Müxalifət düşərgəsində seçkiyə gedəcək namizədlərin siyahısı tam bəlli deyil
ADP, AMİP və BQP parlament seçkisi ilə bağlı ilkin namizəd siyahılarını ictimaiyyətə təqdim ediblər. Partiya rəsmilərinin sözlərinə görə, yaxın günlərdə digər namizədlərin də adları mediada dərc olunacaq. Amma əksər müxalif partiyalar hələ də namizəd siyahısını ictimaiyyətə açıqlamayıblar.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, partiya məclisinin avqustun 29-da növbədənkənar sessiyası olacaq. Həmin sessiyada təşkilatın razılaşdırılmış namizədləri təsdiq ediləcək: "Əgər Məclis tərəfindən razılaşdırılmamış dairələrdə sonradan namizədlər irəli sürülərsə, onlar partiyanın Divanında təsdiqlənəcək. Divana bu barədə səlahiyyət verilib. Konkret siyahı təsdiq olunduqdan və seçki kampaniyası başladıqdan sonra namizədlərin sənədləri seçki komissiyasına təqdim olunacaq”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının müavini Fuad Qəhrəmanlı isə partiyanın seçkiyə hazırlaşmadığını deyib: "Seçkidə iştirakla bağlı yekun qərar verilmədiyinə görə belə bir siyahı məsələsi gündəmdə deyil”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan da qərarsız partiya rəhbərlərindəndir: "Seçkiyə gedəcəyimiz təqdirdə siyahı açıqlanacaq. Hələki seçkiyə gedib-getməyəcəyimiz bəlli deyil. Ona görə də seçki siyahılarını müzakirə etmək niyyətində deyiləm”.
BAXCP-nin sədr müavini Niyaməddin Orduxanlı isə bildirib ki, parlament seçkiləri ilə bağlı 80 dairədə namizədlər müəyyənləşib və iş davam edir: "İdarə Heyətində qərar qəbul olunacaq. Rəsmi seçki kampaniyasının başlamasını gözləyirik. Bundan sonra Məclisin sessiyası keçiriləcək və 80 namizədin irəli sürülməsi ilə bağlı qərar qəbul olunacaq. İclasından sonra bütün ictimaiyyət partiyamızın namizədləri ilə tanış ola biləcəklər. Deyəsən, seçkidə YAP-dan sonra ən çox namizədlə iştirak edəcək partiya BAXCP olacaq. Çünki bu günə qədər partiyaların və blokların açıqladığı namizədlərin siyahısı 65 namizəddən çox olmayıb”.
REAL Hərəkatının icraçı-katibi Natiq Cəfərli siyahı ilə bağlı son tamamlanma işlərinin getdiyini deyib: "Siyahı tamamlanmaq üzrədir, gələn həftənin ilk iş günlərində ictimaiyyətə açıqlayacağıq. Namizədlərimizin sayı 20-25 arası olacaq”.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin cavabı belə olub: "Seçki siyahısı hələ hazır deyil. Çünki bir sıra prosedur həyata keçirilməlidir. İlkin olaraq partiya seçkilərdə iştirakla bağlı qərar verməlidir, amma hələlik belə bir rəsmi qərarımız yoxdur. Düşünürük ki, avqustun sonlarında Ali Məclisin iclasını çağıraq və partiyanın seçkilərə münasibətini rəsmi olaraq bəyan edək. Amma bununla belə seçkilərdə iştirak etmək istəyində olan partiya üzvləri Mərkəzi Aparata müraciət edirlər və onların sayı 20-yə yaxındır”. M.Rəhimlinin sözlərinə görə, indi proporsional sistem olmadığından burada partiyanın siyahı təqdim etməsi düzgün səslənmir: "Çünki namizədlər majoritar qaydada seçkilərə qoşulurlar. Burada yalnız ayrı-ayrı fərdlərin seçkiyə qoşulmasından söhbət gedə bilər. Amma bununla belə, Ədalət Partiyası ayın sonunda sıralarından nə qədər namizədin parlament seçkilərində iştirak edəcəyini dəqiqləşdirəcək”.
İsmayıl