Yüksək səs insanın sinir, ürək-damar, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır
Toylardakı səs-küyə biz də müharibə elan etməliyik
Həkimin paylaşdığı məlumat şadlıq sarayları dəhşətini bir daha xatırlatdı
Yüksək səs insanın sinir, ürək-damar, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır
Yüksək səs insanın sinir, ürək-damar, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır
«Tiflis meri şəhərin kafe-restoranlarındakı səs-küyə qarşı müharibə elan edib. Yəni bu müəssisələrdə səs sanitar normadan-55 desibeldən yüksək olmamalıdı». Bu məlumatı həkim-pediatr Vaqif Qarayev paylaşıb.
V.Qarayev əlavə edib ki, yüksək səs insanın sinir sistemində, ürək-damar sistemində, mədə-bağırsaq sistemində (yediyini zəhərə döndərir) ağır fəsadlar yaradır. Toylarda yaşlı insanların qəfil ölümünün bir səbəbi də budur! «Bizim toyxanalarda da 55 desibel məsələsi həll olunsaydı…» deyə gileylənən pediatr yüksək səs effektinin xüsusən uşaqlara hədsiz ziyanlı olmasına da diqqət çəkir.
Həkimin paylaşdığı məlumat şadlıq sarayları dəhşətini (buna problem demək olmaz – M.R.) bir daha xatırlatdı. Nə yazıq ki, bunca deyilməsinə, yazılmasına, mütəxəssislər tərəfindən ciddi xəbərdarlıqlar edilməsinə baxmayaraq, toy «divanı» davam etməkdədir. Təkcə toy dərdi (gör, nə günə qalmışıq ki, toya şadlıq, xoşbəxtliyin başlanğıcı kimi yox, dərd-bəla kimi baxırıq artıq – M.R.) olsaydı nə vardı ki!.. Yas məclislərimiz də dünyanın heç bir ölkəsində görünməyən, yalnız bizim həşəmətli xalqımıza aid özünəməxsusluqlarla keçirilməkdədir. 4 bir yanımızdakı ölkələrin, istər müsəlman olsun, istər qeyri-müsəlman, toy, yas məclislərində bizdə olan ənənələrə rast gəlmək mümkün deyil. Nə bir müsəlman, nə də xristian ölkəsində insanlar bizdən fərqli olaraq toy dəvətnaməsinə cəbhədən gələn «qara kağız»lar kimi yanaşmır. Yas məclislərində də ölüdən çox, aşı və aşpazı düşünmürlər. Belə işlər yalnız bizə aiddir. Rəhmətə gedən əzizinin kədərini, həsrətini, yanğısını çəkməyə vaxt tapmırsan, mütləq ehsan – yemək-içmək məsələlərinin həlli ilə məşğul olmalısan. Nə bilim... Bəlkə bizim böyüklər bu adətləri rus demiş, «naroşnu» belə eləyiblər ki, qız-gəlin ağlayıb özünü «öldürməsin», saçını yolub, üzünü cırmasın, başları bişir-düşürə, gəlib-gedəni yedizdirib-içizdirməyə qarışsın?! Bamsı Beyrək misali; a qızlar, sac üstü yuxadan, yağlı fətirdən nəyiniz var? Doyuzdurun məni qızlar…
«Toy əzab çəkmək yeridir»
Keçək mətləbə. Yas məclislərinə çəki-düzən vermək çətin iş kimi görünür. Bir çox amillərdən. Bəs şadlıq saraylarındakı səs normasını tənzimləmək də çətindir? Səhv etmiriksə, Metrologiya, Standartlaşdırma və Patent üzrə Dövlət Agentliyi hələ bir neçə il əvvəl şadlıq sarayları, restoranlarla bağlı standartları müəyyənləşdirib. Görəsən, orada səs norması ilə bağlı müddəa yoxdur?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Şərq»ə açıqlamasında bildirdi ki, sözügedən agentliyin təsdiqlədiyi qaydalarda şadlıq sarayları, restoranlar, əyləncə mərkəzləri ilə bağlı bütün normalar əksini tapıb. Lakin:
- Buna əhəmiyyət verən yoxdur. Milli Məclis çox yaxşı qanunlar qəbul edir. Amma nə dövlət qurumları, nə də sahibkarlıq subyektləri bunlara əməl edir. Heç bir dəfə şahidi olmusunuz ki, hansısa dövlət qurumundan şadlıq sarayına bir məmur gəlsin və səsin normada olmasını tələb etsin?! Bunu müşahidə edə bilməzsiniz. Şadlıq saraylarının fəaliyyətinə insanların xeyrinə səbəb olacaq müdaxilə edən yoxdur. Çünki dövlət qurumları vətəndaş cəmiyyəti ilə birgə çalışmır. Əhalinin davranışları da çoxsaylı və xoşməramlı qanun və qaydalarda əksini tapmır. Siqaret çəkilməsinin yasaqlanması qaydalarını götürək. Nə qədər deyilir, xəbərdarlıq edilir, insanlarımız yenə öz bildiklərini edirlər. Şadlıq sarayları ilə bağlı da eyni haldır. Şadlıq saraylarının iş prinsipi bundan ibarətdir; gəlinlə-bəyin gəlişindən tutmuş, gedişinə qədər hər şey ona hesablanıb ki, toya gələnlər tez rədd olub getsinlər. Şadlıq sarayının akustikası, səsgücləndiricilər, kondisionerlər, yeməklər, hər şey buna hesablanıb. Bizim toylar dincəlmək yeri deyil, məşəqqət çəkmək yeridir. İnsanlar toya sevinmək, danışıb-gülmək, istirahət üçün gəlmirlər. Əzab çəkmək üçün gəlirlər. Toy sahibinin də hüququ yoxdur ki, nəyəsə müdaxilə etsin. Nə qədər ki, dar düşüncəli valideynlərimiz var, şadlıq sarayı biabırçılığının qarşısını almaq mümkün olmayacaq. Valideynlər ancaq bunu düşünür ki, övladıma necə toy edim ki, səsi-sədası aləmə yayılsın, hamı bu toydan danışsın?! Bunun üçün ağla gəlməyən vasitələrə əl atırlar. Valideynlərin yeganə arzusu övladının toyunda oynamaqdı. Övladının Harvard Universitetinə daxil olmasını təbrik etmək, bu münasibətlə şadyanalıq təşkil etmək arzusu ilə yaşayan nə qədər valideyn tapa bilərsiniz? Odur ki, şadlıq sarayları insanları soymaqda, sahibkarlar maddi maraq güdməkdədir.
«Hər işdə bir ölçü olmalıdır»
Məsələyə münasibət bildirən sabiq millət vəkili, əslən Qarabağ bölgəsindən olan Həvva Məmmədova toy şənliklərinin adət-ənənələrimizə zidd şəkil aldığını təəssüflə qeyd etdi:
- Qarabağ bölgəsinin camaatı yaxşı bilir ki, bizim bölgədə necə toy məclisləri keçirilərdi. Böyüyün, kiçiyin yeri bilinərdi. Hörmətli, sevilən xanəndələr toya dəvət edilərdi, ev sahibi qonaqların rahatlığı üçün əlindən gələni əsirgəməzdi. Milli xörəklər bişirilərdi, bir çadırda qonaqlara yemək təqdim edilərdi, digər çadırda isə xanəndələr, aşıqlar əyləşərdi, gözəl ifaları ilə toyu rövnəqləndirərdilər. Qızlar, gəlinlər incə rəqs edərdi, kişilər də kişisayağı. Təəssüf ki, son zamanlar adət-ənənələrimiz unuduldu, toylarda yeni qayda-qanunlar tətbiq edilməyə başlandı. Guya ki, müasirləşirik, avropalaşırıq. Bu gün bizim toy məclislərində yaşananların nə müasirliklə bir bağlantısı var, nə də Avropayla. Sadəcə, öz gözəl adət-ənənələrimiz itir. Hələ mən israfçılıqdan, toy sabihinin çiynini necə ağır yükün altına verdiyindən danışmıram. Hər işin bir ölçüsü, əndazəsi var. Bizim toylarda artıq bütün ölçülər itib, əndazələr aşılıb. Hansısa toyda Azərbaycanın dövlət himninin səslənməsinə mən çox şad oluram. Çünki ailənin təməli möhkəm qoyulmalıdır. Amma bəzən görürsən ki, lazımsız improvizələr edilir, kiçik yaşlı uşaqlar rəqqasəlik edir, oğlanlar plov daşıyır, balaca qızlar gəlinin paltarının ətəyini tutur. Bunlar nəyə lazımdı?! Belə hərəkətlər toylarımıza yaraşmır, yersiz alınır və əks-effekt verir.
H.Məmmədova milli adət-ənənələrimizin qorunması zərurətini xüsusi vurğuladı:
- Dünya ölkələri Azərbaycanın milli adət-ənənələrinə, ailə möhkəmliyinə həsəd aparır. Qonşu dövlətlər bizim milli adət-ənənələrimizə sahiblənməyə cəhd etdikləri bir halda, biz kökümüzdən uzaqlaşmağa çalışırıq. Nə üçün biz gözəl adət-ənənələrimizdən imtina etməliyik?! Toylarda müxtəlif təbəqələrin insanları iştirak edir. Baxırsan ki, çoxu narazıdır, amma biri ağzını açıb bir söz demir, irad bildirmir. Belə fikir yaranır ki, demək, belə toy məclisləri bəyənilir. Əslində isə heç kim bəyənmir və əksəriyyət də narazı qalır. Hesab edirəm ki, adət-ənənələrimiz, xüsusən də toy, yas mərasimləri ilə bağlı geniş ictimai müzakirələr aparılmalıdır. Şadlıq evlərinə də təlimatlar verilməli, qayda-qanuna riayət etmələri tələb olunmalıdır. Şadlıq evlərinin rəhbərliyi adət-ənənələrimizin pozulmasına icazə verməməlidirlər. Amma görünür, şadlıq evləri yalnız gəlirlərini düşünür, hətta toy sahibi nəyəsə etiraz edəndə də öz daxili qaydalarına riayət olunmasında israr edirlər.
H.Məmmədova iştirak etdiyi toy məclislərində istirahət etmək əvəzinə, yorulduğunu dedi:
- İnsan toya gedir ki, yaxın qohumları ilə, dostları ilə, həmkarları ilə ünsiyyət qursun, istirahət etsin. Ancaq indiki toylarda bu əsla mümkün deyil. Bayağı mahnılar, səviyyəsiz müğənnilər, səs-küy… Həkim V.Qarayev çox doğru olaraq şadlıq evlərindəki səsin normanı aşmasına diqqət çəkib. O, peşəsinə uyğun olaraq, səsin insan səhhətinə ziyanından danışıb. Məni də ən çox narahat edən səsdi. Bir adamla danışa bilmirsən, ağız deyəni qulaq eşitmir. O qədər güclü səs effekti yaradırlar ki, adamın qulaqları tutulur, beyni ağırlaşır. Kondisionerlər də insanları xəstə salır. Toyda bircə onu fikirləşirsən ki, nə vaxt buranı tərk edib gedəcəksən. Dövlət orqanları bu məsələlərlə çox ciddi məşğul olmalıdır. Şadlıq saraylarına qayda-qanunlara riayət etmək tələbi qoyulmalıdır.
Məlahət Rzayeva