Uşaq ölümlərinin səbəbi bir deyil

“Körpələrin böyük əksəriyyəti kəllədaxili təzyiqlə doğulur”
“Təəssüf ki, müxtəlif səbəblərdən xanımlar hamiləlik dövründə həkimə az müraciət edirlər. Bəzən səhlənkarlıq edir, təhlükəli viruslara qarşı önləm almırlar”


"Hazırda Azərbaycanda uşaq ölümləri 2 promilli artıb”. Modern.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev bunun səbəblərini açıqlayıb. Baş pediatr ölüm səbəbləri arasında doğuş asfiksiyası və yarımçıq doğuşları xüsusi qeyd edib:

"Doğum asfiksiyası hamiləlik başa çatdırılmadan doğuşun baş verməsidir. Bundan başqa, yeni doğulmuşlarda bətndaxili infeksiyalara çox rast gəlinir. Həddindən artıq az çəkili uşaqların doğuşunun artması var. Əvvəllər 28 həftəlikdən sonra dünyaya gələnlər yeni doğulan kimi qiymətləndirilirdi. 28 həftədən tez doğulanlara gecikmiş düşük deyirdilər. 2015-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının diri doğulma üzrə yeni meyarlarını qəbul etmişik. Bu da tibbi texnikanın inkişafı ilə bağlıdır. O meyarlara görə, hamiləlik müddəti 22 həftə və ondan artıq, bədən kütləsi 500 qram və ondan artıq olan, həyat əlaməti görülənlər diri doğulmuş uşaq kimi qiymətləndirilir.

500, 600, 700 qramlıq uşaqlara qulluq edilməsi də yeni əmələ gəlmiş problemdir. Hazırda tibbi texnikanın inkişafı ilə əlaqədar olaraq bətn xaricində 500 qramlıq uşaqlara xidmət edilir. Bunun

səbəbi də doğuş asfiksiyasıdır. Bu, doğuş yollarında, bətn daxilində uşaqların oksigensiz qalaraq boğulmasına deyilir. Bunun da çoxsaylı səbəbləri var”.

N.Quliyev eyni zamanda bildirib ki, 1990-cı illərin əvvəllərilə müqayisədə, 25 il ərzində Azərbaycanda uşaq ölümləri 3 dəfəyə qədər azalıb: "2015-2016-cı illərdə isə uşaq ölümləri 2 promilli artıb. Bu da təbii olaraq yuxarıda qeyd etdiyim kimi, diri doğulmanın yeni meyarlarına keçidlə bağlıdır. Əvvəl 500 qram çəkidə dünyaya gələn uşaq kimi qiymətləndirilmir, gecikmiş düşük adlandırılırdı. Amma indi onlara da diri doğulan kimi yanaşıldığından uşaq ölümlərinin sayında artım var. 22-28 həftə ərzində dünyaya gələn uşaqlarda yaşama şansı az, ölüm riski çox olduğuna görə, 2 promillik (1 promil əhalinin mində bir hissəsidir. Uşaq ölümləri promillə ölçülür) artım var. Yəni, bizdə hər min nəfərə 2 nəfər uşaq ölümü baş verir. Məsələn, Orta Asiyada diri doğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümləri 5-7 promilli artıb. Bizdə cəmi 2 promilli artım var, bu da təbiidir və bu gün üçün qənaətbəxşdir. Biz çalışırıq ki, göstəricilərimiz dünyanın inkişaf etmiş ölkələrinə bərabər olsun. Hazırda bizdə körpə ölümləri 10-12 promilli arasında dəyişir. İstəyimiz odur ki, göstəricini 4-5 promilliyə çatdıraq. Hansı ki, 1990-cı ilin ortalarında bu göstəricilər 30 promilli olub”.

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova "Şərq”ə açıqlamasında körpə ölümlərinin, həqiqətən də, bir çox səbəblərlə bağlı olduğunu bildirdi:

- Körpələrin böyük əksəriyyəti kəllədaxili təzyiqlə doğulur. Doğuş zamanı travmaların alınması beyindaxili təzyiqi şərtləndirir. Mərkəzi və periferik sinir sistemi xəstəliklərinin geniş yayılması da bununla bağlıdır. Amma sizə deyim ki, təkcə travmalarla dünyaya gələn körpələrdə deyil, travmasız doğulmuş körpələrdə də çox zaman beyindaxili təzyiq müşahidə edilir. Bilirsiz, burada yalnız bir səbəb axtarmaq düzgün deyil. Bir çox amillər belə vəziyyətin yaranmasını şərtləndirir. Ekoloji tarazlığın pozulması, ətraf mühitdə baş verənlər, ananın hamiləlik dövründə qidalanmasından tutmuş, keçirdiyi hər hansı sarsıntıya qədər hər bir şey körpənin sağlam doğulub-doğulmamasına öz təsirini göstərir. Qidalanma hamiləlik dövründə xüsusi əhəmiyyət daşıyır. Amma nə edəsən ki, ekoloji təmiz qidalar tapmaq da son illər çətinləşib. Süni qidalarla qidalanan insanda hər hansı xəstəliyin, anomaliyanın olacağı da gözləniləndir. Biz həkimlər hər zaman anaları körpəni ana südü ilə qidalandırmağa çağırırıq. Ana südü misilsizdir. Baxın, ana südü ilə qidalanmış körpələrə və süni qidalarla qidalanmış körpələrə. Aralarında çox böyük fərq var. Həm fiziki göstəricilər, həm bioloji, tibbi göstəricilər, sağlamlıq baxımından. Körpə ana südü ilə qidalanmırsa, bu, artıq bütün bir ömür boyu problemli yaşamaq deməkdir. Ana südü ilə qidalanmayan körpələrdə həzm sistemi pozğunluqları, qəbizlik yaranır. Bu problemlər uşaq böyüdükcə digər problemlərə və xəstəliklərə yol açır. Qız uşağıdırsa, o, sabah ana olacaq, oğlan uşağıdırsa, o da ata olacaq. Uşaq gərək özülündən sağlam olsun ki, gələcəkdə sağlam nəsil dünyaya gətirsin. Körpə ölümlərində düzgün getməyən, pozulmuş hamiləliklərin rolu böyükdür. Bəzən pasiyentlər vaxtında həkimə müraciət etmirlər, gecikmiş halda xəstəxanaya gəlirlər və həkim də məcburiyyət qarşısında pasiyenti əməliyyat masasına qaldırmalı olur. Hamilə qadın 9 ay müddətində ciddi nəzarət altında olmalıdır. Ümumiyyətlə, qadınlar, gənc xanımlar ginekoloji yoxlamalara ciddi yanaşmalıdırlar. Bütün xəstəliklərdə, bütün hallarda erkən diaqnoz, pasiyentin vəziyyətinin əvvəlcədən müəyyənləşməsi həkim üçün də, pasiyent üçün də zəruri əhəmiyyət daşıyır. Gənc xanımlar sağlamlıqlarına ciddi yanaşmalıdırlar. Xüsusən də hamiləlik dövründə. Hamilə qadın vaxtlı-vaxtında tibbi müayinələrdən keçməlidir. Tələb olunan analizləri verməlidir ki, hamiləliyin necə keçdiyi bilinsin. Əgər bir problem varsa, öncədən qarşısı alınsın. Təəssüf ki, müxtəlif səbəblərdən xanımlar hamiləlik dövründə həkimə az müraciət edirlər. Bəzən səhlənkarlıq edir, təhlükəli viruslara qarşı önləm almırlar. Bunlar da nəticə etibarilə bəzən dölün inkişafdan qalmasına, bəzən hamiləliyin yarımçıq kəsilməsinə, ya da zəif, qüsurlu körpələrin doğulmasına gətirib çıxarır. Qadın məsləhətxanaları, poliklinikalar, sahə həkimləri də bu məsələyə ciddi yanaşmalıdır. Hamilə qadınların qeydiyyata alınmasını təmin etməlidirlər, məcbur etməlidirlər ki, qadın müayinələrdən keçsin. Çünki doğulan hər bir körpə bizim, ölkəmizin gələcəyidir.

Məlahət Rzayeva