"Uzaq əcdadında olmuş əlamət...": Professor 17 yaşlı oğlanda aşkarlanan quyruqdan danışdı

"Əcdadımızda olmuş əlamətlərin nə zamansa, kimdəsə özünü göstərməsi, elmə tanışdır"
Azərbaycanda qeyri-adi cərrahiyyə əməliyyatı icra olunub. Bakıdakı xəstəxanalardan birində 17 yaşlı oğlanda aşkarlanan 18 santimetr uzunluğunda çıxıntı (quyruq formalı) əməliyyatla götürülüb.
Bu barədə əməliyyatı icra edən həkim-cərrah İsmayıl Əsgərov məlumat verib. Cərrah deyib ki, 17 yaşlı oğlan bel-oma nahiyəsində doğuşdan bu günə qədər mövcud olan quyruq kimi çıxıntı şikayəti ilə xəstəxanaya müraciət edib: "Oturarkən çətinlik çəkirdi və bir qədər ağrı, narahatlıq verirdi. Həmçinin gündəlik geyimlərlə bağlı çətinlikləri vardı”.
Həkim bildirib ki, bu vəziyyətə yeni doğulanlarda rast gəlinə bilər, amma 17 yaşda 18 santimetr uzunluqda quyruğun olması çox gecikmiş haldır: 
"Xəstə və ailəsi inanc, sosial qınaq və utanc səbəbindən həkimlərə müraciət etməyib. Valideynlər bu quyruğun Hindli meymun tanrısı "Hanuman"dan bir hədiyyə olduğuna inanıblar. Xəstə ümumi anesteziya altında əməliyyat edildi. Əməliyyat öncəki müayinə ilə quyruğun onurğa sütunu, sinirlərlə əlaqəsinin olmadığı aşkarlandı”.
Mütəxəssis onu da qeyd edib ki, bu kimi hallarla bağlı həkimə vaxtında müraciət olunmalıdır: "Əsas diqqətimizi çəkən məqam isə ölkəmizdə tez-tez sosial ləkə, cəhalət, savadsızlıq ucbatından vaxtında müalicə oluna bilən xəstəliklərə görə gecikmiş müraciətlərdir. Təəssüf ki, uşağının şəkər xəstəsi olduğunu kimsə bilməsin deyə qohum-qonşu yanında uşaqlara şirniyyat verən valideynlərlə də rastlaşırıq”.
Körpələrdə bəzən quyruq formalı çıxıntıların olmasına səbəb nədir? Bu, anomaliyadırmı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla «Sherg.az"a açıqlamasında yeni doğulmuş körpələrdə bəzən quyruq kimi çıxıntıların görülməsini atavizm əlaməti olduğunu deyib:
- Bu məsələlərə adətən, təkamül nəzəriyyəsindən yanaşılır. Buna elmdə atavizm deyirlər. Atavizm müəyyən növə məxsus bəzi orqanizmlərdə keçmişdə onların uzaq əcdadında olmuş, lakin təkamül prosesində itmiş əlamətlərin təkrar meydana çıxmasıdır. Bəzən görürük ki, kiminsə əl barmqalarının sayı 5 yox, 6-dır. 6-cı barmaq əlavə çıxıntı kimi olur. Yaxud, kimdəsə əlavə süd vəzi meydana çıxıb. Bədənin hədsiz tüklülüyü, bədənin başdan-ayağa tüklə örtülmüş olması, eləcə də quyruq formalı çıxıntılar, bunlar hamısı atavizm əlamətləridir. Elm bunu belə izah edir ki, insan təkamül prosesi keçib. Bəzi cəhətlər zamanla reduksiya olunub, sıradan çıxıb. Yəni, bu sadaladığımız cəhətlər inkişaf anomaliyası hesab edilmir, atavizm əlaməti kimi izah edilir. Bəzən embrionlarda quyruq kimi çıxıntı müşahidə edilir, lakin embrion inkişaf etdikcə, itir, bədən normal şəklini alır. Demək ki, əlavə çıxıntıların itmədiyi hallar da olur. Bu sonuncu hadisə də olduğu kimi. Əcdadımızda olmuş əlamətlərin nə zamansa, kimdəsə özünü göstərməsi, elmə tanışdır.
A.Qeybulla qeyd etdi ki, sadəcə, bu cür gözlənilməz hallarla üzləşdikdə, valideynlər vaxt itirmədən həkimə müraciət etməlidirlər.
 Gözləməməlidirlər ki, körpə böyüsün, özündə hansısa qeyri-adiliyi anlasın, sonra onu əməliyyat etdirsinlər. Belə hallar uşaqlarda psixoloji gərginliyə səbəb ola bilər. Valideyn övladında hansısa qeyri-adilik görürsə, mütləq həkimə müraciət etməlidir və nə qədər tez müraciət etsə, bir o qədər yaxşıdır.
Məlahət Rzayeva