Türkiyə və Azərbaycan bölgədə təhlükəsizliyi möhkəmləndirir
Prezidentin qardaş ölkəyə səfəri və imzalanan sənədlər bunu bir daha sübut etdi
Türk dünyasının iki ən aparıcı ölkələrindən hesab edilən Azərbaycan və Türkiyə arasında münasibətlər artıq bölgədə proseslərin inkişaf istiqamətini müəyyən edən əsas faktorlardan sayılır. Bu baxımdan Prezident İlham Əliyevin Türkiyəyə səfəri xüsusi önəm daşıyır və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.
Tarixi köklərə bağlı olan bu münasibətlərin fonunda Türkiyə və Azərbaycan bu gün həm ikili, həm də çoxtərəfli münasibətlərdə əməkdaşlıq edir. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrdə Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir. Regionda reallaşdırılan bütün qlobal iqtisadi layihələrdə Türkiyənin iştirakı vacib hesab olunur. Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasına xidmət edən yeni marşrutlar buna əyani sübutdur. Bütün bu layihələrlə yanaşı, digər iqtisadi layihələrin reallaşdırılması, ələlxüsus Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması Azərbaycan-Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsinə misal ola bilər. Ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan və qlobal iqtisadi layihələr kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri əlaqələrin genişmiqyaslı olduğunu təsdiq edir. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Hazırda Azərbaycan və Türkiyənin biri-birilə münasibətlərinin möhkəmləndirilərək daha da genişləndirilməsi hər iki dövlətin xarici siyasətinin çox mühüm tərkib hissəsi sayılır. Hazırda tərəflərin iştirakı ilə Avrasiyanın enerji və nəqliyyat xəritəsi yenidən tərtib edilir və bu layihələr hər iki tərəfin gücünü artırır. Xüsusilə, vurğulamaq lazımdır ki, birgə həyata keçirilən təşəbbüslər sadəcə olaraq, iqtisadi məna daşımır. Təhlükəsizliyi, sabitliyi möhkəmləndirəcəyi nəzərə alınmaqla bunların çox böyük siyasi anlamı var. Ekspertlərin sözlərinə görə, Türkiyə və Azərbaycan arasında əldə olunmuş razılıqlar bütün regiona şamil oluna bilər. Çünki bu razılaşmaların nəticələri ümumi bölgəyə təsir edir. Qərarlar regionun iqtisadi inkişafına, təhlükəsizliyin qorunmasına təkan verir.
Millət vəkili Musa Quliyev deyib ki, hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Deputat vurğulayıb ki, Azərbaycan və Türkiyə həmişə biri-birinin yanındadır: "Hər iki ölkə qardaş və strateji partnyor ölkələrdir. Azərbaycan Prezidenti İlham Əliyevin orada həmkarı Rəcəb Tayyib Ərdoğanı seçkilərdən sonra Bakıya dəvət etməsi və Ərdoğanın da "birinci səfərimi Bakıya edəcəm” söyləməsi göstərdi ki, artıq bu münasibətlər ənənə halını alıb. Artıq neçənci dəfədir ki, Azərbaycan Prezidenti ilk səfərini Türkiyəyə edir. Bunun dünya üçün, eləcə də ölkə xalqları üçün çox böyük əhəmiyyəti var. Dövlət başçısı İlham Əliyev Türkiyə Prezidenti ilə görüşü zamanı çox ciddi mesajlar verdi. Bu mesajlar Dağlıq Qarabağla bağlı idi, Azərbaycanın həmişə Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olması ilə bağlı idi. Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında imzalanan bir sıra müqavilələr, sənədlər imzalandı. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, "bir millət, iki dövlətdir”. Bu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Millət vəkili Musa Qasımlı da bildirib ki, Prezident İlham Əliyevin Türkiyəyə səfərinin mənası çoxdur:
"Türkiyə bizim üçün qardaş ölkədir. Münasibətlərimizin dərin mədəni, etnik, dini və başqa kökləri var. İki ölkə arasında münasibətlərin böyük potensialı mövcuddur. Səfər xüsusən ticarət və hərb sənayesi sahəsində əməkdaşlıq üçün geniş imkanlar açacaq”. Milli Məclisin üzvü Tahir Süleymanov vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra daha da möhkəmlənəcək: "Prezident İlham Əliyevin Türkiyəyə səfəri və səfər zamanı keçirilən görüşlər iki ölkə arasında əməkdaşlıqda yeni bir mərhələ açacaq. İmzalanan sənədlər hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Türkiyə və Azərbaycan dünyada biri-birinə ən yaxın olan ölkələrdir. Bu ölkələr arasında əlaqələrin böyük tarixi var. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı dəstəkləyir və hər zaman ölkəmizin yanında olduqlarını açıq şəkildə ifadə edir”. Deputat əlavə edib ki, iki ölkə arasında münasibətlər bundan sonra daha da möhkəmlənəcək.
İsmayıl