Türkiyə ABŞ-a daha GÜLƏN deyil

Ankara Yeniqapı mitinqi ilə Qərbə Türkiyənin yumruq kimi birləşdiyini nümayiş etdirməyə çalışır15 iyul olaylarına Qərbin soyuq münasibəti uzun müddət davam edəcək bir gərginliklə müşahidə olunacaq
Bu ayın sonu ABŞ dövlət katibi Con Kerri və vitse-prezident Cozef Bayden Türkiyəyə səfər edəcək. Səfərin avqustun 21-də gerçəkləşəcəyi gözlənilir.
Xatırladaq ki, bundan öncə okeanın o tayından Türkiyəyə daha bir yüksək çinli ABŞ rəsmisinin səfəri reallaşıb. Ankaraya gələrək baş qərargah rəisi Hulusi Akarla görüşən və Məclisi ziyarət edən amerikalı general Cozef Dunford Türkiyənin Fətullah Gülənlə bağlı istəklərini Vaşinqton rəhbərliyinə çatdıracağını demişdi.
 
Məlumdur ki, rəsmi Ankara 15 iyul olaylarına görə, Vaşinqtona qəzəblidir və belə bir ittiham yağışı altında amerikalı rəsmilərin Türkiyə ziyarəti çox ciddi mətləblərdən xəbər verir. Çox güman ki, ABŞ NATO-dakı ən yaxın müttəfiqinin könlünü almaq üçün əlindən gələni əsirgəməyəcək. Bu səfərin Ərdoğanın Rusiyaya səfərindən əvvəl və ya sonra baş tutacağı onun əhəmiyyətinə təsir edəcək. İndiki şəraitdə Qərb-Türkiyə-Rusiya üçbucağında bir bazarlıq getdiyi göz qabağındadır. Qərb Türkiyəni itirmək istəmir, Moskva isə qazanmağa çalışır. Ekspertlərə görə, 15 iyul hadisələri Türkiyə-Qərb münasibətlərində uzun müddət davam edəcək bir gərginliyə səbəb olacaq. Çünki ortada ABŞ-ın yerinə yetirməkdə ciddi tərəddüd etdiyi bir tələb - Fətullah Gülənin təhvil verilməsi var. Bu səbəbdən AKP hökuməti Yeniqapı mitinqinə müxalifətin ən yüksək səviyyədə qatılmasını təmin etməklə Qərb qarşısında Türkiyənin yumruq kimi birləşdiyini nümayiş etdirməyə çalışır.
Kılıçdaroğlu da Ərdoğana "hə” dedi
Bazar günü Ərdoğanın təşəbbüsü ilə keçiriləcək Demokratiya və Şəhidlər mitinqinə müxalifət liderlərinin də qatılacağı dəqiqləşib. Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalıdan sonra Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu da mitinqə qatılacağını bəyan edib. Məlumat üçün bildirək ki, Kılıçdaroğlu ilk dəvət təklifində mitinqə qatılmayacağını, nümayəndə göndərəcəyini açıqlamışdı. Ancaq Baş nazir Binəli Yıldırımın ikinci dəvətindən sonra mitinqə qatılmağa razılıq verib.
Ərdoğandan sözçüsünə: "Baxçalıdan üzr istə!”
Prezident Ərdoğan sözçüsü Şərəf Malqoçu MHP lideri Dövlət Baxçalının ünvanına səsləndirdiyi fikirlərə görə tənbeh edib və partiya liderindən üzr istəməsini istəyib. Bundan sonra Malqoç Baxçalıdan və millətçilərdən üzr istəyib. Xatırladaq ki, Malqoç avqustun 7-də Yeniqapı meydanında baş tutacaq mitinq barədə danışarkən, "Dövlət Baxçalı üçün böyük bir fürsətdir. Ömründə görmədiyi bir kütləyə xitab edəcək” demişdi.
Saxlanılanlar arasında AKP-lilər də var
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sabiq deputatı, professor Aydın Bıyıklıoğlu həbs olunub. Fətullahçı terror təşkilatı ilə əlaqəsi olduğu iddia edilən Bıyıklıoğlu hərbi çevriliş cəhdindən sonra Ankara şəhərində saxlanılıb. O, hazırda Trabzon Polis İdarəsində terrorizmlə mübarizə şöbəsində dindirilir. Gülən camaatı ilə əlaqəsi olanlar da hakim partiyadan uzaqlaşdırılır. AKP-nin sədr müavini Həyati Yazıcının imzası ilə rayon təşkilatlarına xüsusi təlimat göndərilib. Təlimatda partiya təşkilatlarında və bələdiyyələrdəki Gülən camaatı üzvlərinin və ya onlarla əlaqəsi olanların kənarlaşdırılması tələb olunub.
Ərdoğan-Putin görüşü: - yol xəritəsi hazırlanır
Türkiyənin Moskvadakı səfiri Ümid Yardım Prezident Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında keçiriləcək görüş barədə məlumat verib. Səfir 9 avqustda baş tutacaq görüşdə ikili münasibətlərin qaydaya salınmasını nəzərdə tutan yol xəritəsi hazırlanacağını deyib: "Liderlər hazırkı bütün problemləri müzakirə edəcəklər. Öncə Ərdoğan və Putin təkbətək görüşəcək, sonra heyətlər arasında görüş olacaq”.
Fətullah Gülənin ekstradisiyası üçün istintaq gedir
"Washington Post” qəzeti yazır ki, Türkiyənin Fətullah Gülənin işi ilə bağlı göndərdiyi 85 qutu sübut ABŞ Ədliyyə Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılır. Araşdırmanın müsbət rəy alması halında cinayət işi federal prokurorluğa göndəriləcək: "77 yaşlı, səhhəti pozulmuş Gülən Pensilvaniyada yaşayır. Türkiyəyə görə çevrilişin beyni odur”. Türkiyənin Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a istintaq materialları göndərdiyi daha əvvəl də deyilmişdi. Vaşinqtona göndərilən 85 qutu materiallarda gülənçilərin ədliyyə, polis və ordunun qiyamçı hissəsi daxil türk cəmiyyətinin hər hissəsinə nüfuz etdiyi göstərilir və Gülənin çevrilişin arxasında olan beyin olduğu sübut edilir. "Washington Post”un xəbərinə görə, istintaq araşdırmasının digər məsələsi Gülən camaatının ABŞ Konqresindəki fəaliyyətidir. Qəzetə görə, 2007-ci ildən bu tərəfə Konqresdən Türkiyəyə səfər edən 289 heyət Gülən camaatının sponsorluğu ilə gəlib. Bundan başqa Gülən hərəkatına bağlı onlarla təşkilat siyasi kampaniyalara on minlərlə dollar ianə verib. İanə alan siyasətçilərin arasında Respublikaçılar Partiyasının əsas üzvlərindən biri Con Böhmer və Rik Perri, Demokratlardan prezidentliyə namizəd Hillari Klintonun da adı var.
"ABŞ Fətullah Güləni verməyi planlaşdırmır...”
"The Wall Street Journal” qəzetinin məlumatına görə, Vaşinqton Gülənin ekstradisiyası üçün Türkiyənin göndərdiyi sübutlarla qane olmayıb. Qəzet yazır ki, bu sahədə danışıqlar hələ bir neçə ay davam edəcək. Türkiyə Gülənin ekstradisiyasında israr etsə də, rəsmi Vaşinqton tələbi yerinə yetirməyə tələsmir.
Keçmiş hərbçilər Türkiyə Silahlı Qüvvələrinə qaytarılır
Haqsız şəkildə ordudan uzaqlaşdırılan hərbçilərin geri qaytarılması və ordudakı gizli FETO-çuların təsbit edilməsi məsələsi yenidən gözdən keçirilir. Məlumata görə, "vətənin əsl əsgərlərinin geri qaytarılması” adı altında aparılacaq prosesdə əvvəlcə pilotlar orduya gətiriləcək. Xatırladaq ki, gülənçilər tərəfindən ordudan uzaqlaşdırılan hərbçilər öz açıqlamalarında həmin zabitlərin onlara işgəncə verdiyini və müxtəlif bəhanələrlə ordudan xaric etdiyini bildirib.
Qərbin "darbəciləri” müdafiə etməsi rəsmi Ankaranı qıcıqlandırır
Qərbin Türkiyədəki hərbi çevriliş cəhdinə münasibəti barədə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, həqiqətən Avropa və ABŞ rəhbərləri çevriliş cəhdinə birmənalı yanaşmayıblar: "Ərdoğanın narazılığını anlamaq olar. Türkiyə Prezidentini qıcıqlandıran çevriliş cəhdinə və Gülən hərəkatına nümayiş etdirilən isti münasibətdir. Avropa ölkələrində, ABŞ-da Gülən məktəblərinə toxunulmur, onlara şərait yaradılır. Ankara nə qədər tələb etsə də, ABŞ Fətullah Güləni geri vermir. Əksinə, general çıxıb deyir ki, "bizimlə təmasda olan bütün hərbçiləri həbs ediblər”. Bu, əslində dolayısı ilə həmin çevrilişə cəhd edən generallara dəstək mənası daşıyır. Hərbi çevriliş cəhdinə Qərbdən birmənalı münasibət yoxdur. Bu da Ankaranın haqlı narazılığına səbəb olur”.
"Çevrilişə cəhd edənlər Qərbə bağlı qüvvələr idi”
Ekspertin fikrincə, Qərbin və bir sıra başqa dövlətlərin belə davranışının səbəbi Ərdoğan hakimiyyətini devirməkdir: "Misirdə general Sisi hərbi çevriliş etdi, çoxsaylı insanlar qətl edildi, Prezident Mursini tutdu və özü prezident oldu. Qərb dövlətləri Sisi hakimiyyəti ilə normal münasibətlər qurdular. Türkiyədə də hərbi çevriliş baş tutsaydı, Ərdoğan həbs olunsaydı, yaxud öldürülsəydi, hərbi çevrilişi həyata keçirib hakimiyyəti ələ keçirənlər Qərblə sıx münasibətlər quracaqdı. Rusiyadan isə uzaqlaşma xətti götürüləcəkdi. Çünki o qüvvələr əsasən Qərbə bağlı qüvvələrdir. Qərb dövlətləri hadisələrə elə yanaşır ki, sanki onlar hərbi çevrilişin baş verməsində maraqlı idilər. Barak Obama hərbi forma geyinmiş cinayətkarların insanları qətlə yetirməsinə, parlament binasını bombalamasına münasibət bildirmirsə, bu, istər-istəməz Türkiyə rəhbərliyini qıcıqlandırır. Artıq Türkiyədə Ərdoğana qatı müxalif olan partiyalar da hərbi çevriliş cəhdini pisləyir, bu işin arxasında Gülənin dayandığını qeyd edirlər.
İsmayıl