Türk xalqı üzüağ çıxdı




İyul ayının 15-i Türkiyədə baş vermiş hərbi dövlət çevrilişinə cəhdin ildönümüdür. Düz bir il əvvəl terrorçu FETÖ üzvləri Silahlı Qüvvələrin içinə sızdırdıqları xain hərbiçilərlə birlikdə Türkiyə hakimiyyətini silah gücü ilə devirməyə cəhd göstərdilər.

Gecə saatlarında xain generalların əmri ilə havaya qaldırılan qırıcılar İstanbul və Ankarada bir sıra mühüm dövlət obyektlərini, polis və xüsusi xidmət orqanlarının binalarını, o cümlədən xalqın inam yeri olan Türkiyə Böyük Millət Məclisini bombaladılar. 

Terrorçu Fətullah Gülənin toruna düşmüş bir qrup hərbiçi "darbə”yə etiraz məqsədi ilə küçələrə çıxmış dinc sakinləri güllə atəşinə tutdular. Nəticədə 250 günahsız insan həyatını itirdi, 2000-dən çox vətəndaş yaralandı, yüzlərlə adam əlil qaldı. Qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd Azərbaycan, eləcə də dünya ictimaiyyəti tərəfindən demokratiyaya qəsd kimi qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyev hadisəni qəti şəkildə pislədi, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd adlandırdı. Eyni zamanda Azərbaycan xalqının türk qardaşlarının yanında olduğunu bəyan etdi. Dəhşətli iyul gecəsində bütün dünya dövlətlərinin diqqəti Türkiyədəki hadisələrə cəmləşdi.

 ABŞ, Avropa ölkələri, Rusiya, eləcə də islam dünyası hərbi çevriliş cəhdini qınadı, rəsmi Ankaraya dəstək ifadə etdi. Lakin qəhrəman türk xalqı təkbaşına bu ağır hərbi qarşıdurmanı aradan qaldıra, ölkə hakimiyyətini və demokratiyanı xilas edə bildi. Dövlət və xalqın birliyi ölkə tarixinə yeni bir şanlı səhifə yazdı. 15 iyul tarixindən sonra Türkiyənin həm siyasi, həm də ictimai tarixində yeni bir səhifə açıldı. Bu məqsədlə Türkiyənin hər bölgəsində dövlət nümayəndələrinin iştirakı ilə anım tədbirləri keçirilib. Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binali Yıldırım başda olmaqla bir çox yüksək rəsmilər çıxışlar ediblər. 15 iyul şəhidlərinin anım tədbirində çıxış edən Ərdoğan bundan sonra heç bir şeyin əvvəlki kimi olmayacağını deyib. 

Dövlət başçısı 15 iyul olaylarını Çanaqqala, Dumlupınar zəfərləri ilə eyniləşdirib: "O alçaqlar gecə hər şeyi ölçüb-biçdilər. Lakin Allahın qüdrətinin hər şeyin üstündə olduğunu dərk etmədilər. Tanka, gülləyə qarşı sipər olan türk milləti onların planlarını pozdu. FETÖ xəyanətini unutmayıb, unutdurmayacağıq”. Məlumat üçün bildirək ki, bir ildir, xain FETÖ-çülərə qarşı dövlət qurumları tərəfindən mübarizə aparılır. Ancaq buna rəğmən təhlükə hələ də qalmaqdadır. İddialara görə, silahlı qüvvələrdə, polisdə və digər güc strukturlarında gizlicə yerləşdirilmiş FETÖ mənsublarını tam təmizləmək mümkün olmayıb. Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhddən sonra bir il ərzində 50 mindən çox insan qiyamda iştirak etməkdə ittiham olunaraq həbs edilib. Onlardan 169-u general, 8 min 815 nəfəri təhlükəsizlik oqranlarının əməkdaşı, 24-ü qubernator, 73-ü isə qubernator müavinidir. 48 min 400 nəfər yaşadığı yeri tərk etməmək şərtilə azadlığa buraxılıb, 8 min nəfər isə hələ də axtarışdadır. Həbs edilənlər arasında hakim və prokurorlar da var.

15 iyul hadisəsinin birinci ildönümü ilə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, həmin olaydan sonra Türkiyənin gələcək inkişaf perspektivi üçün çox böyük imkan və şərait yarandı. Ekspertin sözlərinə görə, Prezident Ərdoğanın rəhbərliyi altında Türkiyə dövləti və xalqı hadisədən üzüağ çıxdı: 

"Məxfi şəkildə xüsusi xidmət orqanları tərəfindən Türkiyənin qan damarlarına sızdırılmış şəxslər ifşa olundu. Bu mərkəzə çox böyük zərbələr endirildi, on minlərlə insan həbs edildi, proses bu gün də davam etdirilir. Ancaq hələ Türkiyə idarəetmə sistemində, eləcə də xüsusi xidmət orqanlarında FETÖ-çülər qalmaqdadır. Onlar dövlət və xalq üçün təhlükə təşkil edirlər. Lakin əsas məsələ ondadır ki, bir il öncəsinə qədər Türkiyədə mövcud olan təhlükələr artıq mövcud deyil. O baxımdan Türkiyədə bundan sonra hansısa xarici qüvvələrin, yaxud daxildə bir qrup hərbiçinin dövlət çevrilişi etmək imkanı yoxdur. Çünki bir il ərzində türk toplumu şüur altında illərlə mümkün olmayan inkişaf prosesi keçdi. Xalq anladı ki, ölkə uzun müddət xarici güc mərkəzlərinin sifarişi ilə idarə olunub. 

Əminliklə söyləmək olar ki, bundan sonra türk ictimaiyyəti ölkədə hansısa çevrilişə imkan verməyəcək. Təbii ki, bunun üçün mütləq mənada millətin dövlətə və hakimiyyətə inamı olmalıdır”. Ekspert bildirib ki, ümumiyyətlə, ötən bir il müddətində Türkiyə dövlətinin önü açılıb: "Artıq Türkiyə qlobal güclər tərəfindən idarə olunan dövlət deyil. Qardaş ölkə regionda geosiyasi güc mərkəzinə çevrilib. Hazırda Türkiyə bölgədə baş verən bütün münaqişə və proseslərdə yaxından iştirak edir. Bu dövlət olmadan hansısa problemi həll etmək mümkün deyil”.

İsmayıl