Türkiyə Suriyada varlığını qoruyur

Vaşinqton anlaşmanın heç birinə əməl etmir, gərginlik isə artır






Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır. Ötən gün dumanlı havanı fürsət bilən 100 nəfər PYD və PKK terrorçusu Suriyada türk ordusunun mövqelərinə çiyində daşınan raket və qumbaraatanlarla hücum edib.

Terrorçular Afrinin şimal-qərb səmtində Hatayın qarşısındakı Mehmedli, Bilalko və Əl-Maski kəndləri arasındakı 1083 saylı təpəyə betondan hörülmüş tunellər vasitəsilə sızmağa çalışıblar. Qəfil hücum nəticəsində 8 türk əsgəri şəhid olub, 20 əsgər yaralanıb. Terrorçuların atəş nöqtələri aşkarlandıqdan sonra F-16-lar havaya qalxıb. Qırıcılar terrorçuların olduğu və qaçmağa çalışdığı nöqtələrə bomba yağdırıblar. Hava dəstəyi və yaralıların evakuasiyası üçün hadisə yerinə gələn ATAK vertolyotları da terrorçuları darmadağın edib. Bombardman nəticəsində 50-dən çox terrorçu məhv edilib və ələ keçirilmiş strateji yüksəklik tamamilə təmizlənib. Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin məlumatına görə, Afrində keçirilən "Zeytun budağı” əməliyyatında bugünədək 41 türk əsgəri şəhid olub. Lakin türk rəsmiləri əməliyyatın davam edəcəyi açıqlamasını veriblər. PKK-nın hücum zamanı işlətdiyi silahlardan göründüyü kimi terrorçu qüvvələr hələ də ABŞ və Qərb ölkələri tərəfindən silah-sursatla təmin olunurlar.

Suriyadakı prosesi dəyərləndirən politoloq Elxan Şahinoğlu xatırladıb ki, ABŞ dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyəyə gəldi və prezident Rəcəb Tayyib Ərdoğanla, o cümlədən türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdü. Görüşlərdə Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi:

"Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və "ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı yazmışdım. Heç nə dəyişmədi. ABŞ əvvəlki kimi PKK/PYD cütlüyünə dəstək verir. Pentaqon terrorçularla Suriyada mina təmizləmə təlimlərinin fotoşəkillərini paylaşır. Üstəlik də Vaşinqtondan açıqlama gəlir ki, "Türkiyə Suriyadakı atəşkəsə riayət etsin”. Ortaq mexanizmlər də söz olaraq qalmaqdadır. Beləcə, Ankara-Vaşinqton xəttində gərginlik davam edir. 

Bu arada, Fransa da "bölgədə mən də varam” deməyə çalışır. Paris də Suriyada atəşkəsin vacibliyindən danışır. Fransa prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edərək, dərdləşir. Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir. Almaniya isə ancaq köhnə qitənin problemləri ilə məşğuldur. Ona görə də çox uzaqlara getmək istəmir. Makron Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümid edə bilər. Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya maneə yaratmır. 

Türkiyəyə "hücumu dayandır” və ya "atəşkəsə riayət et” mesajları göndərmir. Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir”.

İsmayıl