"Türkiyədə referendumun keçirilməsi zərurətə çevrilib" - DEPUTAT




"Hazırda Türkiyə dövlətində hakimiyyətin güclənməsinə heç vaxt olmadığı qədər ehtiyac var".

Bunu Sherg.az-a Türkiyədə keçiriləcək referendumun nəticələrindən danışarkən millət vəkili Elman Nəsirov deyib. 

Onun sözlərinə görə, Türkiyənin inkişafını istəməyən qüvvələr onu birbaşa hədəfə alıblar. Əsas məqsədləri isə hakimiyyəti silkələmək, xalq və hakimiyyət arasında gərginlik yaratmaqdır:

"Bununla hakimiyyəti dövlətin xarici təhlükəsizliyini təmin edə bilməməkdə ittiham etmə niyyətini sərgiləyirlər. Xalqın dili ilə deməyə çalışırlar ki, guya xalq hakimiyyəti onun təhlükəsizliyini təmin edə bilməməklə qınayır. Buna görə, Türkiyədə referendumun keçirilməsi zərurətə çevrilib. İndiki halda  şaquli hakimiyyətin güclənməsindən söhbət gedir ki, məhz prezidentin xüsusilə təhlükəsizlik sahəsində səlahiyyətlərinin daha da genişlənməsi istiqamətində müvafiq addımlar atılsın. Prezident hakimiyyətinin, eyni zamanda icra intizamının gücləndirilməsi məsələsi əsas gündəmdə dayanan məsələdir. 

Türkiyəyə müxtəlif istiqamətlərdən zərbələr endirilir, xüsusilə terror dalğası ölkəni sarsıdıb. Məsələdə maraqlı olan qüvvələr Türkiyəni İraqa, Suriya, Liviyaya və Əfqanıstana bənzətməyə çalışırlar. Elə ajiotaj yaratmaq istəyirlər ki, həmin ölkələrin adını çəkəndə hansı fikir yaranırsa, Türkiyə dedikdə də həmin fikirlər səslənsin. Ən çox da qardaş ölkənin turizm sahəsinə ölümcül zərbə endirib, iqtisadiyyatını iflic etmək istəyirlər. Bu səbəbdən, hazırda referendumun keçirilməsinə böyük ehtiyac var və türk xalqı da referendumda hakimiyyətin gücləndirilməsinə, təhlükəsizlik istiqamətində səlahiyyətlərinin genişləndirilməsinə və mövqelərinin möhkəmlənməsinə öz müsbət münasibətini göstərəcək”.


Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası konstitusiyada dəyişikliklər üzrə referendumun keçiriləcəyi tarixi açıqlayıb. Ümumxalq səsvermənin 26 mart-18 aprel tarixləri arasında keçirilməsi planlaşdırılır.

Ayyət Əhməd