"Publik hüquqi şəxs olan univeristetlərin maliyyələşməsi yalnız dövlət büdcəsi hesabına baş tutmayacaq, əlləri cibində dövlət büdcəsindən yardım gözləməyəcəklər""İcra Hakimiyyətləri, Təhsil Nazirliyi və digər administrasiya qurumları qanunvericilik çərçivəsində universitetlərin fəaliyyətində müdaxilə edirlər. Ona görə də düşünürəm ki, bu addım önəmlidir”
"Publik hüquqi şəxs dövlətin kommersiya məqsədini həyata keçirən orqandır”.
Bunu Sherg.az-a universitetlərin publik hüquqi şəxs statusunun mahiyyətini izah edərkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, bu sərəncam universitetlərin çevik və modern sistem qurmasına gətirib çıxaracaq:
"Dövlətin məqsədi pul qazanmaq deyil. Onun kompleks hədəfləri və resursları var. Bu məqsədə çatmaq üçün də zor tətbiq etmək səlahiyyətlərinə sahib olsa da bunun həddi olur. Buna görə də xüsusi sivil hüquqlara malik, kiməsə tabe olan deyil müstəqil idarəçilik forması yaradılmağı zəruridir. Digər tərəfdən ali məktəblərə dövlətin qollarından biri olan İcra Hakimiyyətləri, Təhsil Nazirliyi və digər administrasiya qurumları qanunvericilik çərçivəsində universitetlərin fəaliyyətində müdaxilə edirlər. Ona görə də düşünürəm ki, bu addım önəmlidir”.
Ekspertin sözlərinə görə, yalnız universitetlər deyil, başqa qurumlar da publik hüquqi şəxs olmalıdır ki, onlara kənardan müdaxilə olunmasın:
"Məsələn, Seçki Komitəsi müstəqil olmalıdır. Bu qurum konkret dövlətin məqsədlərini həyata keçirir, amma hansısa şəxsə tabe olduqda fəaliyyəti şəffaf ola bilməz. Bu baxımdan həmin siyahıya Milli Televiziya və Radio Şurasını da əlavə etmək olar.
Bəziləri qarışdırır, amma bu status Qeyri Hökumət Təşkilatı (QHT) demək deyil. Azərbaycanda fəaliyyət göstərən özəl təsisçilər tərəfindən müstəqil idarə olunsalar belə dövlət universitetlərinin bu səlahiyyətləri yoxdur. Onlar hansısa qərar, sərəncam, layihə həyata keçirdikdə yuxarı orqanlardan icazə almalı olur.
Publik hüquqi şəxs isə elə idarəçilik formasıdır ki, çevik qərar qəbul etmək mümkün olur. Qeyd etdiyim kimi, universitetlərin hamısının gəlirləri tələbələrin təhsilhaqqı üzərindədir. Və universitetlərin datasiya qaydaları ilə maliyyələşir. Onlar birbaşa dövlət büdcəsindən asılı haldadırlar. Bu dövlətin əlavə pul itkisinə də səbəb olur. Publik hüquqi şəxs olan univeristetlərin maliyyələşməsi yalnız dövlət büdcəsi hesabına baş tutmayacaq. Universitetlər xidmətlər göstərməlidir, təhsil müəssisəsidir və təhsil haqqında qanunun 22-ci maddəsində dəyişiklik olundu, hazırlıq kursları yaradılacaq və s. Bundan sonra öz ayaqda qalması ilə bərabər xidmət göstərəcəklər. Yəni əlləri cibində dövlət büdcəsindən yardım gözləməyəcəklər. Düzdür, yenə də dövlətin siyasətini həyata keçirirlər, lakin maliyyələşmə məsələsində, hansısa qrandla bağlı yuxarı orqanlardan icazə almayacaqlar”.
Azərbaycandan fərqli olaraq dünyanın heç bir ölkəsində ali təhsil müəssisələrinin dövlətdən asılı olmadığını diqqətə çatdıran K.Əsədov vurğulayıb ki, publik hüquqi şəxs statusunun verdiyi üstünlüklər digər məqsədlər üçün də istifadə olunacaq:
"Çünki hazırda Təhsil Nazirliyinə tabe olan orta ümumtəhsil məktəblərində 10 mindən çox şəxs dövlət nömrəli olmayan diplomlar və təhsil sənədləri ilə fəaliyyət göstərir. Bu publik hüquqi şəxslər onlara qəbul özəlliyi də verəcək. Hazırda isə yalnız maliyyə resurslarının cəlb olunması üçün idarəçilik müstəqilliyi alırlar. Universitetlər gələcəkdə bu şərtləri doğrultsalar ali məktəblərə qəbul müstəqilliyi də verilə bilər.
Ümumilikdə ali təhsil müəssisələrinə publik hüquqi şəxs statusu verilməsi mühüm addımdır. Azərbaycanda ilk publik hüquqi şəxs DÖvlət İmtahan Mərkəzidir. Bu il "Qafqaz” Universiteti ləğv edilib, yerinə Mühəndislər Universiteti açıldı və universitetlər arasında ilk publik hüquqi şəxs oldu. Bundan sonra Azərbaycan Dillər Universiteti də publik hüquqi şəxs statusu aldı. Artıq Bakı Dövlət Universiteti və İqtisad Universiteti bu statusa sahibdir. Bunlar ən böyük universitetlərdir, ona görə də belə bir status verilməsi universitetlərin çevik və modern sistem qurmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan universitetlərə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Aysel Aslan