəmiz haqqında mənfi rəy formalaşdırırlar. Hər bir ölkənin strateji maraqları olduğu kimi, Azərbaycanın da öz maraqları və mənafeyi var. Vətəndaş olaraq hər birimizin vəzifəsi öncə bu maraqlardan çıxış etməkdir.

"ABŞ hökuməti jurnalistləri gəmidən düşürmüşdü”

- Məlumdur ki, Azərbaycanda hansısa mətbuat nümayəndəsi, media təmsilçisi qanunun tələblərinə riayət etməyə çağırılırsa, bu, Qərbdə, beynəlxalq təşkilatlarda dərhal mənfi reaksiyaya səbəb olur. Və bunu söz və məlumat azadlığının, plüralizmin pozulması kimi qələmə verməyə başlayırlar. Gələk qadağan olunmuş informasiyalar məsələsinə. Qadağan olunmuş informasiyalar bütün cəmiyyətlərdə, hətta özünü "demokratiyanın beşiyi” hesab edən ABŞ-da, media müstəqilliyinin mövcud olduğu iddia edilən Böyük Britaniyada var. Sizə bir fakt deyim. Gənclər təbii ki, bunu bilmir. 1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında Folklend-Malvin adaları mübahisəsi başladı və qısa zamanda hərbi münaqişəyə çevrildi. Xatırlayanlar var, yəqin, o zaman Böyük Britaniyanın Baş naziri Marqaret Tetçer şəxsən hərbi əməliyyatları izləyirdi. Və o zaman jurnalistləri adaya buraxmamışdılar. Onlara bildirilmişdi ki, bu, dövlət sirridir. Britaniya hökuməti hansı informasiyanı verəcəksə, media onu yaymaq zorundadır. Daha sonra eyni vəziyyət ABŞ-la bağlı da yaşandı. Qrenada adasındakı vəziyyətə görə ora səfər etmək istəyən jurnalistləri ABŞ administrasiyası gəmidən düşürmüşdü. ABŞ Müdafiə Nazirliyi məlumatları da özü yayırdı, hətta fotoşəkillərə də qadağa qoyulmuşdu. Yalnız ABŞ Müdafiə Nazirliyinin təqdim etdiyi fotoları yaymağa icazə verilirdi. Yəni, dövlətlər adətən öz maraqları çərçivəsində hərəkət edir. Və məncə, bu, tamamilə anlaşılan və qəbul olunası haldır. Azərbaycan dövləti tamamilə haqlı olaraq Dağlıq Qarabağa qanunsuz - Azərbaycan hökumətinin rəsmi razılığı olmadan səfər edənlərə qarşı barışmaz mövqe tutur. İstər bu müğənni olsun, istər hansısa ictimai xadim, şirkət təmsilçisi, istərsə də jurnalist. "Lapşin işi” buna sübutdur.

"İndi innovativ reketçilik inkişaf edib”

"Səs” Media-Holdinqin rəhbəri Bəhruz Quliyev isə reketçiliyin artıq innovativ xarakter aldığını bildirdi:
- Biz illərlə mətbuatda reketçiliyə qarşı mübarizə apardıq. Nəhayət, reketçilik yazılı mətbuatı tərk etdi. Amma cəmiyyəti tərk etmədi. Bu dəfə innovativ resursların inkişafı sayəsində virtual aləmə transfer etdi. Mən bunun adını "innovativ reketçilik” qoymuşam. İnnovativ reketçilik inkişaf etmiş texnologiyaları özündə cəmləşdirib. İnsanları internet üzərindən şantaj edirlər. Bu, reketçiliyin modern formasıdır. Texnologiyalar o qədər irəli gedib ki, istədikləri informasiyaları əldə edirlər, sonra da bunları şantaj predmetinə çevirirlər. Azərbaycanda internet azadlığı, sərbəstlik bəzilərinin əl-qolunu açır, internet portallar, xəbər saytları qeydiyyatdan keçirib, fəaliyyətə başlayırlar. Bu sahədə məhdudiyyət qoyulmadığı üçün sərbəstlikdən istifadə edirlər və bəzən də mənfi baxımdan yararlanırlar. Sözsüz ki, demokratik cəmiyyətlərdə mətbuat azaddır. Kütləvi informasiyaları vasitələri və onun təmsilçiləri jurnalistlər dördüncü hakimiyyət hesab edilir. Media cəmiyyətin aynasıdır və cəmiyyətdə baş verənləri də güzgü kimi əks etdirməlidir. Hər hansı bir çatışmazlıq olduqda da ictimaiyyətə xəbər verməlidir. Amma təəssüf ki, biz dövlət sirri, hərbi sirr, ümumdövlət, ümumxalq mənafeləri məsələlərində vətəndaşlıq mövqeyi ortaya qoya bilmirik.

"Jurnalist də qanunlara söykənməlidir”

B.Quliyev konkret halda Baş Prokurorluğun xəbərdarlığının qanuni olduğunu dedi:
- Biz jurnalist ola bilərik, cəmiyyətdəki hansısa neqativ halı ictimaiyyətə, yaxud dövlət orqanlarının diqqətinə çatdırmaqda biri-birimizlə yarışa da bilərik. Sağlam rəqabət apara da bilərik. Bunlar da jurnalistikanın fəaliyyət sferalarıdır. Amma o yerdə ki, dövlət, xalq, ölkə mənafeyi var, burada ilk növbədə vətəndaşlıq mövqeyindən çıxış edilməlidir. Azərbaycan mətbuatı əzəlindən tənqidi mətbuat olub. Həsən bəy Zərdabidən başlamış Cəlil Məmmədquluzadə və ondan sonra gələnlər də daxil, ta bu günümüzədək. Tənqidçi jurnalistika vacibdir, amma o həddə ki, bu, artıq dövlətimiz üçün, ümumxalq mənafeyi üçün təhlükəyə çevrilməsin. Jurnalistlər arasında həmişə həmrəylik olub, bu gün də var. Biz həmişə biri-birimizi müdafiə edirik, dəstəkləyirik. Amma əgər kimsə bilərəkdən düşmən dəyirmanına su tökürsə, dövlət sirri səviyyəsində olan informasiyanı yayırsa, dəqiqləşməmiş, cəmiyyətdə ajiotaja səbəb ola biləcək, başqasının hüquqlarını zədələyəcək informasiyanı bilərəkdən yayırsa, əlbəttə, mən burada qanunun aliliyinin tərəfindəyəm. Vətəndaşların da, xalqın da təəssübkeşi ilk növbədə Azərbaycan dövlətidir. Azərbaycan Respublikasının Konstitusiyasında da vətəndaşların hüquq və azadlıqları təsdiqini tapıb. Həmçinin söz və mətbuat azadlığı ilə bağlı da vacib qanunvericilik aktları qəbul edilib. Həm də bu qanunlar jurnalist fəaliyyətini də tənzimləyir. Jurnalist də vətəndaşdır və o da bu qanunlara arxalanır. Kimsə jurnalist adına yaraşmayan hərəkətlər edirsə, dövlət, ümumxalq maraqlarını zərbə altında qoyursa, sözsüz ki, qanuna tabe olmağa dəvət edilməlidir. Mən hər zaman qanunun tərəfindəyəm və jurnalistlərimizi də öncə vətəndaşlıq mövqeyindən çıxış etməyə çağırıram. Hansısa informasiyaya xatir dövlət, xalq maraqlarını zərbə altında qoymaq bizlərə yaraşmaz. Biz bu cür hallara qarşı mübarizə aparmalıyıq.

Məlahət Rzayeva


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb