Ona görə həm ABŞ, həm də Rusiya Ankaranın hərəkətliliyini müsbət qarşılayır
"Həmsədrlər istənilən vaxt Ankaraya getməyə və rəsmi şəxslərlə görüşməyə hazırdırlar”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinə dair məsləhətləşmələr aparmaq üçün Minsk Qrupu ölkələrinin paytaxtlarında olublar:
"Biz Türkiyə rəsmiləri ilə fikir mübadiləsi aparmaq, həmçinin substantiv danışıqlarda irəliləyiş əldə etmək və zorakılıq risklərini azaltmaq üçün tədbirlər həyata keçirmək səylərimizə onların da dəstəyini cəlb etmək imkanını yüksək dəyərləndiririk”. Uorlik bəyan edib ki, həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə daim təmasdadırlar və tez-tez görüşürlər: "Görüşlə bağlı avqust ayı üçün xüsusi plan olmasa da, vasitəçilər tərəflərlə mütəmadi əlaqəni və sıx əməkdaşlığı davam etməyə çalışırlar: "Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkənin prezidenti yenidən görüşməyə hazır olduqlarını bəyan ediblər. Biz onları yenidən bir araya gətirmək imkanlarını araşdırırıq”. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yer almasına münasibət bildirən politoloq İlqar Vəlizadə "Şərq”ə deyib ki, qardaş ölkə rəhbərliyinin təşəbbüsü həm ABŞ, həm də Rusiya tərəfindən müsbət qarşılanır. Çünki Türkiyə siyasi və strateji baxımdan münaqişə tərəfinə, yəni Ermənistana təsir etmək imkanlarına malikdir: "Hamı bilir ki, Türkiyə Ermənistanla sərhədlərini birbaşa münaqişəyə görə bağlayıb. Sərhədlərin uzun müddət bağlı qalması Ermənistanı blokadaya salıb və iqtisadiyyatı bərbad günə qoyub. Həmsədr ölkələrlə yanaşı, düşmən tərəf də gözəl anlayır ki, münaqişənin həlli Türkiyə ilə sərhədlərin açılması və Ermənistan iqtisadiyyatının yüksəlməsi deməkdir. Bu mənada rəsmi Ankaranın məsələyə müdaxiləsi Qərb dövlətləri və Rusiya üçün kifayət qədər maraqlı, bir o qədər də vacibdir. Ancaq ermənilər hələlik Türkiyənin problemin həllində rol almasını istəmirlər və buna sərt şəkildə qarşı çıxırlar. Ona görə də Türkiyənin indiki formata tam surətdə qoşulması mümkün deyil. Lakin həmsədrlərin qardaş ölkə ilə məsləhətləşməsi göstərir ki, vasitəçilər vəziyyətin dəyişməsini istəyirlər. Əslində dəyişən dinamika ermənilərin xeyrinə deyil. Ümid edirik, ermənilər öz gələcəyini məhv etməyəcəklər və Türkiyənin prosesə cəlb edilməsinə razılıq verəcəklər. Hər halda getdikcə Türkiyənin prosesdə daha həlledici rol alacağının şahidi olacağıq”.
İsmayıl