Prezident ABŞ-da mütləq hakimiyyət sayılmır, ona nəzarət edən sistemlər var
“Oturuşmuş siyasəti kökündən dəyişmək, NATO-ya münasibəti redaktə etmək Vaşinqtonun dövlət maraqlarına ziddir”
ABŞ-ın yeni Prezidenti Donald Trampın NATO və Avropa Birliyi haqqında səsləndirdiyi fikirlər qitə ölkələri tərəfindən narazılıqla qarşılanıb. Trampın "Avropa Birliyinə xarici məsləhətçilər lazımdır” açıqlamasını şərh edən Fransa Prezidenti Fransua Olland AB-yə məsləhətçi lazım olmadığını bildirib.
Fransa Prezidenti deyib ki, Avropa transatlantik əməkdaşlığı davam etdirməyə hazırdır. Lakin bu əməkdaşlıq maraqlar və dəyərlər üzərində inkişaf edəcək. Xatırladaq ki, Donald Tramp "Bild” və "Times” qəzetlərinə müsahibəsində Merkelin miqrantları qəbuletmə siyasətini fəlakət adlandırıb.
Böyük Britaniyanın AB-dən çıxışını təqdir edən Tramp miqrant axınının digər ölkələri də Birlikdən çıxmağa sövq edəcəyini bildirib. Həmçinin, NATO-nun problemlər yaşadığını, təşkilatın köhnəldiyini bəyan edib. Tramp vurğulayıb ki, Avropa ölkələri lazım olan məbləği ödəmir, Vaşinqton isə onları müdafiə etmək məcburiyyətində qalır. Trampın hərbi alyansla bağlı sözləri sərt qarşılanıb. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib ki, NATO rəhbərliyi Donald Trampın alyansın köhnəlməsi ilə bağlı bəyanatından narahatdır. O, bu bəyanatın ABŞ Müdafiə Nazirliyinə namizəd James Mattisin dediklərinə zidd olduğunu bildirib. Bir sıra ekspertlərin fikrincə, Trampın Avropa və NATO haqqında söylədikləri tərəflər arasında müəyyən gərginliyə səbəb ola bilər.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, ABŞ-ın prioritet qəbul etdiyi konkret daxili və xarici siyasət, təhlükəsizlik konsepsiyası var:
"Çox maraqlıdır ki, Donald Trampın seçki ərəfəsində və ondan sonra səsləndirdiyi ifadələr Amerikanın ənənəvi siyasətinə uyğun deyil. ABŞ-ın sonuncu konsepsiyasında Rusiya birinci rəqib hesab olunur. Ancaq Trampın dedikləri Moskvanın maraqları çərçivəsindədir. Tramp kimi Kreml də NATO-nun zəifləməsini, parçalanmasını istəyir. Bununla yanaşı, Rusiyanın və ABŞ-ın mövqeyini dəstəkləməyən digər ölkələrin Avropa Birliyinə qarşı münasibəti də eyniylə Trampınkı kimidir. Düşünmürəm ki, Trampın dedikləri reallaşacaq. Çünki ABŞ-da şəxslər önəmli deyil, Amerika dövlət olaraq mexanizmlər vasitəsi ilə idarə olunur.
Prezident ABŞ-da mütləq hakimiyyət sayılmır. Ona nəzarət edən sistemlər var, Konqres var. Oturuşmuş siyasəti kökündən dəyişmək, NATO-ya münasibəti redaktə etmək Vaşinqtonun dövlət maraqlarına ziddir. Avropa Birliyi ölkələri ABŞ-ın strateji müttəfiqidir və bu birliyin dağılması Amerika üçün zərərlidir”. Ekspertin sözlərinə görə, əgər Tramp bu tempdə davam edəcəksə, tezliklə qarşısında qanunverici orqanı, Konqresi görəcək: "Trampın siyasətinə, düşüncələrinə təkcə müxalif Demokratlar Partiyası deyil, eyni zamanda Respublikaçıların mühüm hissəsi də qarşıdır. Bütün bu addımlar Trampın prezidentliyini şübhə altına alan amillərdir. Hər halda bir az səbr etmək lazımdır. Ola bilsin ki, Trampın dedikləri elə onun dediyi sözlər kimi də qalsın, reallaşmasın”.
İsmayıl