“Bu məsələdə təhsilimizin səviyyəsi də istər-istəməz öz sözünü deyir”
Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi - "Academic Ranking of World Universities 2018” açıqlanıb. ABŞ-ın Harvard Universiteti dünyanın ən yaxşı ali məktəbi adını qazanıb. Reytinqdə ikinci Stenford Universiteti, 3-cü yerdə isə Böyük Britaniyanın Kembric Universiteti göstərilib. İlk beşlikdə növbəti yerləri ABŞ ali təhsil müəssisələri tutur. Dünyanın ən yaxşı 500 ali məktəbi siyahısında Türkiyə 1, Rusiya 4 və İran isə 2 universitetlə təmsil olunur. Azərbaycan universitetləri siyahıya daxil edilməyib.
Bəs, görəsən, ali məktəblərimiz beynəlxalq reytinqlərdə niyə uğur qazana bilmirlər?
Təhsil-eksperti Nadir İsrafilovun sözlərinə görə, beynəlxalq səviyyəli reytinq cədvəllərində Azərbaycan ali məktəblərinin adı qeyd olunsa da, aşağı pillələrdə qərarlaşır: "Təbii ki, ilk 100-lük arasında universitetlərimizdən hansınınsa adını görmək imkansızdır. Biz hələ ki, universitetlərimizin yuxarı pillələrdə qərarlaşmasını tələb edə bilmərik. Buna əsasımız da yoxdur. Yuxarı pillələrdə yer alan universitetlərin tarixinə baxsaq, görərik ki, əksəriyyətinin yaranma vaxtı 10-cu əsrə təsadüf edir. Ən cavan universitetlərdən biri Harvarddır. Onun da yaranma tarixi 17-ci əsrə gedib çıxır. Artıq onlarda sistem oturub.
Bizim universitetlər isə yenidir. Düzdür, bu bizim reytinqdə sonuncu sıralarda gəlməyimizə, yaxud da heç yer almamağımıza əsas vermir. Amma hər halda bu da bir səbəb sayıla bilər. Eyni zamanda, bu məsələdə təhsilimizin səviyyəsi də istər-istəməz öz sözünü deyir”.
Ekspertin sözlərinə görə, universitetlərin göstəricilərinin aşağı olması həm də ölkəmizdə universitet, institut, peşə liseyləri kimi anlayışların biri-birindən fərqləndirilməməsindədir:
"İnstitut” latın sözüdür və mənası konkret müəssisə, ixtisas üzrə mütəxəssis hazırlayan yüksək peşə müəssisəsi deməkdir. Universitet sözü isə toplu, məcmu mənasını verir.
Bizdə "Pedaqoji İnstitut” var. Mənası konkret müəllim ixtisası üzrə mütəxəssis hazırlayan təhsil müəssisəsi deməkdir. Ancaq biz bunu çevirib universitet etmişik. Fikir versək görərik ki, sovet dövründəki "Pedaqoji institut”la indiki universitetin hazırladığı kadrların bilik və bacarıqları çox fərqlidir. Dünyaca məşhur Massaçusets Texnologiya İnstitutu hamıya məlumdur. Hər il reytinq cədvəlində ilk 5-likdə adına rast gəlirik.
Ancaq onlar heç vaxt özlərini universitet adlandırmır. Konkret texnologiya üzrə mütəxəssis hazırladıqlarını, institut olduqlarını daim vurğulayırlar. Digər bir tərəfdən onların güclü olmasının səbəbi kampus şəklində fəaliyyət göstərmələridir. Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb” .
Şəymən