Türkiyədəki proseslər səbəb oldu

Ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının artması bununla bağlıdır
"Bir çox turistik operatorlar öz müştərilərini alternativ kimi bizə təklif eləməyə başladılar"



Viza rejiminin sadələşdirilməsi nəticəsində ərəb ölkələri üzrə Azərbaycana gələn turistlərin sayı kəskin artıb. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, Prezidentin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkələrin vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin təmin edilməsi mövcud turist axınına öz müsbət təsirini göstərib, adıçəkilən ölkələrin böyük əksəriyyətindən ölkəyə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.

İqtisadçı-ekspert Natiq Cəfərli bu artımı iki dəfə devalvasiyanın olması, manatın dəyərdən düşməsi və bu prosesin valyuta ilə gələn turistlər üçün əlverişli olduğunu söyləyib. Onun sözlərinə görə, kəskin artımın olması, həm də Türkiyə ilə bağlıdır: "Türkiyədə gedən ciddi proseslər, terror aktlar və dövlət çevrilişinə cəhd orada qeyri-stabil vəziyyətin yaranmasına səbəb oldu. Bir çox turistik operatorlar öz müştərilərini alternativ kimi bizə təklif eləməyə başladılar və bu da ərəb ölkələrindən gələn turist artımının əsas səbəbidir”. Vəziyyəti dəyərləndirən ekspert deyib ki, Azərbaycana gələn Avropa turistlərini daha çox ölkəmizin tarixi-mədəni abidələri maraqlandırırsa, ərəb turistlərinin xüsusiyyətləri fərqlidir: "Onlar daha çox dincəlməyi, yeməyi, içməyi, bahalı otellerdə qalmağı, təbiət qoynunda olmağı sevirlər. Bu nöqteyi-nəzərdən də ölkəmiz onlar üçün əlverişlidir. Turizmlə məşğul olan şirkətlərimiz daha da cəlbedici və maraqlı təkliflər hazırlamalıdırlar. Yalnız təbii artıma ümid eləməli deyillər. Türkiyədə vəziyyət düzəldikdən sonra turistlərin bir qisminin yenidən oraya üz tutması ehtimal olunur. Hər gələn turist az da olsa bizim iqtisadiyyatımıza xeyir verir. Bu həm də politik bir məsələdir”.

Yeganə