ABŞ xarici işlər naziri Reks Tillerson Türkiyə, İran və Rusiyanın Soçidə baş tutmuş görüşündən məmnun qalmayıb. "Wilson Center” adlı beyin mərkəzində çıxış edən Tillerson Türk-Amerika əlaqələrindən danışıb və mövcud vəziyyətdən gileylənib. Türkiyənin önəmli bir müttəfiq olduğuna işarə edən nazir bildirib ki, Ankara hökuməti NATO müttəfiqimiz olaraq ittifaqın birgə müdafiəsini önə çəkməlidir: "İran və Rusiya Qərb cəmiyyətlərinin verə biləcəyi iqtisadi və siyasi faydaları türk cəmiyyətinə təklif edə bilməz”.
Tillersonun iradlarını "Şərq”ə şərh edən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Türkiyə NATO-nun ən qabaqcıl üzvlərindən biridir və hərbi potensialı, şəxsi heyəti kifayət qədər yüksəkdir. Ekspertə görə, Türkiyə uzun illər ərzində Qərbyönlü siyasət aparıb, lakin əlaqələrin korlanması ABŞ-la bağlıdır:
"Reallıq odur ki, Amerika özü Türkiyə ilə münasibətini dəyişib. Xüsusən, 15 iyul hərbi çevrilişə cəhd zamanı Vaşinqtonun fəal surətdə hadisələrə müdaxilə etməsi, çevrilişdə əli olanların Amerikadan ekstradisiya edilməməsi, Suriyadakı terrorçu kürdlərə silah yardımı edilməsi Türkiyəni qıcıqlandıran əsas məqamlardır. Yaranmış vəziyyətdə Türkiyə Qərbdən üz döndərərək Rusiya ilə iqtisadi və hərbi əməkdaşlığa üstünlük verib.
Rəsmi Ankara hesab edir ki, indiki şəraitdə Rusiya ilə əməkdaşlıq daha çox fayda gətirə bilər. Lakin mən düşünürəm ki, bu, müvəqqəti taktiki gedişdir. Hər halda Türkiyə ilə Rusiya yaxınlaşması uzun müddət davam edə bilməz. Çünki hər iki ölkənin maraqları, xarici siyasət prioritetləri müxtəlifdir. Məncə, Türkiyə, İran və Rusiya üçlü formatı süni şəkildə formalaşmış bir alyansdır”.
İsmayıl