Gizli metroya düşmək istəyən şəxs Bakını təlaşa saldıİlham İsmayıl: “Saxlanılan Belarus vətəndaşı ilə bağlı bir sıra şübhə yaradan məqamlar var”
İlqar Altay: "Həmin adam öz məqsədinə çatmaq üçün əlindəki vasitələrlə maskalanıb və bu yolla da məsuliyyətdən yayınacağını zənn edib”
Martın 25-də Bakı metrosunda saxlanılan Belarus vətəndaşına qarşı hələ ki, ittiham irəli sürülməyib. Belarus Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Dmitri Mironçik mətbuata açıqlamasında Belarusun Azərbaycandakı səfirliyinin məsələ ilə sıx məşğul olduğunu, eyni zamanda Azərbaycan tərəfinin son dərəcə nəzakətlə davrandığını bildirib: "Səfirlik Belarus vətəndaşının tutulması barədə operativ şəkildə məlumatlandırılıb. Həmçinin səfirlik işçilərinin saxlanılan şəxslə görüşü təmin edilib, onun üçün dərhal tərcüməçi və vəkil xidməti təşkil olunub”.
D.Mironçik bildirib ki, saxlanılan şəxsə qarşı hələ ki, ittiham irəli sürülməyib: "Azərbaycan tərəfinin bizim səfirliyi operativ şəkildə məlumatlandırması faktı bizə bir sıra zəruri tədbirlər görmək imkanı verdi”.
Qeyd edək ki, Bakı metrosunda saxlanılan şəxs ölkəsində dəfələrlə məsuliyyətə cəlb olunub. O, xüsusi ilə yaşayış binaları, qatar vaqonları və s. üzərində qraffiti çəkməyə görə ittiham olunub.
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq orqanlarının birgə məlumatına görə, 2016-cı il mart ayının 25-i saat 01:30 radələrində Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən paytaxtın Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə həmin obyektə keçmək üçün orada olan dəmir barmaqlıqları xüsusi alətlə kəsmək istəyən Belarus vətəndaşı İlyevskiy Sergey Timofeyeviç saxlanılıb. Hadisə yerindən metroda istifadə edilən bir ədəd qapı açarı, əlcək, alın fənəri, müxtəlif uzunluqda iki kəndir, 10 ədəd boya balonu, 12 ədəd rəng püskürən balon başlığı, "Nikon” markalı dayağı olan fotoaparat, başa bərkitmə mexanizmli "Sony” markalı videokamera götürülüb. S.İlyevskinin üzərinə baxış nəticəsində onun Tiflis, İrəvan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər, bu obyektlərin, eləcə də Bakı Metropoliteninin sxemi, mobil telefon və pul aşkarlanıb. Hadisəni şərh edən keçmiş MTN zabiti İlham İsmayıl da hesab edir ki, saxlanılan Belarus vətəndaşı ilə bağlı bir sıra şübhə yaradan məqamlar var. Onun Ermənistan və Gürcüstanda olandan sonra Azərbaycana keçməsinin də diqqət doğurmalı məqam olduğunu deyən İ.İsmayıl vurğulayıb ki, bunlar məsələnin ciddi araşdırılmasını tələb edir: "Biz demirik ki, Belarus vətəndaşı birmənalı olaraq terrorçudur. İndiki dövrdə Avropanın mərkəzində biri-birinin ardınca terror aktları törədilir. Ona görə metro və başqa obyektlərin mühafizəsi daha da gücləndirilməlidir. Xüsusi xidmət orqanları daha ayıq-sayıq olmalıdırlar. Xüsusi xidmət orqanları ilə asayişin qorunmasına cavabdeh olan orqanlar sıx əməkdaşlıq etməli, birgə təlimlər keçirməlidirlər”.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay Belarus vətəndaşının adi bir qraffitçi olduğunun inandırıcı olmadığını deyib: "Mətbuat və sosial şəbəkələri müntəzəm olaraq izləyən biri və ekspert olaraq onu deyim ki, cəmiyyətdə bu məsələyə adi bir hadisə kimi yanaşılması sadəlövhlükdür. İnsanların böyük bir qismi hesab edir ki, bu, adi bir qraffitçidir və metroya da sadəcə qatarları, divarları boyamaq məqsədi ilə düşüb. Amma aşkar olunan faktlar və açıq qalan suallar həmin şəxsin həvəskar qrafittçidən artıq biri olduğunu deməyə əsas verir. Hesab edirəm ki, həmin adam öz məqsədinə çatmaq üçün əlindəki vasitələrlə maskalanıb və bu yolla da məsuliyyətdən yayınacağını zənn edib. Təbii ki, istintaq yekunlaşmadığı üçün həmin adamın metroya bomba qoymaq və ya hansısa təxribat törətmək məqsədi ilə düşdüyünü iddia etmək olmaz. Amma Belarus vətəndaşının kəşfiyyat xəbərləri toplamaq, metro stansiyalarının quruluşunu, giriş-çıxışlarını öyrənmək üçün bu addımı atması və çalışdığı dairələrə məlumat ötürməsi də istisna deyil”.
Belarus vətəndaşının üstündə qeydə alınan vasitələrə gəldikdə isə İ.Altay deyib ki, həmin şəxs polis tərəfindən tutulma təhlükəsini gözə aldığı üçün bu addımı atmış ola bilər: "Metro stansiyaları strateji məkan olduğu üçün daim polis nəzarətində olur. Belarusiyalı adam da sözügedən vasitələri özü ilə götürüb ki, saxlanıldığı təqdirdə qrafittçi olduğunu sübut edə bilsin. Guya ki, onun metroya düşməsinin qrafitti çəkməkdən başqa bir motivi olmayıb. Amma burada müəmmalı faktlar və açıq qalan suallar çoxdur. Əvvəla, bu adamın Gürcüstan, Ermənistandan sonra Azərbaycana gəlməsi xeyli suallar doğurur. İkincisi, Belarusiyada metro yoxdur ki, bu adam qraffiti çəkmək üçün ordan bura səfər edib? Onu da deyim ki, qraffitiləri daha çox divarlara, dəmiryollarının kənarlarına çəkirlər. Xarici ölkələrdə də bu cür rəsimlər var və buna heç də pis baxılmır. Sadəcə bu cür rəsim əsərləri çəkən insanlar aidiyyəti qurumlardan və ya şəxslərdən icazə almalıdır. Məqsədi sadəcə qraffiti çəkmək olan birisi niyə metroya havalandırma sistemindən girməyə cəhd eləsin ki? Metronun giriş-çıxışına nə gəlib ki?”.
Qardaş ölkədə baş verən terrorlardan dolayı Azərbaycanda da kifayət qədər gərgin bir dövr olduğunu vurğulayan kriminalistin sözlərinə görə, hər an ölkədə təxribat və ya terror aktları ola bilər: "Türkiyə ilə Azərbaycanın əlaqələri sözün həqiqi mənasında "Bir millət, iki dövlət” müstəvisində irəliləyir. Bu səbəbdən də terrorçuların Türkiyədən sonra Azərbaycanı hədəf alması an məsələsi ola bilər. Artıq bu istiqamətdə araşdırmalara başlamışam ki, terror Türkiyədən Azərbaycana hansı istiqamətdə ayaq aça bilər və bunun qarşısını almaq üçün nələr edə bilərik. Yaxın günlərdə Türkiyəyə gedərək hadisənin detallarını yerində araşdırmaq niyyətindəyəm. Demək istədiyim odur ki, belə bir həssas məqamda xarici ölkə vətəndaşının müəmmalı şəkildə metroya daxil olma cəhdi son dərəcə ciddi məsələdir. Bu fakt dövlət təhlükəsizlik orqanları, ictimai təhlükəsizlik orqanları tərəfindən dərindən araşdırılmalı və mütləq şəkildə aydınlaşdırılmalıdır. Dediyim kimi, burada açıq suallar çoxdur. Metro oyun meydançası deyil ki, hərə əlinə bir boya götürüb, divarlarını, qatarlarını rəngləsin. Sabahları da bir nəfər "atom zavodunun içərisini boyamaq ən böyük arzum var” deyib, zavoda daxil olsa, bəs necə? Əlindəki bir-iki boya vasitəsini göstərib məsuliyyətdən yayınmaqla, o, bir növ bizi ələ salır. Əslində isə onun bu addımı oyun adı altında atılan ciddi bir plandır. Hesab edirəm ki, ölkəmiz hər an, hər şeyə hazır olmalı və təxribatlar bizi haqlamamış bütün qabaqlayıcı tədbirlər görülməlidir”.
Şəymən