Bu stansiya ölkənin enerjiyə tələbatını 10 faiz ödəyəcək
Aprelin 3-də Türkiyənin Mersin vilayətində Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya rəhbəri Vladimir Putin videokonfrans vasitəsilə təməlqoyma mərasimində iştirak ediblər. Ərdoğan bildirib ki, AES-in inşası Rusiya ilə enerji sahəsində əməkdaşlıq baxımından çox mühüm layihədir.
Prezidentin bildirdiyinə görə, layihənin ümumi dəyəri 20 milyard dollardır. Putin isə Akkuyu AES-in ilk enerji blokunun 2023-cü ildə istifadəyə verilməsinin nəzərdə tutulduğunu deyib. Xatırladaq ki, Türkiyədə ilk dəfə qurulacaq atom elektrik stansiyasının tikintisi ilə bağlı Moskva və Ankara arasında saziş 2010-cu ildə imzalanıb. Rusiyanın layihəsi əsasında tikiləcək bu atom elektrik stansiyasının Türkiyənin enerji tələbatının 17 faizini ödəyəcəyi gözlənilir. Lakin Akkuyu AES-in müharibə gedən Suriyadan 80 km aralıda yerləşməsi narahatlıq mövzusudur. Stansiya ilə bağlı ən vacib məsələ isə radioaktiv tullantıların yerləşdirilməsi ilə bağlıdır. Bu tullantıların mühafizəsi üçün xüsusi poliqon tikmək lazım gələcək. Şübhəsiz ki, bu poliqon turizm və istirahət zonalarının kənarında qurulmalıdır. Bunun üçün böyük bir ərazi satın alınmalı və əlavə xərclər çəkilməlidir. Rusiyanın bəzi alimləri AES-lərin Rusiya tərəfindən keyfiyyətli şəkildə qurulub istismara verilməsinə şübhə ilə yanaşırlar.
Ankarada isə layihəyə böyük ümidlə yanaşırlar. Çünki stansiyanın tikilməsi Rusiya qazının Türkiyə vasitəsilə dünya bazarına çıxarılması və rus turistlərinin ölkəyə axını deməkdir.
Mühüm layihə ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Sədrəddin Soltan deyib ki, Türkiyədə AES-in tikilməsi məsələsi 1955-ci ildə gündəmə gəlib. Ekspertin sözlərinə görə, bu istiqamətdə ilk konkret addım 2010-cu il mayın 12-də atılıb: "Akkuyu AES-in ilk reaktorunu 2023-cü ildə istismara verməyi planlaşdırırlar. Stansiyanın tikintisinin 20 milyard dollara başa gələcəyi gözlənilir. Bu maliyyə vəsaitinin hamısını Rusiyanın dövlət qurumları ödəyəcək. Hazırda dünyanın 31 dövlətində 192 Atom Elektrik Stansiyası fəaliyyət göstərir. 16 ölkədə isə 55 AES tikilir. Pakistan, Qazaxıstan və İrandan sonra Türkiyə AES-ə malik olacaq 4-cü müsəlman dövlətidir. Bu ideya hələ dünyanın ikiqütblü dövründə irəli sürülüb. Atom enerjisindən istifadə müasir elmin nailiyyətidir. Başqa sözlə, atom fizikasının inkişafının göstəricisidir. Belə bir texnologiyanın Türkiyədə mövcudluğu çox əhəmiyyətlidir. Türkiyədə AES-in tikintisinin şəffaf olacağı şübhəsizdir. Məsələn, İranda bu istiqamətdə fəaliyyət göstərilərkən bəzi qaranlıq məqamların olduğu bildirilirdi. Tehranın nüvə silahı hazırladığından da şübhələnirdilər. İranın keçirdiyi raket silahlarının sınağı, ölkə rəsmilərinin ritorik çıxışları da buna əsas verirdi. Əslində Tehran nüvə başlığı hazırlamağa çox yaxın idi. Beynəlxalq ictimaiyyətin səyi nəticəsində Tehran bu iddiadan uzaqlaşdırıldı”.
Analitik bildirib ki, Türkiyə neft-qaz idxalatçısıdır. AES ölkənin enerjiyə tələbatının 10 faizini ödəyəcək: "Bu, iqtisadi baxımdan ölkədə enerji daşıyıcılarının qiymətinin aşağı düşməsinə təsir göstərə bilər. Ölkənin enerji daşıyıcılarından idxal asılılığını azaldar. Başqa tərəfdən perspektivdə Türkiyədə atom fizikasının inkişafına da yardım göstərər. Layihə həm də bölgədə Türkiyənin əhəmiyyətini artıra, Ankara-Moskva yaxınlaşmasına müsbət təsir göstərə bilər. ABŞ, Çin, Fransa və Böyük Britaniyanın da perspektivdə Türkiyə ilə bu istiqamətdə əməkdaşlıq etməyə səy göstərəcəyi ehtimal edilir. Bu sahənin Türkiyədə inkişafını müsəlman və türk dünyasındakı müttəfiqləri üçün də önəmli saymaq olar”.
İsmayıl