“Körpə sidiyə gedir, amma anlamır ki, sidiyə gedib, ya yox. Körpənin altı quru qaldığından beyinə informasiya ötürülmür”
Valideynlər rahatlıq gəzir
“Uşaq bezləri körpələrdə refleks hissinin gec formalaşmasına səbəb olur”
“Körpə sidiyə gedir, amma anlamır ki, sidiyə gedib, ya yox. Körpənin altı quru qaldığından beyinə informasiya ötürülmür”
“Körpə sidiyə gedir, amma anlamır ki, sidiyə gedib, ya yox. Körpənin altı quru qaldığından beyinə informasiya ötürülmür”
İndiki qayınanaların ən çox işlətdiyi söz budur; biz də uşaq böyütmüşük!.. Qayınanalar adətən gəlinin uşağa qulluq etməsindən narazı qalır. Xüsusən də əgər gəlin uşaq bezlərinə - pamperslərə çox pul xərcləyir "bədxərc” hesab olunur. Ananın gözünün "düşməni” oğlunun qazancını pampersə və süni uşaq qidalarına xərcləyən gəlinlərdir. Amma nə çarə?! Hazırkı uşaqlar süni qidasız və pamperssiz böyümür.
İnsafən, həkimlər həmişə valideynlərə məsləhət görür ki, süni qidalara az üstünlük versinlər, körpəni ana südü ilə qidalandırmağa çalışsınlar, zəruri ehtiyac olmadıqda uşaq bezlərindən də az istifadə etsinlər. Amma reklam işini görür. Telekanalların efiri uşaq bezləri ilə gecə rahat yatan, süni qida ilə sağlam böyüyən körpələrlə "doludur”.
Hamısı da toppuş, gülərüz. Biçarə ana da fikirləşir ki, uşaq pamperslə rahat yatıb, süni qida ilə belə sağlam görkəmə malikdirsə, deməli, bu vasitələr yaxşıdır. Daha hardan bilsin ki, bunlar hamısı pul tələsidir. Kimlərsə bu reklamlardan ağlagəlməz pullar qazanır. Bizim itirdiyimiz isə körpələrimizin sağlamlığı və gələcəyidir.
Uşaq bezlərinin mənfi və müsbət xüsusiyyətləri barədə çox danışılıb. Bu bezlərin yenidən gündəmə gəlməsinin bir səbəbi də son zamanlar körpələrdə rast gəlinən qurd xəstəlikləridir. Körpənin sidiyi, nəcisi analiz edilib infeksiya və ya qurd aşkarlanırsa, bəzən həkimlər ananın südünü "günahkar” bilir. Onsuz da "defisit” mala dönmüş ana südündən imtina üçün bir səbəb də tapılır. Körpəyə yalnız süni qida vermək məsləhət görülür. Sən demə, körpədə qurd xəstəliyinin yaranmasında uşaq bezləri də əhəmiyyətli rola malikmiş.
Gecələr uşaq bezlərindən istifadə qurd xəstəliyi yaradır
Pediatr Günay Rəsulova Ailem.az-a bildirib ki, uşaq bezlərindən istifadə zamanı valideynlər diqqətli olmalıdırlar. Çünki bu vasitəni təlimata uyğun istifadə etmədikdə və gərəksiz hallarda taxıldıqda gələcəkdə uşaqların sağlamlığına ciddi problemlər yarada bilər:
- Əvvəlcə onu deyim ki, körpələrə ən gec 2 yaşına qədər bez taxmaq olar. Bundan sonra yavaş-yavaş tərgitmək lazımdır. Mütləqdir ki, uşaqlara hər zaman bir ölçü böyük bez geyindirilsin. Xüsusilə də oğlan uşaqlarında qan damarlarının sıxılması nəticəsində xayaların qanla qidalanması çətinləşir və bu, onlarda xaya hidropsuna, yəni su yığılmasına gətirib çıxarır. Xayalarda kiçilmələr baş verir və bunun da nəticəsi sonsuzluq ola bilər.
Mütəmadi şəkildə uşaqlara bezlərin taxılması onlarda böyrək, yaxud sidik yolları ilə bağlı problemləri izləməkdə çətinlik yaradır. Yəni uşaq daim bezdə olduğu üçün iltihabi prosesləri izləmək çətinləşir. Bezlərdən uyğunsuz zamanda istifadə bəzən gec sünnət edilən oğlan uşaqlarında simos, parasimos kimi infeksiyalara səbəb olur. Həmçinin qızlarda da sidik yollarının, sidik kisəsinin iltihabi prosesini yaradan səbəblərdəndir.
G.Rəsulova vurğulayıb ki, bəzən valideynlər gərək olmadığı halda da gecə uşaqları bezlə yatırırlar. Bu zaman enterebiot - yəni qıl qurd deyilən infeksiya yoluxmuş uşaqda daha da artır: "Uşaq yatarkən dişi qıl qurd anusdan bayıra çıxır və onun ətrafında 1000-dən artıq yumurta qoyur. Bezin arasında qalan yumurtalar canlanaraq orqanizmə toksiki maddələr buraxır”.
Həkim valideynlərə tövsiyə edir ki, uşaqlara bezi tərgitmək üçün isti ayları seçsinlər: "Çalışmaq lazımdır ki, körpənin dərisi daha çox hava görsün. Bezlərdən istifadə edən uşaqlarda kontakt dermatitin yaranmasına çox sıx rastlanır. Yəni uşağın dərisi qıcıq, bişməcə olur. Xüsusilə dərisi həssas uşaqlarda bu problem daha çox yaranır. Bəzən bu bezlər sintetik materialdan hazırlanır ki, bunun da fəsadları çoxdur. Valideynlər bu problemlərlə qarşılaşmamaq üçün daha keyfiyyətli məhsuldan istifadə etməlidirlər”.
Yuxarıda sadalanan problemlərdən əsaslı çıxış yolu körpələrə mümkün olduğu qədər tez tualet vərdişinin öyrədilməsidir. Dünya Pediatrlar Assosiasiyası tərəfindən uşaqları güvəcə alışdırmaq üçün 2-3 yaş arası məsləhət görülür.
Sonsuzluğun bir səbəbi də...
Pediatr Vaqif Qarayev "Şərq”ə açıqlamasında fikrini açıq bildirdiyi zaman hay-küy qopduğunu vurğuladı:
- Devalvasiya zamanı dedim, analara məsləhət görürəm bələyə keçsinlər, aləm dəydi bir-birinə. Bələk pampers qədər vəsait tələb etmir, həm də daha sağlıqlıdır. Amma etiraz səsləri ucaldı. Özü də, qəribə burasıdır ki, bələklə böyüyənlər bələyə qarşı çıxır... Razıyam, hər dövrün öz tələbi var. 21-ci əsrdə kiməsə bələk məsləhət görürsən, səni köhnədənqalma hesab edir. Həkim kimi bunu deyə bilərəm ki, bələyin də, uşaq bezlərinin də, müsbət və mənfi tərəfləri var. Bələk çox sıx, kip bağlanır, indikilər narahat uşaq olduqlarından sıxılırlar, narahatlıq keçirirlər.
Uşaq bezləri isə valideynlər üçün xüsusilə rahatdır. Uşaq bezini geyindirir körpəyə, rahat işiylə məşğul olur. Keçək, mənfi tərəflərinə. Uşaq bezləri körpələrdə refleks hissinin gec formalaşmasına səbəb olur. Körpə sidiyə gedir, amma anlamır ki, sidiyə gedib, ya yox. Körpənin altı quru qaldığından beyinə informasiya ötürülmür. Artıq böyük yaşlarda, elə bir yaşda ki, uşaq artıq güvəcdən istifadə etməli, sidiyi gəldiyini anaya başa salmalı, hərəkətləri ilə bunu hiss etdirməlidir, onu edə bilmir. Çünki bu refleks körpədə formalaşmayıb. Uşaqlarda sidik buraxma xəstəliyi də belə yaranır.
Pamperslər xüsusən oğlan uşaqlarına çox ziyandır. Oğlan uşağına pampers geyindirildikdə, xayalar daimi isti mühitdə qalmış olur. Bu da hüceyrələrdə problem yaradır. Gələcəkdə bu hal oğlan uşaqlarında sonsuzluq yarada bilər. Pampers geyindirməklə əlavə və daimi isti mühit yaratmış oluruq ki, bu da xayalara ziyandır. Uşaq bezlərinin başqa mənfi cəhəti dərini nəfəs almağa qoymamasıdır. Bələkdə hava sirkulyasiyası təmin edilmiş olur. Fizioloji baxımdan dəri nəfəs alır. Uşaq bezləri isə bu xüsusiyyətə malik deyil.
Qız uşaqları üçün uşaq bezləri elə də böyük problem daşımır. Təkcə dəri nəfəsalmasından başqa. Digər problem ailənin maddi yüklənməsi məsələsidir. Valideynlər Bakıda satılan uşaq bezlərinin eynisinin qonşu Gürcüstanda çox ucuz qiymətə olduğunu deyirlər. Bir çox ailələr uşaq bezlərini Tiflisdən alır və ya gətirdir. Qiymət fərqi nədən yaranır? Bu, araşdırılmalıdır. Bir də, hazırda yerli istehsal uşaq bezləri də satışda var. Keyfiyyətsizdilər. Məsləhət görürəm, yerli istehsal uşaq bezləri almasınlar.
Məlahət Rzayeva