Türk dünyasının ortaq Media Platformasını yenidən dirçəltmək çətin deyil - Özül var

Azər Həsrət: "Mütləq sıx əlaqələr qurulmalı, jurnalist şəbəkəsi fəaliyyət göstərməlidir"


Türk dünyasının media platformasını yenidən bərpa etmək təklif olunur. Bu barədə «Şərq»in qonağı olmuş Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz danışıb. Redaksiyamıza gələn Hamit Karadeniz türk dünyasının media platformasının qurulmasının vacibliyini vurğulayıb. Fikirlərini bildirib, baş redaktor Akif Aşırlı ilə fikir mübadiləsi aparıb. Görüş zamanı bir çox təkliflər səsləndirilib. 

H.Karadeniz yaxın müddətdə Platformanı təsis etmək üçün geniş konfransın keçiriləcəyi, çoxsaylı insanların iştirakı ilə panel təşkil olunacağı barədə məlumat verib. Baş redaktorumuz Akif Aşırlı bildirib ki, türkdilli respublikalar arasında bir zamanlar mövcud olmuş Media Platforması artıq fəaliyyətsizdir. Ona görə də Platformanın yenidən dirçəldilməsi olduqca vacibdir: 

"Media Platforması üçün ən vacib məqam əlaqələrin qurulmasıdır. Kitab formasında bir kataloq hazırlamaq olar. Məsələn, bilərik ki, Qazaxıstanda, Özbəkistanda, Qırğızıstanda fəaliyyət göstərən qəzetlərlə, internet saytlarla hansı formada əlaqə quraq, koordinasiyanı necə təşkil edək. Əlaqələri həm Türkiyə türkcəsində, həm beynəlxalq dil olaraq ingilis dilində, həm də rus dilində qurmaq lazımdır. Media Platforması fonunda Simpoziumun keçirilməsinə də ehtiyac var. 

Məsələn, Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı forumunu təşkil edə bilərik. Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspıralı türk dünyası arasında əlaqələrin qurulmasında çox mühüm işlər görüblər. Qaspıralı hərbi təhsil alıb və türk dilini yaymaq üçün "Tərcüman” qəzetini nəşr edərək, "dildə, fikirdə, işdə birlik” ideyasını ortaya atıb. Həm də ortaq türk dilini formalaşdırıb. Qaspıralı bu ideyanı Həsən bəy Zərdabidən alıb. Bu iki dahini ortaq bir platformada birləşdirmək, müzakirələr aparmaq vacibdir. Çünki bu iki şəxsin hər ikisi media adamıdır”.

Hamit Karadeniz: "Hesab edirəm ki, türkdilli ölkələrin ortaq saytını qurmaq lazımdır. Təkliflər var, artıq bunu reallaşdırmağın, həyata keçirməyin vaxtıdır. Ortaq saytda həm yazarlar köşə yazıları ilə çıxış edərlər, həm də ayrıca xəbər rubrikası olar. Məsələn, Azərbaycanda, Şamaxı şəhərində zəlzələ oldu. Bunu bütün türk dünyası bilməli, xəbər tutmalıdır. Ən əsası isə zaman-zaman ortaq yayım həyata keçirilməlidir. Fikrimcə, Media Platformasını dirçəltməkdən öncə geniş bir konfrans təşkil etməliyik. Türkiyə Prezidentinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri professor Fəxrəddin Altun da platforma üçün bizə öz dəstəyini verəcək”.

Media platformasının təşkili vacib məsələdir

Əməkdar jurnalist, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin yaradıcısı Azər Həsrət türk dünyasının ortaq media platformasını dirçəltməyin çox gözəl ideya olduğunu dedi. 

Qeyd edək ki, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi öz sıralarında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan jurnalist qurumlarını birləşdirir. Şəbəkənin fəaliyyəti geniş olub, Orta Asiya və Güney Qafqazda nəşr olunan qəzetlər, internet media ilə əlaqələr yaratmaq, ortaq layihələr həyata keçirməyi əhatə edir. Azər Həsrət adıçəkilən ölkələrə dəfələrlə səfərlər edib və oradakı medianın durumu ilə yaxından tanışdır. Türk dünyasının ortaq media platforması ilə bağlı məhz A.Həsrətə müraciətimiz bu səbəbdəndir.

«Şərq»ə açıqlamasında A.Həsrət türk dünyasının ortaq media platforması haqqında fikirlərini bildirdi:

- Türk dünyasının ortaq Media Platformasını yenidən dirçəltmək, əslində, çətin bir iş deyil. Ona görə ki, özül, zəmin artıq var. Bilirik ki, türk dünyasının Media Platforması yaranıb, mövcud olub, az-çox fəaliyyət göstərib. Lakin göründüyü kimi hazırda bu Platforma passiv haldadır. Platformanı aktivləşdirmək üçün də ilk növbədə dövlətin dəstəyi lazımdır. Həm Türkiyə dövlətinin, həm də Azərbaycan dövlətinin. Dövlət dəstəyi olarsa, çox rahat bir şəkildə Platformanı yenidən qurmaq, dirçəltmək mümkündür. Platformaya təbii ki, türk coğrafiyasındakı bütün dövlətlərin media quruluşları cəlb edilməlidir. Hətta türk coğrafiyasından kənarda fəaliyyət göstərən, lakin türk mediasını təmsil edən media quruluşları da bu Platformaya mütləq cəlb edilməlidir. Yəni Platformada yalnız türkdilli dövlətlər deyil, deyək ki, qeyri-türk dövlətlərində, lakin türk dünyası adına fəaliyyət göstərən media quruluşları iştirak etməlidir. O zaman Platforma daha geniş coğrafiyanı əhatə etmiş olacaq. Düzdür, türk dünyası özü onsuz da çox geniş coğrafiyanı əhatə edir. Amma biz yalnız özümüz deyib, özümüz eşitməməli, özümüz yazıb özümüzü oxumamalıyıq. Bu səhv yanaşmadan birdəfəlik əl çəkməliyik. Bizim yazdıqlarımız, dediklərimiz, paylaşdıqlarımız informasiyalar beynəlxalq aləmdə, daha geniş ərazilərdə, yəni, qeyri-türk və qeyri-müsəlman dövlətlərdə də oxunmalı, yayılmalı və müzakirələrə səbəb olmalıdır. Bunun üçün də yenə təkrarlayıram, dövlət dəstəyi mütləqdir. Bir müddət Türkiyə dövləti buna könül verdi, dəstək oldular. Sizə bir misal deyim. Türk dünyasının ortaq Media Platformasının toplantılarından biri Bakıda keçirilmişdi və məni o toplantıya dəvət etməmişdilər. Paradoksdur. Dedim axı, bu işlə az-çox məşğul olan varsa, biri də mənəm. Sizdən əvvəl, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsini mən yaratmışam, türk coğrafiyasındakı ölkələrdə mətbuatın, medianın durumunu öyrənmişəm, əlaqələr qurmuşuq, birgə layihələr həyata keçirmişik. İstər media əlaqələrinə dair, istər ümumtürk əlifbasına dair və sairə. Necə ola bilir ki, mən o toplantıya dəvət edilmirəm?! Deməli, ya bu işin fəlsəfəsini bilmirlər, ya da iş görməyə, birgə fəaliyyətə meyilli deyillər. İndi əgər Türkiyə səfirliyindən təşəbbüs olubsa, bu layihəyə «yaşıl işıq» yandırılırsa, dəstək də geniş olarsa, bu layihəni həyata keçirmək, Platformanı dirçəltmək əlbəttə, mümkün olar.

Ortaq informasiyalar işimizə yarıyacaq

Bəs, türk dünyasının ortaq Media Platformasından nə gözləyək və ya nələri gözləməliyik və hədəflərimiz nələr olmalıdır?

A.Həsrət qeyd etdi ki, əsas məsələ ortaq informasiya mübadiləsidir:

- Açığını deyim ki, bizim türk dünyası mediası ilə əlaqələrimiz zəifdir. Türk dünyası dedikdə, yalnız Türkiyə dövləti nəzərə gəlməməlidir. Bu, ümumi işin ziyanına olar. Türk dünyası çox geniş bir arealdır. Bunun Özbəkistanı var, Qazaxıstanı, Qırğızıstanı, Türkmənistanı var. Güney Azərbaycan var. Biz niyə Güneydə yaşayan 40 milyon soydaşımızı unuduruq?! Bilməliyik, öyrənməliyik ki, Azərbaycanın güneyində mətbuatın, medianın, internet mediası hansı durumdadır. Niyə biz güneyli jurnalist həmkarlarımızla, media quruluşları ilə əlaqələr yaratmayaq? Eləcə də, xarici ölkələrdə media quruluşlarında fəaliyyət göstərən türk həmkarlarımızla əlaqələrimiz qurulmalı və birgə fəaliyyətə meyl etməliyik. O zaman bizim ortaq informasiya siyasətimiz, bizə lazım olan, xeyrimizə olan informasiyaların yayılmasını da təmin edə biləcəyik. Deməli, türk dünyasının ortaq Media Platformasından gözləntimiz ilk növbədə ortaq informasiya mübadiləsidir. İkincisi, türk coğrafiyasına aid məsələlərin beynəlxalq aləmə çatdırılması, gündəmə gətirilməsi məsələsidir. Bunun üçün də mütləq sıx əlaqələr qurulmalı, jurnalist şəbəkəsi fəaliyyət göstərməlidir. Üçüncüsü, bizim ümumi problemlərin tanıdılması, çatdırılmasıdır. Çünki, məsələn, Azərbaycanın haqq davası bütün türk dünyasının ortaq problemi kimi qəbul olunmalıdır. Məsələn, Xocalı faciəsi, ermənilərin Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırım siyasəti bütün türk dünyasını məşğul edən və beynəlxalq aləmə hamı tərəfindən çatdırılması və Azərbaycanın haqq işinin müdafiə edilməsi vacib bir iş kimi qəbul edilməlidir. Eləcə də, qondarma erməni soyqırımı. Bu barədə təkcə Azərbaycan və ya Türkiyə mediası deyil, ümumtürk mediası səsini ucaltmalıdır. Tarixi günlərdə, əlamətdar hadisələr zamanı, unudulması yasaq olan faciələrimizin anım günlərində birgə layihələr həyata keçirilməli, görüşlər, media körpüləri təşkil edilməlidir. Ən əsası da bunlar barədə məlumatların dünya mediasına çıxışı təmin edilməlidir.

A.Həsrət özümüzü nə qədər yaxın hesab etsək də, türk dünyası jurnalistlərinin biri-birini yaxşı tanımadığını da bildirdi:

- Biz hələ biri-birimizi tanımırıq. Elə bilirik, tanıyırıq, amma yox, belə deyil. Mən özüm də şahidi olmuşam ki, Qarabağ problemi, Ermənistanın Azərbaycana hərbi təcavüzü, torpaqlarımızın işğalı, qaçqınlarımız, yurd-yuvasından didərgin düşmüş soydaşlarımız barədə türk dünyası jurnalistləri məlumatsızdırlar. Media quruluşlarında bu barədə məlumat ya ümumiyyətlə yoxdur, varsa da, çox az, bəzən hətta yanlış informasiyalardır. Ona görə də gərək əvvəlcə biri-birimizi tanıyaq, hansı problemlərlə üz-üzə olduğumuzu, hansı tarixi gerçəkliklərlə yaşadığımızı, siyasi-ictimai mühiti öyrənək. Belə olduğu təqdirdə, bəli, media platformaları da effekt verəcək, birgə layihələr də uğurlu alınacaq. O zaman aparılan müzakirələr də faydalı olar, fikir mübadilələri də daha aydın, sərrast olar. Nəticə də özünü çox gözlətməz.

Məlahət Rzayeva