“Görünür, Prezident ikən 40 illik dava yoldaşlarımın təmsil olunduğu partiya ilə yaxından maraqlanmağım kimlərisə narahat edib”
Türkiyə sıxıntılar yaşayır
Ərdoğan Davudoğludan danışdı: “Bu işin uzanması zərər verə bilərdi”
“Görünür, Prezident ikən 40 illik dava yoldaşlarımın təmsil olunduğu partiya ilə yaxından maraqlanmağım kimlərisə narahat edib”
“Görünür, Prezident ikən 40 illik dava yoldaşlarımın təmsil olunduğu partiya ilə yaxından maraqlanmağım kimlərisə narahat edib”
"Partiya sədrliyinə namizəd çox olmayacaq. Bu ismin kimliyini Prezident Ərdoğan işarə edəcək. Qurultayda vahid namizədin olacağı şübhə doğurmur”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazir Əhməd Davudoğlunun istefasına növbəti dəfə münasibət bildirib. Ölkənin sıxıntılar yaşadığını etiraf edən Ərdoğan öz komandasına daha sıx birləşməyi məsləhət görüb:
"AKP qurultay qərarı aldı. Hörmətli Baş nazir namizəd olmayacağını açıqladı. Bu qərarın xeyirli olmasını diləyirəm. Uzun illər bir yerdə çalışdığım Davudoğluna xidmətlərindən dolayı şəxsim və millətim adından təşəkkür edirəm. Belə vəzifələr bir bayraq yarışıdır. Mən vəzifəni Abdullah Güldən almışam. Görünür, Prezident ikən 40 illik dava yoldaşlarımın təmsil olunduğu partiya ilə yaxından maraqlanmağım kimlərisə narahat edib. Amma bu işin uzanması zərər verə bilərdi. Biz hər zaman özümüzü yeniləyərək güclənən bir hərəkatıq. Bu da bir yenilənmədir”.
"Liderimiz Ərdoğandır, bəyənmirsənsə, gedə bilərsən”
Hakim AKP-nin idarə heyətinin üzvləri Davudoğluna "Liderimiz Ərdoğandır, bəyənmirsənsə, gedə bilərsən” deyiblər. Deyilənə görə, partiya sədrinin rayon təşkilatlarının sədr və sədr müavinlərini təyin etmək səlahiyyəti əlindən alındıqdan sonra Davudoğlu partiya daxilindəki yüksək vəzifəli şəxslərdən dəstək almağa çalışıb. Burada da istədiyi dəstəyi ala bilməyən Davudoğluna partiyadan getməsi "məsləhət görülüb”. Üzvlər Baş nazirə "Hamımız Ərdoğana bağlıyıq. Bu partiyada siyasət belə idarə olunur” söyləyiblər. İclas zamanı çıxış edən Davudoğlu "Mən bu partiyanın sədriyəm. Amma məndən xəbərsiz mənə qarşı belə bir addım atılır. Bu, doğru bir idarəetmə sistemi, yoldaşlığa uyğun bir addım deyil” deyib. Bu hadisədən sonra isə Davudoğlu partiyanın qurultayını keçirmək və vəzifədən getmək haqda qərar qəbul edib və Ərdoğanla görüşüb.
Davudoğlu bundan sonra nə işlə məşğul olacaq?
Qurultayda partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini açıqlayan Əhməd Davudoğlunun bundan sonra nə işlə məşğul olacağı müzakirə mövzusu idi. Baş nazirin bundan sonrakı fəaliyyətini şərh edən CNN şərhçisi Hande Firat deyib ki, Davudoğlu AKP millət vəkili kimi fəaliyyət göstərəcək. Onun sözlərinə görə, İstanbulda yaşayan Davudoğlu sadəcə parlamentin iclasları üçün Ankaraya gedəcək: "Davudoğlunun AKP-dən istefa verməsi gözlənilmir. Partiya sədrliyinə namizəd isə çox olmayacaq. Bu ismin kimliyini Prezident Ərdoğan işarə edəcək. Qurultayda vahid namizədin olacağı şübhə doğurmur”.
Davudoğlunu Konyada böyük izdihamla qarşılayıblar
Türkiyə Baş naziri Əhməd Davudoğlu özəl təyyarə ilə doğulduğu Konya şəhərinə gedib. Baş nazir yerliləri tərəfindən böyük izdihamla qarşılanıb. Mindiyi partiya avtobusundan vətəndaşları salamlayan Davudoğlu "Sağ olun, var olun, Allah birliyimizi, bərabərliyimizi daimi etsin”. Davudoğlunu Ankaradan Konya valisi Mehmet Kılıçlar və polis rəisi Mahmut Karaaslan yola salıb. Baş nazirlə birlikdə müavini Lütfi Elvan da Konyaya gedib.
"Hadi ordan...”
Cümhuriyyət Xalq Partiyasının keçmiş funksioneri Savcı Sayan Baş nazir Əhməd Davudoğlu üzərindən AKP-də qarşıdurma görüntüsü yaratmağa cəhd edən Kamal Kılıçdaroğluna sərt təpki göstərib. Savcı Sayan tvitterdə yazdığı statusunda "Davudoğlunu müdafiə etmək bizə düşdü” deyən Kılıçdaroğlunu "kaset çevrilişi” ilə partiya sədri olmaqda ittiham edib: "Kaset çevrilişi ilə gələn Kamal Kılıçdaroğlu, qardaşlar arasında növbə dəyişikliyi üzərindən AKP-yə əxlaq və demokratiya dərsi verməyə çalışır. Buna haqqı yoxdur”.
"Davudoğlu Ərdoğan qədər populyar siyasətçiyə çevrilmədi”
Politoloq Elxan Şahinoğlu vurğulayıb ki, Davudoğlu Baş nazir olduğu iki il ərzində daxili və xarici siyasətdə ciddi uğur qazana bilməyib: "Davudoğlunun "qonşularla sıfır problem” adlı konsepsiyası da işə yaramadı. Əksinə, Suriya və Rusiya ilə münasibətlər kəskin pisləşdi. Eyni zamanda Davudoğlu Ərdoğan qədər populyar siyasətçiyə çevrilmədi, inandırıcılıq qabiliyyəti də zəifdir. Davudoğlunun professor kimi nəzəri bilikləri bəlkə də Ərdoğandan güclüdür. Amma siyasət başqa sferadır. Burada nəzəri biliklər azlıq təşkil edir. Siyasətdə praktika və insanları inandırmaq qabiliyyəti önəmlidir. Görünür, bu xüsusiyyətləri az olduğundan Ərdoğan onun getməsinə qərar verib”.
"Ziddiyətlər səlahiyyət davasından qaynaqlanıb”
Politoloq Qabil Hüseynli isə bildirib ki, Davudoğlunun istefa qərarının verilməsinə səbəb Baş nazirlə Prezident arasında narazılığın yaranmasıdır: "Türkiyədə baş verən proseslər bu ölkədə demokratiyanın yetkinliyinə şübhə yaradır. Hesab edirəm ki, Baş nazirlə Prezident arasındakı ziddiyət yeni konstitusiyada prezident idarə üsuluna keçməklə bağlıdır. Parlamentin son iclasında bu məsələ müzakirə olunarkən dava düşdü. Bu, Türkiyəni nüfuzdan salan bir hadisə idi. Ərdoğanın istəyi Atatürkdən qalan siyasi sistemi dəyişərək, Baş naziri səlahiyyətsiz bir şəxsə çevirməkdir. Ziddiyətlər də bu səlahiyyətlər davasından qaynaqlana bilər”.
İsmayıl