"Ərdoğan müstəqil lider kimi asılı siyasət yeritməkdən və Qərbə bağlı qalmaqdan imtina etdi"
Türkiyədə hərbi çevriliş cəhdindən sonra ciddi olaylar yaşanır. Demokratiya mitinqlərinə son verilsə də, çevrilişə cəhd edən şəbəkə üzvlərinin ifşa edilərək həbs olunması prosesi davam etdirilir. Qısa müddət ərzində "paralel yapı”nın minlərlə nümayəndəsi məhkəməyə çıxarılaraq həbs olunub. Bununla yanaşı, Fətullahçılardan təmizlənən qurumlarda struktur dəyişikliyi həyata keçirilir. Türkiyə hökuməti daxili idarəetmə ilə bərabər xarici siyasət kursuna da redaktələr edir. Rəsmi Ankara Rusiya başda olmaqla bir sıra qonşu ölkələrlə münasibətləri normallaşdırmaq qərarına gəlib. Ekspertlərin fikrincə, Türkiyə hərbi çevriliş cəhdindən sonra siyasi oriyentasiyasını dəyişmək məcburiyyətində qalıb. Qardaş ölkənin yeritdiyi siyasətlə bağlı "Şərq”ə danışan politoloq Rasim Ağayev deyib ki, artıq qlobal aləmdə sadəcə Amerikanın "fironluq” etdiyi birqütblü dünya yoxdur: "Qərbin hökmranlığı sona çatıb. Türkiyə də anlayır ki, qloballaşan dünyada kimlərinsə göstərişi ilə oturub-durmaq inkişafa mane olur. Artıq müstəqil siyasət yeritmək lazımdır. İndiyə qədər ABŞ və NATO Türkiyənin Silahlı Qüvvələrindən, daha doğrusu, ordu içindəki müəyyən qruplardan öz məqsədləri üçün istifadə ediblər. Amerikada təhsil almış hərbiçilərdən faydalanıblar. 15 iyul hadisəsindən sonra Ərdoğan hökuməti Qərbin əlindəki bu vasitəni yox etdi”. Ekspert bildirib ki, NATO üzvü olan Türkiyənin tamamilə əks qütbdə dayanan Rusiya ilə siyasi, iqtisadi və mədəni əlaqələr qurması indiyə qədər görünməmiş hadisədir: "Mixail Qorbaçov Qərblə anlaşma imzalayarkən Varşava hərbi blokunu buraxdı, amma NATO alyansı qaldı. Əslində NATO-nun qalması dünya ölkələri üçün təhlükəli idi. Zaman keçdikcə bu təşkilat ABŞ-ın əlində siyasi oyuncağa çevrildi. Seçim qarşısında qalan Türkiyə Qərbin riyakarlığını anladı və Rusiya ilə yaxınlaşmağı seçdi. Ərdoğan müstəqil lider kimi asılı siyasət yeritməkdən və Qərbə bağlı qalmaqdan imtina etdi. 15 iyul hərbi çevriliş cəhdi əslində ABŞ-a qarşı barışmaz mövqe tutan Ərdoğanı devirmək planı idi. Amma Qərb buna nail ola bilmədi. Ümumi anlamda Türkiyənin Rusiya ilə sıx əməkdaşlıq etməsi onun gələcəyi üçün çox əhəmiyyətlidir. Türkiyənin daxilində də ciddi proseslər gedir. Amma baş verənlərin arxasında daha çox prinsipial məsələlər durur”.
İsmayıl