Türkiyədə “sarı jiletlər” avantürası alınmayacaq

Buna baxmayaraq qardaş ölkə bu məsələdə ehtiyatı əldən verməməlidir



Fətullahçı terror təşkilatının Bursa şəhərində yerləşən mənzillərindən birində keçirilmiş əməliyyatlarda çoxlu sayda "sarı jilet” və saxta şəxsiyyət vəsiqələri ələ keçirilib. FETÖ-çülərin evindən jiletlərin tapılması Türkiyədə sabitliyin pozulması üçün növbəti təxribat planı kimi qiymətləndirilib. Xatırladaq ki, "sarı jilet” Fransada hakimiyyət əleyhinə davam edən nümayişlərin rəmzinə çevrilib. Ölkənin iri şəhərlərini əhatə edən nümayişlər "Sarı jiletlilər” hərəkatı adlanır.

Türkiyədəki təxribat cəhdləri ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Əhəd Məmmədli deyib ki, qardaş ölkə bu məsələdə ehtiyatı əldən verməməlidir. Onun sözlərinə görə, Türkiyəyə qarşı "Sarı jiletlilər” və ya "Gəzi parkı” olayı hər an təkrarlana bilər: 

"FETO, PKK və xarici qüvvələr Türkiyəni qarışdırmaq istəyirlər. Gələn ilin yanvar ayında Taksim meydanında mitinqlə bağlı bildirişlərin ölkə boyu paylanması açıq şəkildə edilən provakasiyadır. FETÖ şəbəkələri hələ də gizlində Türkiyədə fəaliyyət göstərirlər. Bütün bunlar aşkar edilib zərərsizləşdirilməlidir. MİT, DİN, hərbi kəşfiyyat imkan verməməlidilər ki, yenidən Türkiyədə "Gəzi olayları” təkrarlansın. 

Görünür, Türkiyə Yaxın Şərqdə terrorçuları zərərsiz hala gətirdikcə, bunu istəməyən qüvvələr ölkəni qarışdırmağa çalışırlar. Qətiyyən buna imkan vermək olmaz. Ümid edirəm, qardaş ölkədə "sarı jiletlər” avantürası alınmayacaq. Türkiyə xalqı müdrik xalqdır. Dövlət mənafeyini hər şeydən, hər kəsdən üstün tutan türk xalqı xainlərə ölkələrini qarışdırmağa imkan verməyəcək”.

Ekspertin sözlərinə görə, Türkiyənin regionda gücünün artması çoxlarını narahat edir: "Şərqi Fırat hərbi əməliyyatının keçirilməsini istəməyən qüvvələr var. Ona görə də Ərdoğanla Trampın Suriya ilə bağlı razılaşmasını pozmağa cəhd göstərirlər”.

İsmayıl