Poroşenko ölkədə sui-qəsdlərin qarşısını almağa çalışır
ABŞ və Avropa ölkələrindən kənar vətəndaşlar üçün ciddi sərhəd rejimi tətbiq edilməsi Ukraynanın tədricən vahid miqrasiya sisteminə qoşulmaq istəyini göstərir
Ukrayna hökuməti ölkəyə gələn bütün xarici vətəndaşlar üçün biometrik nəzarət sistemini tətbiq edəcək. Bu barədə Ukrayna Prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib.
Onun sözlərinə görə, sərhədi keçən hər bir xarici vətəndaşdan biometrik məlumatlar, o cümlədən barmaq izləri, rəqəmsal fotoşəkil alınmalıdır. Poroşenko bildirib ki, bu tədbirlər terrorçuluqla mübarizə imkanlarını gücləndirəcək və cəmiyyət tərəfindən yaxşı qarşılanacaq.
Dəyişikliklə bağlı "Şərq”ə fikirlərini bildirən siyasi ekspert İlqar Vəlizadə deyib ki, son vaxtlar Ukraynada müxtəlif insanların, fəal deputatların və digər tanınmış şəxslərin sui-qəsdə məruz qalması geniş vüsət alıb. Ekspertin fikrincə, xüsusən, axır 1-2 il ərzində nüfuzlu şəxslərin qətlə yetirilməsi faktı çoxalıb:
"Siyasətçilərin qətl səbəbi müxtəlifdir, lakin cinayətləri daha çox Rusiya ilə bağlayırlar. Poroşenko sui-qəsdlərin qarşısını qismən də olsa almaq məqsədi ilə bu cür qərar verib. Son aylarda Ukrayna Qərbə yönəlik ciddi addımlar atmaqdadır. NATO-ya üzvlüklə bağlı konstitusiyada konkret maddə qəbul olunub. Avropa Birliyi ilə viza rejiminin liberallaşdırılması istiqamətində işlər görülüb. Sonuncu qərar da Qərb standartlarına uyğun verilib. ABŞ və Avropa ölkələrindən kənar vətəndaşlar üçün ciddi sərhəd rejimi tətbiq edilməsi Ukraynanın tədricən vahid miqrasiya sisteminə qoşulmaq istəyini göstərir. Bu məqsədlə rəsmi Kiyev daxili prosedurları Avropa standartlarına uyğunlaşdırmağa çalışır”.
İsmayıl