Tural Abbaslı Əhməd Orucun cavabını verdi

“Qeydiyyat texniki məsələdir, seçicilər üçün maraqsızdır”
"Biz bloku seçkidə iştirak etmək, siyasi fəaliyyət göstərmək üçün yaratmışı"


"Vəziyyət dəyişməsə, parlament seçkisində cəmi bir siyasi blok iştirak edəcək”. Bunu 8 partiyanın təmsil olunduğu "Azadlıq-2015” blokunda yer alan Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Partiya sədri bildirib ki, bəzi şəxslərin yaratdıqları birliklər yanlış olaraq seçki bloku kimi təqdim olunur: "Ölkədə fəaliyyət göstərən partiyaların əksəriyyəti seçkidə iştirak edəcəklərini elan etsələr də, "Azadlıq-2015”dəki 8 partiyadan başqa bütün partiyalar seçkidə təkbaşına iştirak edirlər. ADP və Ümid Partiyasının təmsil olunduğu "Qarabağ” siyasi bloku da fəaliyyətini seçki bitənədək dayandırıb”. Ə.Orucun sözlərinə görə, bir neçə müsavatçı gəncin yenicə elan etdiyi "Ağ blok” yanlış olaraq mediada seçki bloku kimi təqdim edilir: "Bu cür təqdimatı edənlərin nəzərinə çatdırmaq istəyirəm ki, qanuna görə, seçki blokunu ancaq dövlət qeydiyyatından keçmiş siyasi partiyalar yarada bilər. Ayrı-ayrı fərdlərin, ictimai qurumların yaratdığı hansısa birlik seçki bloku ola bilməz. Bu, Seçki Məcəlləsinə ziddir. Təşkilat yaradıb adına blok sözünü əlavə etməklə cəmiyyətdə çaşqınlıq yaradırlar”. Partiya sədri tövsiyə edib ki, seçki ilə bağlı hansısa təşkilat yaradanlar zəhmət çəkib Seçki Məcəlləsini oxusunlar, siyasətdən azca anlayışları olsun, sonra o addımları atsınlar.

Əhməd Orucun iradları ilə bağlı "Şərq”ə açıqlama verən "Ağ blok”un təsisçisi Tural Abbaslı deyib ki, qeydiyyat texniki məsələdir və seçicilər üçün maraqsızdır: "Azərbaycan reallığını nəzərə almaq lazımdır. Özünü müxalifət elan edən 10 partiyadan ən azı 5-6-sının qeydiyyatı yoxdur. Onda biz də həmin partiyalara deyək ki, "siyasi mübarizəyə qatılmayın, seçkilərdə iştirak etməyin”. Nə vaxt Ədliyyə Nazirliyi sizi qeydiyyata alar, o zaman mübarizə apararsınız. Yaxud əksinə, indiyə kimi nazirlikdə 57 partiya qeydiyyatdan keçib. Bəs hanı o qədər partiya, niyə 9-10-u istisna olmaqla digərlərinin səsi çıxmır? Yəni qeydiyyatdan keçib-keçməməyin və seçki məcəlləsindəki hansısa müddəaya ilişib qalmağın siyasi mübarizəyə dəxli yoxdur. "Ağ blok”u yaradanlar və orada təmsil olunan gənclər qeydiyyatdan keçmiş müxtəlif partiyaların üzvləridir. Qeydiyyatdan keçib-keçməməyimiz başqa məsələdir. Biz bloku seçkidə iştirak etmək, siyasi fəaliyyət göstərmək üçün yaratmışıq. Bu halda bloku necə adlandıraq, ona nə ad verək?”.

T.Abbaslının sözlərinə görə, bu cür ifadələr lazımsızdır və diqqət çəkmək məqsədi ilə edilir: "Maraqlıdır, görəsən, Əhməd Oruc "Ağ blok”a niyə qısqanclıqla yanaşır?! O, "Azərbaycanda tək blok bizik” deməklə nəyə nail olmaq istəyir. Məgər insanlar səslərini ancaq bloklara verirlər? Mənasız sözlərin heç kimə xeyri yoxdur. Əslində Əhməd bəyin sözləri mənim üçün o qədər də maraqlı deyil. Sadəcə, siz soruşursuz deyə, münasibət bildirirəm”.

İsmayıl