Vahid Azərbaycan Partiyasının adı dəyişdiriləcək

Qurultaya az qaldı, Tural Abbaslı sədrliyə yeganə iddiaçıdır
“Partiyanı siyasi arenaya qazandırmaq niyyətindəyik”


Gənc fəal, keçmiş müsavatçı Tural Abbaslı "Şərq”ə yeni üzv olduğu Vahid Azərbaycan Partiyasının (VAP) hazırkı fəaliyyəti və gələcək planları barədə danışıb. Bu siyasi təşkilatın 1993-cü ilin yanvar ayının 13-də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alındığını söyləyən gəns siyasətçi qeyd edib ki, yarandığı gündən bu yaxınlara qədər partiyanın sədri Karrar Əbilov olub:

"O, bu yaxınlarda vəfat edib. Faktiki olaraq hələlik təşkilatın rəhbəri yoxdur. Biz bu təşkilata keçdik və hazırda partiyanın qarşsında duran əsas məsələ qurultaya hazırlıq məsələsidir. Uzun müddətdir ki, partiyanın fəaliyyəti yox dərəcəsində idi. İndi onlarla birgə təşkilatın qurultayına hazırlıq gedir. Qurultaya hazırlıq üzrə 11 nəfərdən ibarət təşkilat komitəsi yaradılıb. Komitə artıq qurultaya rəsmi hazırlıq prosesinə rəhbərlik edir və partiyanın bütün səlahiyyətləri qurultaya qədər həmin komitəyə həvalə olunub. Mən də komitənin rəhbəri seçilmişəm. Bu il iyunun 12-də qurultayı keçirmək niyyətimiz var. Qurultay nümayəndələrinin siyahısı və digər texniki tərəflər hazırdır. Sadəcə olaraq qurultayın keçiriləcəyi məkanla bağlı danışıqlar aparılır. Ola bilsin ki, Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət etdik. Bundan başqa, özəl sektordakı konfrans zalları ilə danışıqlar aparılır. Yer müəyyən olunduqdan sonra qurultayı keçirəcəyik”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, qurultayın gündəliyində bir neçə məsələ yer alacaq: "Partiyanın nizamnaməsinin dəyişdirilməsi, yeni seçkili orqanların seçkili orqanların formalaşması və qurumun adının dəyişdirilməsi qurultay gündəliyinin əsas mövzuları olacaq”.

Partiya sədrliyinə iddialı olduğunu deyən T.Abbaslı bildirib ki, qurultayda sədrliyə namizədliyini irəli sürəcək: "Təşkilat komitəsi yarandığı üçün bütün seçkili orqanlara namizədlərin verilməsi prosesi başlayır. Bura yalnız sədrlik deyil, partiya məclisi və başqa məsələlər də daxildir. Qurultaya qədər istənilən partiya üzvü, istənilən seçkili orqana namizədliyini verə bilər. İndi hələlik sədrliyə məndən başqa namizəd yoxdur. Ola bilsin, kimsə olacaq. Biz demokratik mühit yaratmışıq. Hər kəs sədrliyə namizədliyini verə bilər. Amma hələlik tək mənəm”.

Müsahibimiz onu da əlavə edib ki, "Ağ Blok”da təmsil olunanların böyük əksəriyyəti onunla gəlib: "Onlar da partiyaya qoşuldular. Müsavatdakı bəzi dostlar orada ayrılıb, bizə qoşuldular. Bizdə seçim azaddır. "Ağ Blok” seçki bloku idi. Bu, başqa format idi. Bu isə partiyadır. Bunun formatı tamam başqadır. Heç kimi məcbur edə bilmərik ki, gəl bizə qoşul. Bu, yeni bir mərhələdir. Çalışırıq ki, yeni partiya olaraq Azərbaycan siyasi palitrasına öz töhfəmizi verək. Proseslərə qatılaq. Və rəqabətli mühit və ya canlanma yaransın. Özümüz də rəqabətlərdən qalib ayrılaq. Təşkilatımız hədəflərinə çatsın. Məhz bu məqsədlərə çatmaq üçün partiyanın bütün strukturlarını sıfırdan formalaşdırırıq. Partiyanı siyasi arenaya qazandırmaq niyyətindəyik. Həmçinin siyasi karyeramızı bu təşkilatda davam etdirmək fikrindəyik”.

Ayyət Əhməd