“Silahlı qüvvələrdə, kəşfiyyat qurumlarında və xüsusi-mühafizə orqanlarında həyata keçirilən tədbirlər normal qarşılanmalıdır”
“Türkiyənin indiki formada qalmasını biz də istəyirik”
Asim Mollazadə: “Hökumət tərəfindən atılan addımlar qətiyyən ordunun zəifləməsinə xidmət etmir”
“Silahlı qüvvələrdə, kəşfiyyat qurumlarında və xüsusi-mühafizə orqanlarında həyata keçirilən tədbirlər normal qarşılanmalıdır”
“Silahlı qüvvələrdə, kəşfiyyat qurumlarında və xüsusi-mühafizə orqanlarında həyata keçirilən tədbirlər normal qarşılanmalıdır”
Türkiyədə 15 iyul tarixində baş vermiş hərbi çevriliş cəhdindən sonra ciddi islahatlara və struktur dəyişikliyinə start verilib. Demək olar ki, bütün dövlət qurumlarında çevriliş cəhdində ittiham olunan "paralel yapı” adlı şəbəkə üzvlərinin təmizlənmə prosesi gedir. Ən sərt və köklü islahatlar isə Türkiyə Silahlı Qüvvələrində həyata keçirilir.
Məqsəd hərbi strukturlarda ciddi dəyişikliyə nail olmaqla ordunu Fətullah Gülən tərəfdarlarından təmizləmək və yüksək rütbəli komandanları ölkənin sivil rəhbərliyinə tabe etdirməkdir. Ona görə də Türkiyə ordusu Baş Qərargahının səlahiyyətləri azaldılıb və Silahlı Qüvvələr birbaşa Müdafiə Nazirliyinin tərkibinə daxil edilib. Bundan sonra Quru, Dəniz və Hava qüvvələrinin komandanları Prezident və Baş nazirin əmrlərini yerinə yetirəcək. Digər bir qərara əsasən Gülhanə Hərbi Tibb Akademiyası və hərbi xəstəxanalar Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib. Ən diqqət çəkən məqam isə Türkiyədə bütün hərbi təhsil müəssisələrinin bağlanmasıdır. Türkiyə rəhbəri bildirib ki, bütün hərbi təhsil müəssisələrinin əvəzinə vahid Milli Müdafiə Universiteti yaradılacaq. Bu universitetin nəzdində hərbi akademiyalar fəaliyyət göstərəcək. Dövlət başçısının toxunduğu ciddi məsələlərdən biri də kəşfiyyat orqanlarının yarıtmaz fəaliyyətidir. Ərdoğan istihbarat təşkilatının yenidən qurulması tapşırığını verib. Türkiyədə həyata keçirilən islahatlar müəyyən narazılıqlara səbəb olsa da, əksəriyyət atılan addımların zəruri və qaçılmaz olduğu qənaətindədir. Qardaş ölkədəki proseslərlə bağlı "Şərq”ə danışan millət vəkili, Demokratik İslahatlar Partiyasının rəhbəri Asim Mollazadə hesab edir ki, indiki məqamda AKP hökuməti tərəfindən atılan addımlar, verilən qərarlar güclü və demokratik Türkiyənin inkişafına xidmət edir...
- Türkiyədə hərbi çevriliş cəhdindən sonra hökumətin həyata keçirdiyi tədbirləri necə dəyərləndirirsiz?
- Sivil və güclü Türkiyə hamı üçün, xüsusən Azərbaycan üçün çox lazımlıdır. Türkiyə ilə bir neçə istiqamətlərdə ortaq dəyərlərimiz, yaxın əlaqələrimiz, tarixi bağımız var. Siyasi, iqtisadi və mədəni sahələrdə ən sıx münasibət qurduğumuz ölkə məhz demokratik Türkiyə Cümhuriyyətidir. Bu məqsədlə Türkiyə dövlətinin indiki formada qalmasını, sivil ölkə olmasını hər kəs kimi biz də dəstəkləyirik.
- Hərbi sahədə də mühüm islahatlar aparılır. Sizcə, baş verən dəyişikliklər ordunun fəaliyyətinə necə təsir edəcək?
- Türkiyə Silahlı Qüvvələri hər zaman ölkənin şərəf və qürur yeri olub. Hökumət tərəfindən atılan addımlar qətiyyən ordunun zəifləməsinə xidmət etmir. Əksinə, ordu içindən təhlükəli qüvvələrin çıxarılmasına gətirib çıxarır ki, bu da silahlı qüvvələrin dövlətə və millətə bağlanması anlamına gəlir. Bu məqsədlə Türkiyənin hərbi strukturlarında müəyyən dəyişiklik edilməsini dəstəkləyirik. Birmənalı şəkildə hesab edirik ki, hərbi strukturda nəzərdə tutulan tənzimləmələr türk ordusunun daha da qüdrətlənməsinə səbəb olacaq. Türkiyə Ordusu NATO-nun və Avropanın ən güclü qoşunları sırasındadır və bundan sonra da belə olacaq.
- İddia edilir ki, əgər Türkiyənin kəşfiyyat orqanları çevriliş planından vaxtında xəbər tutsaydı, hadisələrin önünü almaq olardı. Bu barədə sizin fikriniz nədir?
- Əgər ölkə rəhbərliyi kəşfiyyat sistemində problem olduğunu deyirsə, deməli, ortada ciddi faktlar var. Ona görə də təhlükəsizlik orqanının yenidən qurulmasının tərəfdarıyam. Çünki istənilən təxribat barəsində əvvəlcədən məlumat əldə etmək dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan silahlı qüvvələrdə, kəşfiyyat qurumlarında və xüsusi-mühafizə orqanlarında həyata keçirilən tədbirlər normal qarşılanmalıdır. Prosesləri başqa istiqamətə yozmaq düzgün deyil. Görülən bütün işlər böyük Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin daha da güclənməsinə və inkişaf etməsinə hesablanıb. Xatırladım ki, Azərbaycan Xalq Cümhuriyyətindən sonra Şərq dünyasında qurulan ikinci böyük türk-müsəlman dövləti məhz qardaş Türkiyədir. Demokratik və sivil Türkiyə dövləti bizim maraqlarımıza daha çox uyğun gəlir.
- Türkiyə ictimaiyyəti və müxalifyönlü siyasi partiyalar çevriliş cəhdindən sonra atılan addımları dəstəkləyir, hökuməti müdafiə edirlər. Sizcə, hakimiyyətin bu qədər dəstək görməsinin əsas səbəbi nədir?
- Əslində bu, çox təbii qarşılanmalıdır. Çünki demokratik ölkələrdə xalq tərəfindən seçilən bütün hökumətlər özlərinə kifayət qədər siyasi və sosial dəstək qazana bilirlər. Bunun da əsas səbəbi odur ki, sivil yolla hakimiyyətə yiyələnən hökumət xalqın mənafeyinə və rifahına uyğun hərəkət edir, demokratik prinsiplərə üstünlük verir. Hökumət bu istiqamətdə qaldığı müddətcə, xalqın dəstəyini alacaq.
İsmayıl