Araz Əlizadə: “Əgər AKP seçkidə qalib olsaydı, Türkiyədə dindarların diktaturası yaranacaqdı”
"AKP ilə koalisiyaya girən hər hansı partiya öz üzərindən xətt çəkəcək. Əgər yenidən seçim olsa və seçkilər saxtalaşdırılmasa, AKP daha az səs toplayacaq”
Türkiyədə keçirilən parlament seçkiləri hakim partiyanın 13 illik iqtidarına son verdi. Seçkinin nəticələri AKP-yə təkbaşına hökumət qurmağa imkan vermədi və partiyaları müştərək, yaxud koalisiya hökuməti qurmağa vadar etdi. Odur ki, seçkidən sonra Türkiyə siyasi gündəmində müzakirə olunan əsas mövzu mümkün koalisiyalardır.
Səsvermənin sürpriz nəticəsi isə kürdlərin partiyası kimi tanınan, əslində bütün azlıqların təmsilçisi qismində çıxış edən HDP-nin 13 faizdən artıq səs toplayaraq, 80 millət vəkili ilə parlamentə düşməsi oldu. Prosesi dəyərləndirən bir çox ekspertlər AKP-nin tarixində ilk dəfə olaraq təkbaşına hökumət qura bilməməsini prezident Ərdoğanın siyasi məğlubiyyətinin başlanğıcı kimi qiymətləndirirlər. Siyasiləri daha çox düşündürən məsələ koalisiya hökumətinin hansı partiyalarla qurulacağıdır. Seçkilərin gözlənilməz nəticələri ilə bağlı "Şərq”ə müsahibə verən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, politoloq Araz Əlizadə deyib ki, əgər bu seçkilərdə AKP qalib gəlsəydi, Türkiyədə dövlət quruluşu dəyişəcək və başqanlıq üsul-idarəsinə keçiləcəkdi. Amma türk ictimaiyyəti buna icazə vermədi.
- Araz bəy, hakim partiyanın seçkilərdə 9 faiz səs itirməsinə səbəb olan amillər nədir?
- Ərdoğanın apardığı siyasət Türkiyəni yenidən XIX əsrin sonlarına qaytarmaq məqsədi daşıyırdı. Əgər AKP seçkidə qalib olsaydı, Türkiyədə dindarların diktaturası yaranacaqdı. Ancaq seçkilərin nəticəsi göstərdi ki, türk cəmiyyəti "dindarlar”ın həyasızlığından boğaza yığılıb. 13 illik hakimiyyəti müddətində AKP açıq şəkildə ordu, məhkəmə və polis sistemini dağıtdı. Demokratiya və xalqın rifahı adı ilə istədiyini həyata keçirdi. Məlumdur ki, bir çox müsəlman partiyalar hakimiyyətə gələndə əvvəlcə insan haqlarından, demokratiyadan danışırlar, sonra isə camaatı pis günə qoyurlar. Görünür, türk xalqı dözə bilmədiyi üçün hakim partiyanın təkbaşına iqtidar olmasını istəmədi.
- Sizcə, Türkiyədə koalisiya hökuməti qurulacaq, yoxsa yenidən seçki keçiriləcək?
- Əgər indiyə kimi AKP-ni sərt şəkildə tənqid edən partiyalar mövqelərini dəyişməsələr və öz seçicilərinə verdikləri sözə sadiq qalsalar, çox güman ki, erkən seçim olacaq. Təbii ki, MHP və CHP iqtidarda müəyyən vəzifə tutmaq naminə AKP ilə koalisiyaya da gedə bilərlər. Ancaq bu, bir növ bizim AXCP-nin hərəkətinə oxşayacaq. Necə ki, cəbhəçilər 1992-ci ildə seçkiləri gözləmədən dövlət çevrilişi etdilər və nəticədə bir il hakimiyyətdə qalıb məhv oldular. Türkiyədə də həmin vəziyyət yaşana bilər. Fikrimcə, AKP ilə koalisiyaya girən hər hansı partiya öz üzərindən xətt çəkəcək. Əgər yenidən seçim olsa və seçkilər saxtalaşdırılmasa, AKP daha az səs toplayacaq.
- Bəy, kürd partiyası HDP-nin parlamentdə 80 vəkillə təmsil olunmasını ciddi təhlükə hesab edirsiniz?
- HDP-nin parlamentdə təmsil olunması heç bir təhlükə yaratmır. Əvvəllər HDP ancaq kürd partiyası kimi təqdim olunurdu. Amma dərinliyə getsək görərik ki, həmin partiyaya səs verənlərin hamısı kürd deyil. Əslində Türkiyədəki kürdlər ölkə əhalisinin 18 faizini təşkil edir. HDP-nin topladığı səs isə cəmi 13 faiz idi. Deməli, bütün kürdlər onlara səs verməyib. Amma 13 faizin içində də hamısı kürd deyil. Türkiyədəki etnik azlıqlar AKP-nin yürütdüyü yanlış və dağıdıcı siyasətə etiraz olaraq HDP-yə səs veriblər. Yəni HDP parlamentdə sadəcə kürdləri təmsil etməyəcək.
- HDP-nin siyasi müstəviyə gəlməsi və məclisdə söz sahibi olması "kürd məsələsini” həll edəcəkmi?
- Yox, inanmıram. HDP-nin parlamentdə təmsil olunması kürd probleminin həllinə müsbət təsir göstərməyəcək. Birincisi, AKP ilə HDP arasında ciddi qarşıdurma var. İkincisi, terrorçu PKK ilə ən yaxın müttəfiq elə AKP-nin özüdür. Əgər onlar indiyə kimi heç nə edə bilməyibsə, yəqin ki, bundan sonra da vəziyyət dəyişməyəcək.
İsmayıl