Valideynlər haqlıdır

Həm də məktəb binası aktiv fəaliyyət göstərən avtomobil yollarından 100-120 metr məsafədə yerləşməlidir
Qəbul olunmuş təhlükəsizlik normalarına görə orta məktəblərin binası bir giriş- çıxışdan ibarət ola bilməz



Bakı şəhəri, Nizami rayonunda yerləşən 251 saylı orta məktəbin qarşısında valideynlər etiraz aksiyası keçirib. Narazılığa səbəb məktəbin həyətinə gedən yolların bağlanması, yalnız bir yolun açıq saxlanılmasıdır. Valideynlər həmin açıq qalan yolun təhlükəli olduğunu və əksəriyyətinin evinə uzaq olduğunu bildirib.

"Biz məcbur olub uşaqları avtomobil yolu ilə gətiririk”, - deyə, valideynlərdən biri məlumat verib. Digər qapıların bağlanması səbəbindən, noyabrın 21-də məktəbin yeganə açıq qapısına gedən yolda şagirdlərdən birini avtomobil vurub. Azyaşlı canını yüngül xəsarətlə qurtarıb.
Valideynlərin verdiyi məlumata görə, bir neçə gün bundan öncəyə qədər təhsil ocağının 4 giriş-çıxış qapısı olub. Onlar bildirib ki, direktorun qərarı ilə 3 giriş-çıxış qapısı bağlanıb: "Biz valideyn olaraq problemlə bağlı dəfələrlə direktora müraciət etsək də, o, bizə "evinizi dəyişin, məktəbin əsas girişi ilə üzbəüz binadan ev alın” cavabını verdi”.

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra açıqlama veriləcək. 251 nömrəli tam orta məktəbdən isə daxil olan yazılı açıqlamada bildirilib ki, məktəbin həyətyanı hasarında ilkin inşaat layihəsinə uyğun olmayan çıxışlar və qırılmış dəmir barmaqlıqlar şagirdlərin təhlükəsizliyi məqsədilə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən bağlanıb: "Hazırda əsas girişdən şagirdlərin girişi-çıxışı normal təmin olunur. Valideynlərin böyük əksəriyyəti şagirdlərin əsas giriş qapısından məktəbə daxil olmasını dəstəkləyir. İki valideyn isə bununla bağlı öz narazılıqlarını bildiriblər. Onlara məsələnin mahiyyəti izah olunub. Məktəbdə tədris normal şəkildə davam edir”.

Görünür, problemin həll edilməsi bir az çətin və qəliz məsələ olacaq. Çünki hər zaman orta məktəblərlə bağlı problem yarandıqda, tam olaraq hansı tərəfin günahkar olduğunu ayırd eləmək olmur. Valideynlər övladlarının təhlükəsizliyindən narazıdırlar, məktəb rəhbərliyinin açıqlamasında isə bildirilir ki, yolların bağlanması məhz uşaqların təhlükəsizliyi üçündür. Beləliklə, kimin haqlı olduğunu bilmək mümkün olmur. Bəs bu problem öz həllini necə tapmalıdır?

Baş vermiş hadisəylə bağlı "Şərq”ə danışan tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, orta məktəblərdə təhsil və tədris qədər təhsilalanların təhlükəsizliyi də olduqca vacibdir. Qəbul olunmuş təhlükəsizlik normalarına görə orta məktəblərin binası bir giriş-çıxışdan ibarət ola bilməz:

"Bu, bütün çoxsaylı insanların olduğu obyektlərə aiddir. Çünki hansısa fövqəladə vəziyyət, təbii fəlakət zamanı insanların qısa müddətdə təhlükəsizliyinin təmin edilməsi üçün bu vacibdir. Bir neçə il bundan əvvəl Azərbaycan Neft Akademiyasında baş verən terror aktı buna sübutdur. 

Vacib bir məsələni də qeyd etmək istəyirəm ki, istər orta məktəb, istərsə də ali məktəblərin aktiv giriş və çıxış yerləri iri prospekt, aktiv avtomobil yolunun birbaşa yanında olması tövsiyə olunmur. Belə ki, şagirdlər və tələbələr təhsil müəssisələrinə daxil olanda və çıxanda onların həyatını təhlükəyə məruz qoya biləcək riskləri nəzərə almaq lazımdır. 

Qanunvericiliklə müəyyən edilmiş qaydalara görə məktəb binası aktiv fəaliyyət göstərən avtomobil yollarından 100-120 metr məsafədə yerləşməlidir. Lakin təəssüflər olsun ki, istər Bakı şəhəri üzrə, istərsə də digər regionlarda orta məktəb binaları yol kənarında, aktiv avtomobil yollarının 15-20 metrliyində yerləşir. 

Yaxşı olardı ki, məktəbin girişi və çıxışı azı 4-5 yerdən olsun. Bu yerlər də yoldan uzaq olan ərazilərdən olsun. Bu həm də şagirdlərin məktəbə daxil olan vədərsdən çıxan zaman sıxlığının aradan qalxmasına şərait yaradar”.

Yeganə Bayramova