... Tikinti şirkətlərində təhlükəsizlik qaydaları yoxlanılmalıdır" - TƏLƏB




"İşçilərinin əmək təhlükəsizliyini təmin etməyən müəssisələrə qarşı ciddi sanksiyalar tətbiq olunmalıdır”.

Bunu Sherg.az-a yanvar və fevral ayları ərzində iş başında 10 nəfərin həlak olması, 22 nəfərin xəsarət almasına münasibət bildirərkən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. 

O bildirib ki, qəzaların daha çox baş verdiyi müəssisələrə qarşı daha ciddi tədbirlər görülməlidir:

"İstənilən müəssisənin işçilər qarşısında öhdəlikləri var. Hər bir şəxs işə götürülən zaman onunla əmək müqaviləsi imzalanır. Əmək müqaviləsinin mühüm şərtlərindən biri olan əməyin mühafizə qaydalarının təmin edilməsi isə birbaşa müəssisənin öhdəliyindədir. Hər bir müəssisə işçiləri əvvəl əməyin mühafizə qaydaları ilə tanış etməlidir. Zavod və fabriklər xüsusilə işçiləri hər dəfə iş başlamazdan öncə təlimatlandırmağa borcludur. Təhlükəsizlik üçün müxtəlif qurğular, təhlükəsizlik alətləri var ki, işin xüsusiyyətlərindən asılı olaraq, işçilər həmin əşyalarla təmin edilməlidir. Müvafiq müdafiə vasitələri olmalıdır”.

Müəssisələrdə əmək təhlükəsizliyinin təmin edilməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinə toxunan Ə. Nuriyev deyib ki, daimi şəkildə qurum nümayəndələri zavodlarda, fabriklərdə, tikinti şirkətlərində təhlükəsizlik qaydalarını yoxlamalıdır:

"Təəssüf, bu gün işə ötürənlər düşünür ki, onların vəzifəsi əmək müqaviləsi bağlanmaqla yekunlaşır. Çox yerlərdə əməyin təhlükəsizliyi üçün şərait yaradılmayıb. Digər tərəfdən ümumiyyətlə, əməyin təhlükəsizliyini təmin etmək üçün lazım olan vasitələr əksər müəssisələrdə yoxdur. Xüsusilə, son vaxtlar yoxlamaların da qarşısının alınması, icazə verilməməsi müəssisə rəhbərlərinin sui-istifadə hallarının artmasına şərait yaradır. Hesab edirəm ki, əsasən tikinti, enerji və s. tipli müəssisələrdə nəzarət gücləndirilməlidir. Hər bir hal ciddi araşdırılmalı, əməyin mühafizə qaydalarına əməl etməyən şəxslərə qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Bununla müəssisələr ehtiyatlanaraq işçilərin əmək təhlükəsizliyinin təmin edilməsinə çalışacaqlar”.

Ə. Nuriyev bəzi hallarda işçilərin də günahları olduğunu da vurğulayıb. Səhlənkarlıq, diqqətsizlik kimi hallar yaşanmasından danışan ekspert hesab edir ki, bununla belə əmək təhlükəsizliyi qaydalarına əməl olunan əksər müəssisələrdə qəza halları az olur:

"Düşünürəm ki, bədbəxt hadisələr daha çox baş verən, tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat kimi sahələrdə bu müəssisələrə qarşı sanksiyalar gücləndirilməlidir. Səbəblər araşdırılmalı və Dövlət Əmək Müfəttişliyinə bununla bağlı əlavə səlahiyyətlər verilməlidir”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş 1 istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb. Qurumdan bildirilib ki, həmin hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarında baş verdiyi müəyyən edilib.

Aysel Aslan