Terrorla mübarizə çox həssas məsələdir
Ekspert Türkiyənin İŞİD, PKK və digər terrorçu güclərlə apardığı mübarizəni doğru hesab edir
Ötən şənbə Türkiyədə daha bir terror aktı törədildi. Məlum oldu ki, Qaziantepdə 54 nəfərin ölümünə səbəb olan terror aktını 12-14 yaşlarında yeniyetmə "kamikadze” törədib. Ekspertlərə görə, terrorun ələvi, sünni, türk, kürd, türkmən, ərəb, zazaların birgə yaşadığı məhəllədə törədilməsi hücum aktının əsas hədəfinin Türkiyədə daxili gərginliyi artırmaq, etnik və dini zəmində qarşıdurma yaratmaq olub.
Prezident Ərdoğan da bildirib ki, bu terror aktlarının əsas məqsədi ölkəni bölüb parçalamaq, xalq arasında düşmənçilik və nifrət yaratmaqdır. Hazırda Türkiyə dövləti ölkə daxilində FETÖ təşkilatlanması ilə mübarizə aparır. Əslində 3 ayrı terror təşkilatına qarşı mübarizə, üstəlik, dövlət orqanları içərisində aparılan təmizlənmə hökumətin terrora qarşı güclü mübarizə aparmasını əngəlləyir. Ancaq buna baxmayaraq, Türkiyə ölkə xaricində geniş miqyaslı əməliyyat həyata keçirməklə regionda terrorun kökünü kəsməkdə qərarlıdır. Hərbi əməliyyatlara başlamaqda məqsəd həm də terrora verilən psixoloji və maddi dəstəyin qarşısını almaqdır. Verilən açıqlamalara görə, ilk hədəf Cerablus şəhəri seçilib. Cerablus Suriyanın Türkiyə ilə sərhədi yaxınlığında yerləşən və İŞİD-in sərhəddə olan sonuncu məntəqəsidir. Bu ərazinin terrordan təmizlənməsi Türkiyə sərhədlərində İŞİD-in varlığını aradan qaldırmaqla yanaşı, kürd qüvvələrinin Türkiyə-Suriya sərhədində ələ keçirdiyi zolağı da parçalayır. Çünki kürd-PYD qruplaşması Türkiyə-Suriya sərhədlərini ABŞ koalisiyasının dəstəyi ilə son bir neçə aydır İŞİD-dən təmizləyir. Sərhədlərin PYD-nin əlinə keçməsi Türkiyə üçün ağır zərbə hesab olunur. Çünki PYD Türkiyənin bölünməsi və kürd dövlətinin yaradılması tələbi ilə çıxış edən PKK-nın Suriya qoludur. Əgər PYD Suriya ilə sərhədi ələ keçirsə, Türkiyənin daxilində PKK daha da fəallaşacaq. Məhz bu səbəbdən Türkiyə üçün hücuma keçmək çox mühümdür. Üstəlik, daha əvvəl Rusiya ilə münaqişə səbəbindən rusların Laziqiyyə şəhərində yerləşdirdikləri "S-400” hava hücumundan müdafiə qurğuları Türkiyənin Suriya ərazisində hava əməliyyatı həyata keçirməsini əngəlləyirdi. Ancaq Rusiya ilə barışıqdan sonra bu maneə aradan qalxıb. Məsələylə bağlı "Şərq”ə açıqlama verən politoloq Sülhəddin Əkbər deyib ki, Türkiyə dövləti ABŞ və Avropa ölkələri ilə terrorla mübarizə məsələsini dəfələrlə müzakirə edib: "Bu günlərdə ABŞ ordusunun hava qüvvələrinin komandanı Türkiyədə oldu. Onun ardınca Avropa qoşunlarının başçısı Ankaraya səfər etdi. Rəsmi Ankara İŞİD və PKK ilə savaşı Qərbin xeyir-duası ilə həyata keçirir. NATO onsuz da Suriya və İraqda İŞİD-ə qarşı havadan hücumlar edir. Təbii ki, bununla yanaşı, Türkiyə tərəfi Suriya və İraqda başlayacağı hərbi əməliyyatlara görə Rusiya və İranla danışıqlar aparır. Əslində, Türkiyə terrorla bağlı ikitərəfli müzakirələrə üstünlük verir. Çünki Yaxın Şərq regionunda münasibətlər çox qarışıqdı. Bu səbəbdən Türkiyə hər tərəflə dil tapmaq məcburiyyətindədir”. Ekspert Türkiyənin İŞİD, PKK və digər terrorçu güclərlə apardığı mübarizəni doğru hesab edir: "Mübarizə üsullarının düzgün seçildiyinə də inanıram. Terrorla mübarizə çox həssas məsələ olduğu üçün çoxtərəfli əməkdaşlıq tələb edir”.
İsmayıl