“Əksər yerlərdə heç işçilərlə əmək müqaviləsi də bağlanmır”
Buna səbəb isə nəzarətin düzgün aparılmamasıdır
Tikinti sektorunda təhlükəsizlik qaydalarına hələ də tam şəkildə əməl olunmaması burada hələ də bədbəxt hadisələrin yaşanması ilə müşayiət olunur. Elə bu günlərdə də Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb.
Sumqayıt şəhər Polis İdarəsindən verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ.Musayev hadisə yerində ölüb, M.Əliyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədov da problemi tikintiyə nəzarətin düzgün aparılmaması ilə əlaqələndirir. Onun sözlərinə görə, əksər yerlərdə heç işçilərlə əmək müqaviləsi də bağlanmır: "Bütün bu bədbəxt hadisələr tikinti yerlərində təhlükəsizlik qaydalarına əməl olunmamasından doğur. Qaydalara əməl edilməsinə nəzarət edən dövlət orqanı isə həmin sahələrdə effektiv nəzarəti həyata keçirə bilmir. Ona görə ki, tikinti şirkətləri onları bir çox hallarda heç tikinti sahəsinə buraxmırlar. Əslində, araşdırsaq, görərik ki, əksər hallarda həmin yerlərdə heç işçilərlə əmək müqaviləsi də imzalanmır. Bu, o
deməkdir ki, onların sığortası da yoxdur və bədbəxt hadisələrdən sığortalanmayıblar. Belə hallar bu gün həm Bakıda, həm də regionlarda özünü göstərir. Əgər bu gün şirkətlər nəzarətedici dövlət orqanlarını əraziyə buraxmırlarsa, onda müqavilə də bağlamayacaqlar, onu elektron formada da qeydiyyatdan keçirməyəcəklər.
Tikinti sahələri üzərində nəzarət edən orqan səlahiyyətlərini doğru şəkildə həyata keçirməlidir. Əgər bu orqan tikinti ərazilərinə getsə, yerlərə baxış imkanı olsa, görsə ki, tikintidə təhlükəsizlik qaydalarına əməl olunmur, onda ən azından şirkətə ya xəbərdarlıq edilər, ya cərimə yazılar, ya da ki, qüsurlar aradan qaldırılana qədər ərazidə tikinti dayandırılar. Bədbəxt hadisələr zamanı adətən sahibkarlar mərhumun ailəsinə başaldadıcı vəsait təklif edirlər. Sonra qalan aylarda heç bir ödəniş etmirlər. Əslində isə iş zamanı həyatını itirən şəxsin vərəsələri əmək qabiliyyəti olan yaşa çatana qədər hər ay müavinət almalıdırlar. Əgər işçinin sığortası yoxdursa, onun ailəsi də bu hüquqdan məhrum olur”.
Konstitusiya Araşdırmaları Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə yaşanan bu problemin həlli ilə bağlı təkliflərini bölüşüb: "Bu gün bədbəxt hadisələr ən çox tikinti sektorunda baş verir. Bunu həm əvvəlki illərdə olan statistika, həm də indiki statistika göstərir. Çünki tikinti sektoruna çox zaman qeyri-peşəkar insanlar gəlir. Hər şeyi tikinti şirkəti təsis edir. Lakin bu zaman proseslər heç də peşəkar səviyyədə baş vermir. Nə iş icraçısı, nə mühəndis işi peşəkarcasına bilir. Bu işdə birinci növbədə sahibkarların günahı var. Əksəriyyətində təhlükəsizlik qaydaları ilə bağlı müasir avadanlıqlar ümumiyyətlə yoxdur. Bakı şəhərində hardasa böyük tikintilərdə müəyyən dərəcədə bunlara təsadüf edilir. O da diqqət qarşısında olduğu üçündür. Amma rayonlarda ümumiyyətlə, yoxdur. Üçüncü tərəfdən, məsələ ondan ibarətdir ki, bu gün yerlərdə tikinti obyektlərinə fəhlə işləmək üçün üz tutanların sayı az deyil. Əksəriyyəti də ixtisassız insanlar olur. Onlar texniki təhlükəsizlik qaydaları haqda biliksiz olurlar. Eyni zamanda onları işə götürərkən də təhlükəsizlik qaydaları ilə bağlı kiçik təlimatlar həyata keçirilmir. Bəzən ümumiyyətlə, işəgötürən tərəfindən hər hansı müqavilə də imzalanmır. Aylarla əmək haqqının verilməməsi halları da yaşanır. Əgər əmək müqaviləsi imzalansa, işə götürənin məsuliyyət məsələsi üzə çıxar. Ona görə də bütün bunlara səbəb olan amillər aradan qaldırılmalıdır. Eyni zamanda burda vətəndaş cəmiyyətinin potensialından da istifadə edilməlidir. İctimai nəzarət funksiyası da həyata keçirilməlidir. Ölkənin əsas iqtisadi göstəricilərindən olan tikintinin yüksək sürətlə artması bu məsələni zəruri edir”.
Şəymən