"Test sisteminin geniş vüsət aldığı vaxtda şagirdlərin düzgün danışıq və yazı vərdişlərində savadsızlıq meydana gəldi”.
Bunu "Sherg.az”a orta məktəb şagirdlərinin, abituriyentlərin orfoqrafik və orfoepik vərdişlərinin zəifliyindən danışarkən tanınmış təhsil eksperti Etibar Əliyev söyləyib.
O diqqətə çatdırıb ki, hazırda tətbiq edilən kurikulum sistemində zamanla belə problemlərə yer ayrılır:
"Əslində uşaqların ana dili bilgiləri ibtidai siniflərdən formalaşmalıdır. Bu məsələdə birbaşa məsuliyyət müəllimlərin üzərinə düşür. Müəllimlər şagirdlərə imla, inşa, ifadə kimi yazılar yazdırmalı, esselərini yoxlamalıdırlar. Şagirdlərin bu sahədə olan boşluqları aradan qaldırılmalıdır.
Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycan dili üzrə yazılı imtahan da həyata keçirir. Bu imtahanlar artıq keçən il 9-cu siniflərə tətbiq edilib. Güman ki, bu ildən 11-ci siniflərə də eyni qayda tətbiq olunacaq.
Qeyd etmək lazımdır ki, gənc müəllimlərin özləri də ali məktəblərə test imtahanı vasitəsilə daxil olublar. Onlar da uşaqlara ədəbi dil qaydalarını mənimsətməyə maraqlı deyillər. Nəticədə yaza bilməyən, çoxlu səhvləri olan yazılara rast gəlinir. Buna görə, dilçi alimlər də hazırda orfoqrafiya qaydalarında dəyişiklik etmək, əksər sözləri tələffüzə uyğunlaşdırmaq istəyirlər. Alimlərin də üzərinə böyük məsuliyyət düşür”.
Şagirdlərə lüğətlərlə işləmək bacarıqlarının öyrədilmədiyini vurğulayan ekspertin sözlərinə görə, hətta müəllimlər özləri də bu vərdişlərə sahib deyillər:
"Azərbaycan dilinin izahlı lüğəti dərc edilib. Hər bir şagirddə bu lüğət olmalı, müəllimlər lüğətdən istifadə qaydasını şagirdlərə öyrətməlidirlər. Təəssüf ki, bu reallaşdırılmır. Nəticədə Azərbaycan dilinin öyrənilməsində savadsızlığa səbəb olur.
Orta məktəblərdən qaynaqlanan bu problemlər bakalavr və magistr tələbələrində də müşahidə edilir. Bu cür savadsızlığın əsas səbəbkarı müəllimlərdir”.
Aysel Aslan