Cəsur Sümərinli: “Hər üç dövlətin hərbi əməkdaşlığının dərinləşməsi regionun tranzit mövqeyini daha da əhəmiyyətli edəcək”
Elxan Şahinoğlu: “Təlimlərin keçirilməsi həm də Rusiya-Ermənistan hərbi birliyinə bir mesaj xarakteri daşıyır”
Brüsseldə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli görüş keçirilib. Görüşdə ölkələr arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri və regionda strateji enerjidaşıyıcı infrastrukturun müdafiəsi üçün birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılıb.
Müdafiə nazirləri qeyd ediblər ki, üçtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə nazirləri səviyyəsində ilk dəfədir ki, üçtərəfli görüş keçirilir.
Adıçəkilən üç ölkənin birgə hərbi təlim planlaşdırmasına münasibət bildirən "Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi”nin rəhbəri, ekspert Cəsur Sümərinli hesab edir ki, hər üç dövlət iqtisadi, siyasi və hərbi baxımdan bir-birinə yaxındır və ümumi regional maraqlara malikdir: "Üç ölkənin birgə təlimlər keçirməsi, hərbi ittifaq şəklində fəaliyyəti olduqca əhəmiyyətli və zəruridir. Çünki hər il birgə quru, dəniz və hava qüvvələrinin hərbi təlimlərini keçirmək regional təhlükəsizliyə xidmət edəcək addım olar. Bu təlimlər dünyadakı və regiondakı çox ciddi təhdidlərin qarşısının alınmasında da mühüm rol oynayar. Belə birgə təlimlər davam etdirilərsə, gələcəkdə təlimlərə NATO-ya üzv olan digər dövlətlərin qoşulması da mümkündür”. Rusiyanın təhdidlərindən danışan hərbi ekspert deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyənin indiyədək vahid hərbi ittifaqda birləşməsi lazım idi: "Regional enerji maraqlarının təhlükəsizliyi baxımından hərbi təlimlər ölkələrin təbii seçimidir. Ola bilsin, bu təlimlər Rusiya və ya hansısa digər dövlətlər tərəfindən tənqidlə qarşılanacaq. Amma praktika göstərir ki, regionun təhlükəsizliyi üçün əməkdaşlıq labüddür. Son dövrlər baş verən hadisələr də göstərir ki, regional təhlükəsizliyin Rusiyanın təsiri altında olması münaqişələrin daha da alovlanmasına, gərginliyin artmasına səbəb olur. Ona görə də, bölgənin təhlükəsizlik arxitekturasının formalaşmasında yeni metodlar, qaydalar ortaya çıxmalıdır”. Ekspertin dediyinə görə, hər üç dövlətin hərbi əməkdaşlığının dərinləşməsi regionun tranzit mövqeyini daha da əhəmiyyətli edəcək: "Avropa İttifaqının Mərkəzi Asiyada maraqlarını nəzərə alsaq, NATO ölkələri bu birliyi sözsüz dəstəkləyəcək”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da hesab edir ki, üçtərəfli birgə təlimlərin keçirilməsi hər üç ölkə üçün böyük əhəmiyyət kəsb edir: "İlk növbədə bölgədə hərbi ittifaq yaranıb. Bu ittifaq da Azərbaycan, Türkiyə və Gürcüstan birliyindən keçir. Üçtərəfli münasibətlərdə dostluq inkişaf edir. Əgər iqtisadi-ticarət münasibətləri sıxdırsa, boru xətləri tikilirsə, nəqliyyat yolları, infrastruktur inkişaf edirsə, deməli, hərbi zəmində də əməkdaşlığı inkişaf etdirməyə ehtiyac var”.
Politoloqun sözlərinə görə, təlimlərin keçirilməsi həm də Rusiya-Ermənistan hərbi birliyinə bir mesaj xarakteri daşıyır: "Bu, bir növ Rusiya-Ermənistan hərbi birliyinə də qarşılıqlı bir mesajdır. Yəni tək bölgədə Rusiya-Ermənistan hərbi birliyi deyil, ona qarşı olan Gürcüstan-Türkiyə-Azərbaycan hərbi birliyi də yarana bilər. Çünki şübhə etmirəm ki, hərbi təlimlərin intensiv şəkildə keçirilməsi gələcəkdə üç dövlət arasında hərbi birliyin yaranmasına bir zəmin yaradacaq”.
İsmayıl