Trampı böyük təhlükə gözləyir

ABŞ Prezidentinin mediaya müharibə elan etməsi, onun kreslosunu laxladacaq





ABŞ Prezidenti Donald Tramp CNN telekanalını boykot etməyə çağırıb. Tramp Yeni il münasibəti ilə jurnalistlərin Ağ Evdə keçiriləcək qəbulunda iştirakdan imtina etdiyini açıqladıqdan sonra belə bəyanat verib. O bildirib ki, CNN-in yalan informasiyalarını heç kim izləməməlidir. Xatırladaq ki, Tramp hələ hakimiyyətə gəlməmişdən öncə media mənsubları ilə soyuq müharibədə idi. Prezidentlik dönəmində də bu soyuqluq yüksələn xətlə inkişaf etdi. Prezident seçiləndən sonra davranışlarını korrektə edəcəyi gözlənilsə də, bunun tamamilə əksi müşahidə edildi.
Tramp ilk mətbuat konfransında bütün ümidləri öldürdü. Sübut etdi ki, bu günə qədər media nümayəndələri ilə necə davranıbsa, bundan sonra da elə olacaq. O, yeganə ABŞ prezidentidir ki, bu ölkənin tarixində seçkilərin taleyini həll edən media nəhənglərinə qarşı açıq savaş açdı və həmin media qurumlarının arxasında dayanan transmilli korporasiyaları özünə qarşı çevirdi. Ekspertlərə görə, Tramp seçki kampaniyası dövründə onunla bağlı sərt, aqressiv, tənqidi yazılar yazan media nümayəndələrindən heyfini çıxır.

Lakin onun mətbuata qarşı sərt mövqeyi beləcə davam edərsə, Tramp "taxtını” itirə bilər. Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, Tramp siyasətdə bişmiş adam deyil. O, biznesmendir, iş adamıdır. Ona görə də siyasətə biznes kimi yanaşır: "Tarix boyu Amerika prezidentləri uzun tarixi mərhələlərdən keçərək bu posta yiyələniblər və daim siyasətin içində olublar. Ancaq Tramp ticarətçi təfəkküründən uzağa gedə bilmədiyindən media qurumlarına çox fərqli və sərt münasibət göstərir. Ağ Ev rəhbəri ictimai rəyin nədən ibarət olduğunu yetərincə anlaya bilmir. Trampın məhz mətbuata bu dərəcədə nifrət etməsi nəticə etibarı ilə rəy sorğularında onun əleyhinə işləyib. Sonuncu sorğuya görə, seçicilərin 51 faizindən çoxu növbəti seçkidə Trampa səs verməyəcəyini bəyan edib. ABŞ Prezidenti mediaya qarşı münasibətini daha çox büruzə verərsə, vaxtından əvvəl öz postundan getməsi reallaşa bilər. İstənilən halda Trampın istər siyasətdə, istər yerli auditoriyaya münasibətdə, istərsə də mətbuata yanaşmasında buraxdığı səhvlər onun yenidən prezident seçilmək şansını sıfıra endirir”.

İsmayıl