Çox güman ki, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasında Levon Ter-Petrosyanın rolu olsun
Ermənistanın eks-prezidenti və Milli Konqresin lideri Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə gəlib. Məlumata görə, o, Qarabağ separatçılarının başçısı Bako Saakyanla görüşüb. Səfərin məqsədi açıqlanmasa da, aydın məsələdir ki, bu qanunsuz səfər erməni işğalçı qüvvələri və separatçı rejimi ağır vəziyyətdən necə çıxarmaq istəyi ilə bağlıdır.
Ekspertlərə görə, Ter-Petrosyanın səfərini Ermənistanda və separatçı qurumda bədbin əhval-ruhiyyənin təzahürü kimi dəyərləndirmək olar. Sabiq rəhbər "Qarabağ klanı” tərəfindən hakimiyyətdən devrilsə də, indi bəlli olur ki, elə ən "ağıllı” erməni siyasətçisi o imiş. Yoxsa qatı rəqibi olan Serj Sarkisyanın, "KQB tulası” Bako Saakyanın ona işi düşməzdi. Vaxtilə hakimiyyətin "mərhələli həll” planının güdazına gedən eks-prezident erməni xalqını xəbərdar etmişdi ki, "əgər indi bizə təklif ediləni götürməsək, sonra onun üçün yalvaracağıq, çünki heç kəs daha onu bizə verməyəcək”. Azərbaycan Ordusunun hərbi uğurundan sonra Sarkisyan rejimi öz rəqibləri ilə belə məsləhətləşməyə ehtiyac duyursa, demək, təcavüzkarın durumu olduqca ağırdır. Ümid edək ki, Ter-Petrosyan Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə xəttində verdiyi son mesajları separatçı rejimin başçılarına və Sarkisyana düzgün qandıra biləcək...
Politoloq Tofiq Abbasov da düşünür ki, Levon Ter-Petrosyanın münaqişə bölgəsinə gedib Bako Saakyanla görüşməsi göstərir ki, Ermənistanın siyasi elitası çox çətin dilemma qarşısındadır: "Hazırda Ermənistanın siyasi rəhbərliyi çaşqın vəziyyətdədir. Azərbaycan diplomatiyası Ermənistanın siyasi elitasını çox ağır duruma salıb. Bu da gözlənilən idi, çünki Ermənistanın faktiki olaraq bir dövlət kimi, beynəlxalq hüququn subyekti kimi inkişafı sıfır dərəcəsindədir. Düşmən ölkə blokada şəraitindədir. Çətin durumdan çıxmağın bir yolu var: - Azərbaycanın torpaqlarından rədd olub getmək. Ancaq Sarkisyan bunu edə bilmir. Çünki onun hakimiyyətə gəlməsi Qarabağ müharibəsi ilə bağlıdır. Əgər o, belə addım atarsa, daxildəki opponentləri ciddi tələb irəli sürməklə onu ya hakimiyyətdən uzaqlaşdıracaq, ya da hərbi yolla devirəcəklər”. T.Abbasov Sarkisyanın Ter-Petrosyanla danışıqlara getməsinin səbəblərini də açıqlayıb: "Biz gördük ki, ermənilər ilk zərbəni yedikdən sonra Sarkisyan Levon Ter-Petrosyanla danışıqlara getdi, hətta onun evinə səfər etdi. Birincisi, bu, onun göstəricisi idi ki, Sarkisyanın siyasi çevikliyi yoxdur. Digər tərəfdən onu göstərdi ki, Sarkisyan çətin duruma düşən kimi çabalayır, hətta rəqibindən, düşmənindən belə imdad diləyir. Ter-Petrosyan özü praqmatik siyasətçidir, siyasi savadı, bacarığı, baxışları daha konstruktivdir. Baxmayaraq ki, o, müharibə dövründəki Prezident idi və Azərbaycan torpaqlarının işğalı onun dövrünə təsadüf etdi. Ancaq o, sonradan anladı ki, ermənilər müharibənin birinci fazasındakı "qələbəni” saxlaya bilməyəcəklər. Bu fikirlərinə görə, Sarkisyanla Köçəryan cütlüyü onu devirdi”. Politoloq deyib ki, proseslərdə Ter-Petrosyan yaxından iştirak edərsə, bu, onun siyasi kapitalını artırar və o, yenə də hakimiyyətə gələ bilər: "Düzdür, burada Köçəryan faktoru da var, o da Sarkisyanı sərt şəkildə tənqid edir. Baxmayaraq ki, əvvəl bir cəbhədə idilər, indi rəqibə çevriliblər. Çox güman ki, Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasında Levon Ter-Petrosyanın rolu olsun. O, Bako Saakyanı ayıltsın və desin ki, Azərbaycanın və Türkiyənin mövqeyini bir qədər yumşaltmaqdan ötrü ətraf rayonlar qaytarılmalıdır. Ancaq burada son sözü nə Sarkisyan, nə də Ter-Petrosyan deyəcək, burada son söz Azərbaycanındır. Hətta strateji tərəfdaşları Rusiya da Ermənistandan Azərbaycanın danışıqlarda qoyduğu mövqeyə hörmətlə yanaşmağı, geri çəkilməyi tələb edir. Bu proses baş verə bilər, Bako Saakyanın Sarkisyanı, yoxsa Ter-Petrosyanı eşidəcəyini, nə qədər ağıla və dərrakəyə sahib olduğunu yaxın zamanlarda görəcəyik”.
İsmayıl