Ekspertlər hesab edir ki, parlament təklifi mütləq dəstəkləyəcək
Türkiyədə qadınlar da hərbi xidmətə çağırıla bilər. Bu məsələ Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahın ölkədə hərbi xidmətlə bağlı üzərində çalışdığı islahatlar paketində yer alıb. Nazirlik bildirib ki, qadınların məcburi qaydada deyil, könüllü şəkildə hərbi xidmət keçməsi düşünülür. Hərbi xidmət müddəti kişilərə nisbətən daha qısa olacaq. Qadınlara yalnız təməl hərbi biliklər öyrədiləcək.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyədə qadınların hərbi xidmətə çağırılmasına dair islahatlar türk ordusunda çağırışçılara ehtiyac olduğunun göstəricisidir: "Ordu elə bir qurumdur ki, orada xüsusilə qadınlara ehtiyac duyulan xidmət sahələri var. Müdafiə Nazirliyinin elektron rabitə işlərində qadınların çalışması daha məqsədəuyğun hesab olunur. Eyni zamanda, ordunun kəşfiyyat bölümlərində qadın müstəntiqlərə və nəzarətçilərə böyük ehtiyac duyulur. Həmçinin ordunun nəzdindəki iaşə obyektlərində də qadınların olması müsbət haldır. Bu həm xidmətin, həm də keyfiyyətin yüksək olmasına xidmət edir. Tibb bacısı və kargüzarlıq sistemində də qadınlar olmalıdır”. Norveç və İsrail kimi ölkələrdə qadınların hərbi xidmət keçməsinin məcburi xarakter daşıdığını vurğulayan politoloq deyib ki, sözügedən ölkələrdə qadınlar da kişilər kimi ikiillik əsgər gedirlər: "Avstriya, Danimarka, Estoniya, Finlandiya, İsveçrə, Litva və Yunanıstanda isə qadınlar könüllü olaraq hərbi xidmətə çağrılır və seçdikləri sahələr üzrə yönləndirilirlər. Zənnimcə, Türkiyədə də qadınlar döyüş bölgələrinə yox, orduda yardımçı sahələrə cəlb olunacaqlar”. Q.Hüseynlinin sözlərinə görə, Türkiyə Böyük Millət Məclisi layihənin müzakirəsi zamanı müsbət qərar çıxaracaq: "Bu məsələ birmənalı olaraq, ölkənin milli təhlükəsizliyi və ordunun peşəkarlığının yüksəldilməsi ilə bağlıdır. TBMM tərəddüd etmədən bu təklifi dəstəkləyəcək. Çox sayda türk qadınlarının könüllü hərbi xidmət keçmək üçün müraciət edəcəyindən də əminəm. Orduda çalışan insanlara yüksək maaş verilir. Bu mənada deyə bilərəm ki, ali təhsili olmayan xanımların müraciəti daha çox olacaq. Vətənpərvərlik amillərini də mütləq nəzərə almaq lazımdır. Sadəcə vətənə xidmət etmək naminə bu orduya müraciət edən qadınlar da az olmayacaq”.
Şəymən