Tibbi sığorta ölkəyə “qədəm qoyur”

“Maaş fondu müəyyən səviyyəyə çatmalıdır ki, həkimlər icbari tibbi sığortada fəal iştirak edə bilsinlər”

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta Agentliyinin direktoru Zaur Əliyevin sözlərinə görə, əhalinin müəyyən kateqoriyasının icbari tibbi sığorta haqqını dövlət ödəyə bilər. Qurum rəsmisi bu barədə "Caspian European Club”un təşkil etdiyi biznes-forumda məlumat verib.

"Yevlax rayonu və Mingəçevir şəhərində pilot layihə olaraq, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar həkimlərin maaşının artırılması istiqamətində addımlar atılıb. Həkimlər üçün bonuslar da müəyyənləşdirilib”.

Z. Əliyev bildirib ki, fevraldan bu iki bölgədə icbari tibbi sığorta tətbiq olunur və hazırda gündəlik ambulator gəlişlərin sayı 1200-dən 1400-ə qalxıb: "Xəstəxanaların reyestrinin elektronlaşması da vacibdir. Bu proses nə qədər tez başlasa, ölkə üzrə icbari tibbi sığortanı daha da genişləndirə bilərik. Ölkədə mərhələ-mərhələ icbari tibbi sığortanın tətbiqini vacib sayırıq. İcbari tibbi sığorta ilə bağlı gəlirlərə gəlincə, hansı kateqoriya əhali icbari tibbi sığorta ödəməlidir, hansı kateqoriyanın icbari tibbi sığorta haqqını dövlət ödəməlidir, bu məsələ bu il müəyyənləşməlidir. Bununla bağlı sənəd Prezident Administrasiyasına göndərilib. İlin sonunda Milli Məclisdə qanunvericiliyə müvafiq dəyişiklik ediləcəyinə inanırıq”.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ölkəmizdə əhalinin gəliri olmayan təbəqəsi - tək analar, tələbələr və s. şəxslər birbaşa dövlət büdcəsi hesabına sığortalanmalıdır. Professorun sözlərinə görə, işi və gəliri olan şəxslər isə tibbi sığortanı öz gəlirləri hesabına etməlidirlər: "İcbari tibbi sığortanın bütün dünyada həyata keçirilməsi mexanizmləri var. Bu mexanizmlərdən biri odur ki, inkişaf etmiş ölkələrdə demək olar əhalinin bütün kateqoriyaları sığorta olunur. İşləməyən, əmək büdcəsində qeydiyyatda olan, heç bir gəliri olmayan şəxslər dövlət büdcəsi tərəfindən sığortalanmalıdır. Xarici ölkələrdə yardım alanlar, heç bir işə sahib olmayanlar birbaşa dövlətin hesabına sığortalanırlar, digər şəxslərin isə gəlirlərindən sığorta haqqı tutulur”.

Ölkəmizdə icbari tibbi sığortanın tətbiq edilməsinin nə dərəcədə effektli olması sualına gəlincə, A.Qeybulla bildirib ki, bu gün səhiyyəyə ayrılan büdcə bütövlükdə Azərbaycanda effektiv tibbi sığortanı təmin eləmək imkanında deyil: "İcbari tibbi sığortanı təmin etmək üçün ən azı keçən ilin statistikasını götürək, məsələn, xəstələnmə, əməliyyatlar və proseduraların sayı, bu zaman gedən ümumi xərclər. Açıq şəkildə insanlara da etiraf eləmək lazımdır ki, ola bilsin, bəzi məsələlər vətəndaşın çiyninə düşsün. Sığortanın bir hissəsini dövlət, bir hissəsini vətəndaş ödəyə bilər. Yəni səmimi bir sistem olmalıdır və tədricən dövlətin imkanları artdıqca da bunu eləmək olar.
Deyirlər ki, icbari tibbi sığorta zamanı hansı həkim xəstəyə daha çox baxarsa, o, yüksək maaş alacaq. Bu yanaşmanın özü əvvəlcədən kriminala, əyriliyə yol açır. Ona görə ki, icbari tibbi sığortada həkim seçimi ola bilməz. Çünki bu həkimlərə dövlət diplom verib. Tibbi sığorta zamanı həkimlərin dövlət tərəfindən fiksasiya olunmuş maaşı olmalıdır. Bunu düşünmək lazımdır və maaş fondu müəyyən səviyyəyə çatmalıdır ki, həkimlər icbari tibbi sığortada fəal iştirak edə bilsinlər. Yəni onlar bu məsələyə ürəklə yanaşsınlar. İcbari tibbi sığorta ilə məşğul olan şəxslərin içində həm iqtisadçılar, həm də Səhiyyə Nazirliyinin mütəxəssisləri olmalıdır. Sığortanın iqtisadi tərəfinə iqtisadçılar, tibbi-psixoloji tərəfinə isə tibb işçiləri nəzər yetirməlidirlər. Amma təəssüf ki, bizdə bu cür olmadı. Hər halda hesab edirəm ki, dünyanın getdiyi yolla getməliyik, özümüzdən Amerika kəşf edə bilmərik. Düşünülməmiş atılan hər hansı bir addım daha çox problemlər yarada bilər”.

Yeganə Bayramova