Məqsəd ölkədə etnik qarşıdurma yaratmaq və hökuməti çıxılmaz vəziyyətə salmaqdır
“Türkiyə dövləti bu gedişata “dur” deməli, terrora qarşı qətiyyətli, kəskin, israrlı addımlar atmalıdır”
Türkiyənin Qaziantep vilayətində dəhşətli terror aktı törədilib. Toy mərasimində törədilən terror nəticəsində 51 nəfər həyatını itirib, 94 nəfər isə yaralanıb. Şəhər valiliyi terrorun bomba partladılması nəticəsində baş verdiyini açıqlayıb. Olayın şahidləri deyiblər ki, terror uşaq arabasına qoyulan bombanın partlaması nəticəsində baş verib.
Terror hadisəsindən danışan Prezident Rəcəb Tayyib Ərdoğan partlayışı 12-14 yaşlarında bir yeniyetmənin həyata keçirdiyini deyib. Prezident bildirib ki, kürdlərin toyunu qana bulayan terrorun arxasında İŞİD dayanır. Məlumat üçün bildirək ki, Qaziantepin cənub istiqamətində kürd silahlı birləşmələri ilə İŞİD yaraqlıları arasında şiddətli döyüşlər gedir. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da açıqlamasında terroru İŞİD-in törətdiyini söyləyib və Suriya sərhəddində yerləşən yaraqlıların tamamilə təmizlənəcəyini bildirib: "Türkiyə sona qədər terror təşkilatlarına qarşı mübarizə aparmalıdır. Birmənalı olaraq terrora qarşı qətiyyətli, israrlı və uzunmüddətli mübarizə strategiyası seçilməlidir”. Qardaş ölkədəki olayları şərh edən ekspertlərə görə, baş tutmayan hərbi çevriliş cəhdindən sonra müəyyən qüvvələr Türkiyəni parçalamaq və zəiflətmək üçün yenidən ənənəvi terror aktlarına əl atıblar. Məqsəd ölkədə etnik qarşıdurma yaratmaq və hökuməti çıxılmaz vəziyyətə salmaqdır.
Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib ki, Qərb dairələri əvvəllər Türkiyə xaricində yaşanan terror və intihar hücumlarını birbaşa ölkənin daxilinə keçiriblər: "Hazırda terror Türkiyənin içərilərinə doğru daşınmaqdadır. Türkiyə dövləti bu gedişata "dur” deməli, terrora qarşı qətiyyətli, kəskin, israrlı addımlar atmalıdır. Əlbəttə, terrorun reallaşmasında, ona qarşı mübarizənin uğursuz olmasında dini istismar edərək çevriliş cəhdi planlayanların əməyi çoxdur. Artıq zaman yetişib, hökumət siyasi iradəsini ortaya qoymalı və bu kimi arzuolunmaz situasiyadan çıxmanın yollarını axtarmalıdır”. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay da bildirib ki, Türkiyə rəhbərliyi FETÖ təşkilatını dövlət və xalq üçün bir nömrəli təhlükə və düşmən hesab edir: "Neçə gündür Türkiyədə böyük insan tələfatı ilə nəticələnən ardıcıl terror aktları baş verir. Əgər Prezident Ərdoğan bu hadisələri FETÖ təşkilatı ilə bağlayırsa, deməli, əlində kifayət qədər əsaslar, mühüm dəlillər var. Mən araşdırmaçı-ekspert kimi onu deyə bilərəm ki, Türkiyəyə qarşı arasıkəsilməyən terror hadisələri bu ölkəni parçalayıb dağıtmaq məqsədi daşıyır. Bu olayların arxasında Türkiyəni, onun böyük və qüdrətli bir dövlət kimi güclənməsini istəməyən qüvvələr dayanır”.
İsmayıl