Kamran Əsədov:"Publik hüquqi şəxs statusu almış dövlət universitetləri təhsil haqlarını artırıblar"Cəsarət Valehov:"Bu məsələ nazirliyə aid deyil"
" "Abituriyent 3” jurnalının bir qədər gec dərc olundu və valideynlər ödənişli ixtisaslara düşən övladlarının təhsil haqqını öyrənməkdə gecikdi".
Bu sözləri Sherg.az-a Azərbaycan universitetlərində təhsil haqlarının bahalaşması ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, "Abituriyent 4” jurnalı çıxandan sonra məlum oldu ki, ölkə başçısının fərmanı ilə publik hüquqi şəxs statusu almış dövlət universitetləri təhsil haqlarını artırıblar"
. Hətta bəzi universitetlərin ixtisaslarında 500-600 manata qədər artım olub. Məsələn, Bakı Dövlət Universiteti 3900 manat olan təhsil haqqını 4300-ə qədər artırdı. Bu tək dövlət universitetlərində deyil, özəl universitetlərdə də baş verib. "Xəzər” Universitetində elə ixtisaslar var ki, 4500 manatdan 5000 manata qədər ixtisaslar qaldırılıb. Bu sözsüz ki, ölkədə iki dəfə baş vermiş devalvasiya, elektrik enerjisi və s. xərclərin artması səbəbindən baş verir ki, universitetlər öz xərclərini tələbələrin təhsil haqları ilə kompensasiya etmək fikrindədir. Bu isə təhsil strategiyasında qəbul edilməyən prinsipdir. Ölkə prezidenti həmin universitetlərə hüquqi şəxs statusu ona görə verdi ki, bu gün Azərbaycanda fəaliyyət göstərən universitetlərin gəlirləri tələbələrin təhsil haqqındandır. Onlar digər təhsil xidmətləri göstərməklə özlərinin maliyyə xərclərini həyata keçirməli idilər. Lakin qanunvericilik yenilənsə də, köhnə idarəçilik tətbiq olunur”.
Ali təhsil müəssisələrimizin təhsil haqlarının dünya reytinqlərində ilk minlikdə olan universitetlərdən üstün olduğunu xatırladan K.Əsədov buna rəğmən həmin təhsil haqqı müqabilində kadr hazırlığının əmək bazarının tələblərinə cavab vermədiyini söyləyib:"Dünya təcrübəsində də bizim universitetlərin məzunları peşəkar kadr kimi qəbul edilmir. Bayaq qeyd etdiyim kimi, bəzi universitetlərdə təhsil haqları qalxdı, lakin Bakı Slavyan Universiteti, "Qərb” Universiteti, "Odlar Yurdu”, "Kooperasiya” Universiteti kimi ali təhsil müəssisələri 2016-cı ildə vakant yerlər boş qaldığına görə, bu il təhsil haqqını endirdilər. Nüfuzundan istifadə edən universitetlər düşünürlər ki, valideynlər onları seçəcək. Lakin devalvasiyanın da təsiri ilə valideynlər təhsil haqqı az olan universitetlərə meyl edəcəklər. Beləliklə, təhsil haqları yüksək olan universitetlərin plan yerləri boş qalacaq. İkinci tərəfdən Azərbaycanda insanlar daha ucuz və daha keyfiyyətli təhsil almaq üçün xaricə müraciət edə bilərlər. Məsələn, bu ölkələrin başında qardaş Türkiyə gəlir. Orada Azərbaycan universitetlərindən daha nüfuzlu ali təhsil müəssisələri var ki, təhsil haqları da azdır, 100-200-300 manat civarındadır. Yaşam xərcləri də eynilə, burdakından dəfələrlə azdır. Ona görə, təhsil haqlarını qaldırmaqla, Azərbaycan insanını kütləvi şəkildə xaricə üz tutmağa şərait yaradırlar. İl ərzində Azərbaycanda həm beyin axınının, həm də maliyyənin xaricə getməsinə şərait yaradıla bilər”.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov Sherg.az-a açıqlamasında bunun nazirliyin səlahiyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Nazirlər kabinetinə, müvafiq strukturlara müraciət edilməlidir:"Bu məsələ nazirliyə aid deyil. Konkret olaraq universitetlərin özünə və ali təhsil müəssisələrində ixtisas qiymətlərini müəyyənləşdirən strukturlarla əlaqə saxlanmalıdır”.
Aysel Aslan