Valideynlər çox vaxt qızların idmana həvəsini “öldürür”





Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyətdə olan stereotiplərin qızların idmanla məşğul olmasına əngəl törətdiyini deyib. Bədən tərbiyəsi və idmanla məşğul olmağın cinsindən olmayaraq hər bir fərdin hüququ olduğunu vurğulayan Komitə sədri Azərbaycanda hər iki cinsin nümayəndələri arasında idmana marağın böyük olduğunu deyib:

"Bəzən deyirlər ki, idman qadınlar üçün deyil. Ancaq tarixə baxanda görürük ki, qədim dövrlərdə qadınlarımız kişilərlə birgə at çapıblar. Qadınlarımız kişilərin ardınca boks, futbol, ağır atletikada iştirak etməyə başladılar. Sağlam qadın sağlam nəsil deməkdir”.

Görəsən, Hicran xanımın dediklərində nə dərəcədə haqlıdır. Cəmiyyət niyə qadınların idmanla məşğul olmasına birmənalı yanaşmır?

İdmana illər öncə başladığını deyən taekvando üzrə milli hakim və jurnalist Təranə Xudabaxşıyeva 2005-2006-cı illərdə qızların idmanla məşğul olmasına reaksiyaların daha fərqli olduğunu deyib: "Qızların idmanla məşğul olmasına normal baxmırdılar, gülürdülər, hətta qızların sonradan ailə qura biləcək bir kişi tapmayacağından da qorxanlar da var idi. Amma şükürlər olsun, indi idmana münasibət dəyişib. Artıq qız valideynləri öz övladlarını idmana könüllü yazdırırlar ki, qızları idmanla məşğul olsun. Son illər məşq zallarında da kifayət qədər qız görmək mümkündür. Təbii ki, bütün bunlar sevindirici haldır. Lakin Hicran xanımın dediklərində də müəyyən qədər həqiqət payı var. Hələ də bəzi regionlarımızda qızların idmanla məşğul olmasına pis baxan insanlar var. Düşünürəm ki, bir neçə ilə bu yanaşmalar da tamamilə keçəcək. Necə ki, əvvəllər reaksiyalar daha fərqli idi, bu gün isə baxış dəyişib, tam normal baxırlar və adi qəbul edirlər. Görünür, müasirləşmə prosesi idmana da müsbət təsir göstərir”.

Sosioloq-jurnalist Lalə Mehralı isə açıqlamasında komitə rəhbərinin tamamilə haqlı olduğunu deyib. Sosioloqun sözlərinə görə, düşüncə tərzi, valideyn qadağası çox vaxt qızların idmana olan həvəsini qırır:

"Efirdə idmançılara həvəslə baxan, qadın boksçu, güləşçi, gimnast, üzgüçü görəndə ekrana kilidlənən, onların qələbəsinə sevinən valideynlərimiz var ki, öz qızının idmançı olmasını istəmir. Səbəbi müxtəlif olur, ya dərslərindən geri qalacağını düşünür, ya idmanda zədə alıb, sağlamlığını itirəcəyindən ehtiyat edir, ya da ətrafındakıların "qızın nə işi var idmanda?” qınağından çəkinir.

Halbuki bizim ölkənin adını ucaldan, onlarla bayraq arasında bayrağımızın yüksəldilməsinə nail olan qadın olimpiya çempionlarımız var. Stend atıcılıq üzrə qızıl medalı bizə məhz qadın idmançı - Zemfira Mehtahəddinova qazandırıb, güllə atıcılığı üzrə bürünc medalı olimpiadadan İradə Aşumova gətirib, qadın güləşində bürünc medalı Mariya Stadnikin, gümüş medalı Leyla Qurbanovanın sayəsində qazandıq, Leyla Əliyeva olimpiadadan cüdo üzrə gümüş medalla qayıtdı, bunların hamısı tarixdir. Qadınların idman tariximizə verdiyi töhfələrdir, bunun nəyi pis ola bilər?”

Cəmiyyətdə "qadınların idmanla məşğul olması bəkarətinin pozulmasına səbəb ola bilər” kimi düşüncələrin formalaşdığını vurğulayan Lalə xanımın sözlərinə görə, bəzi həkimlər bəzən velosiped sürmə, sərt yıxılma, at üzərində sürətli qaçış kimi hərəkətlərin də bəkarəti poza biləcəyini deyirlər. "Belə bir hal tibbdə qeydə alınıbmı, təsadüfən də olsa bu hal yaşanıbmı bilmirəm, amma bunu eşidən valideynlər məhz qorxduqları üçün qız övladlarına idmanı qadağan edirlər”.

Şəymən