"Müasir dünyada enerjiyə, nəqliyyat-kommunikasiyaya kim nəzarət edirsə, o da güc sahibidir”
Bunu "Sherg.az”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyib.
Politoloq bildirib ki, Azərbaycanın xaricə qoyduğu ən böyük sərmayələrdən biri iqtisadi olduğu qədər böyük siyasi əhəmiyyətə malik olan "Star” neft emalı zavodudur:
"Zavodun açılışında hər iki ölkənin prezidentləri mühüm mesajlar verdilər. Prezident İlham Əliyevin çıxışında ilk növbədə qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatmağımız vurğulandı. Onun bariz nümunəsi kimi 7 il əvvəl təməli qoyulan zavodun açılışı göstərildi. Dövlət başçısının bəyan etdiyi kimi bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var.
İki ölkə prezidentlərinin çıxışlarında belə layihələrin həyata keçməsinin əsas səbəbi kimi Türkiyə-Azərbaycan qardaşlığı göstərilir. Liderlərin qarşılıqlı səfərlərinin sayı da özlüyündə mühüm göstəricidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə çox böyük işlər görülməkdədir”.
Analitik bildirib ki, dövlət başçılarının çıxışında həm Türkiyənin, həm də Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etməsi, prezident Ərdoğanın liderliyi sayəsində Türkiyənin dünya miqyasında böyük gücə çevrilməsi diqqətə çatdırıldı:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə dünya miqyasında söz sahibinə çevrilib. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Ankaranın mövqeyi bir çox hallarda həlledici rol oynayır.
"Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq” deyən Prezident İlham Əliyev bununla bir daha Türkiyə və Azərbaycanın iki qardaş dövlət olaraq daima bir yerdə olacağını bildirdi. Ölkələrimizin iri layihələrdə birgə iştirakı nəinki ölkələrimiz və xalqlarımız üçün, ümumiyyətlə, bölgə və dünya üçün çox böyük önəm daşıyır.
Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bütün bunlar ölkələrimizin "yumşaq güc” vasitəsilə qloballaşma şəraitində regional dövlətlərə çevrilmə yolunda əzmkarlığını nümayiş etdirən amillərdir”.
İsmayıl