Valideynlər, övladlarınızın yerinə seçim etməyin!
Məlahət Mürşüdlü: “Hər bir tələbə seçdiyi ixtisası öz hədəflərinə uyğun olaraq müəyyənləşdirməlidir”
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edib.
TQDK-nın saytına istinadən xəbər verir ki, "Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda II və III ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub. I və IV ixtisas qrupunda müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar artıq satışdadır.
Qeyd edək ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq. Bəs, abituriyentlər yığdıqları bala müvafiq olaraq daha düzgün ixtisas seçmək üçün nələrə diqqət etməlidir?
Abituriyentlərin ixtisas seçimi zamanı düzgün istiqamət götürmələrinə kömək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul imtahanlarında formalaşmış keçid balları haqqında məlumatların ayrıca vəsaitlərdə çap olunmasını təqdirəlayiq hesab edən ekspertlərin fikrincə, ölkədə bu istiqamətdə ciddi işlər aparılmalıdır. İxtisas seçimi kifayət qədər məsuliyyətli bir mərhələdir ki, bu istiqamətdə fikirlərin formalaşması mühümdür. Bu baxımdan ölkədə bu sahəyə olan diqqətin artırılması çox zəruridir.
Mütəxəssislərin fikrinə görə, hər bir abituriyent seçə biləcəyi universitetləri, münasib ixtisasları qabaqcadan dəqiqləşdirməlidir. Bundan başqa, iş dünyasının hansı universitetin məzunlarına daha çox etibar etdiyini də araşdırmaq lazımdır. Çünki bu, gələcəkdə məzun olacaq tələbələrə bilik və təcrübə ilə yanaşı, işəgötürən müəssisə tərəfindən verilən müsbət qiymət kimi də dəyərləndiriləcək.
Sözsüz ki, gənclərin əksəriyyəti ixtisas seçərkən onun prestijli olmasını əsas tuturlar. Onlar istəyirlər ki, ixtisasları sosial tələblərə cavab versin. İş yeri seçimində digər amil olaraq əmək haqqını əsas götürən gənclər də az deyil. Lakin unutmamaq lazımdır ki, ixtisasa görə yox, vəzifəyə görə əmək haqqı ödənilir. Aydın olur ki, yüksək maaş üçün ixtisasın düzgün seçilməsi heç də əsas amil deyil. Ödəniş haqqı təkcə bilik və bacarıqlarla deyil, eyni zamanda, onun işləmə həvəsindən və işinə qarşı olan məsuliyyətindən də asılıdır. Növbəti amil kimi işin ağırlıq dərəcəsi götürülür. Bu isə ixtisasdan çox iş yerindən asılıdır. Yüksək professionallıq dərəcəsi işin daha da asanlaşdırılması deməkdir. Bəzi hallarda isə aparıcı motiv təhsilin mümkünlük dərəcəsidir. Belə insanlar mənimsənilməsi daha asan olan ixtisaslara yiyələnməyə çalışırlar. Misal üçün, yaşayış yerinə daha yaxın olan, münasib qəbul balı və s. bu kimi faktorları əsas götürərək gələcək ixtisaslarının seçimini edirlər. Təhsilin keyfiyyəti isə onun maddi dəyərindən deyil, onu tədris edən müəllimin professionallığından asılıdır. Bir qrup gənc isə ixtisas seçimində valideynlərin fikirlərini əsas götürür. Hətta araşdırmalara görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Halbuki ixtisas seçərkən nəzərə almaq lazımdır ki, insan həyatda bir dəfə məslək seçir. Önəmli olan seçəcəyimiz peşəni sevmək, işimizin dəyərini anlamaqdır.
Təhsil eksperti Məlahət Mürşüdlü isə hesab edir ki, gənclərin ixtisas seçiminə yardım etmək üçün ölkədə olan ali məktəblərin öz təbliğatlarını aparması məqsədəuyğun olardı: "Hər bir tələbə seçdiyi ixtisası öz hədəflərinə uyğun olaraq müəyyənləşdirməlidir. Düşünürəm ki, elə bu cür də olur. Digər tərəfdən Azərbaycanın əmək bazarında hansı ixtisaslara ehtiyac varsa, həmin istiqamətdə də seçimlər edilə bilər. Bu həmin sahələr üzrə ixtisas seçən insanların iş tapmasına da ciddi şəkildə kömək edəcək. Amma burada bir sıra boşluqların olması da ciddi şəkildə nəzərə çarpır. Abituriyentlərin ixtisas seçimi ilə bağlı ölkədə demək olar ki, ciddi şəkildə maarifləndirici işlər aparılmır. Əvvəllər nəinki ali məktəblərdən, hətta texniki peşə məktəblərindən nümayəndələr gələrdilər və yuxarı sinif şagirdlərinə müəyyən məlumatlar verərdilər. Bu gün bəzi məktəblərdə müəyyən işlər aparılır. Bu işləri əsasən məzunlar aparır. Məsələn, xaricdə təhsil alan tələbələr müəyyən günlərdə öz təhsil aldıqları məktəblərə gəlib müəyyən məlumatlar verirlər. Hətta payız tətillərində yuxarı sinif şagirdləri ilə xaricdə təhsil alan tələbələrin görüşü təşkil olunur. Tələbələr öz seçimləri və seçimlərinə uyğun olaraq aldıqları təhsil haqqında məlumatlar verirlər. Ölkədə olan ali məktəblərin bu cür təbliğat aparması çox önəmli bir məsələdir. Bəzi abituriyentlər seçimlərini kor-koranə edirlər və sonradan seçimləri ilə bağlı peşman olurlar. Düşünürəm ki, bu çox asan və eyni zamanda zəruri bir addımdır ki, reallaşması çox ciddi xeyir verə bilər”.
Təhsil ekspertinin sözlərinə görə, ixtisas seçimində mühüm amillərdən biri də abituriyentin topladığı balın miqdarıdır. Çünki abituriyent ixtisaslar seçimindəki sıralamanı topladığı bala uyğun olaraq müəyyənləşdirir. Adətən, yüksək bal toplayan tələbələr üçün ixtisas seçimi elə bir ciddi narahatlıq yaratmır. Onlar öz potensiallarına uyğun hesab etdikləri hansı ixtisası seçirlərsə, böyük ehtimalla elə həmin ixtisasa da qəbul olurlar. Aşağı bal toplayan abituriyentlər isə böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa-olsun, universitetə qəbul olmaq olur”.
Şəymən