Valideynlərin günahı...

Xanımlar ölümü yox, mübarizəni seçməlidir
“Cəmiyyət heç vaxt baş verən faciələrdən baş çıxarmayacaq”



21 əsrdə yaşasaq da, ötən əsrlərdən qalan cəhalət davam edir. Düşüncə etibarı ilə insanlarımız 19-cu əsr insanlarından bir o qədər də fərqlənmir. Məgər, ilin-günün bu çağında valideynlərin öz qızlarını məcburi nikaha vadar etməsi cəhalətin göstəricisi deyil?! Dəfələrlə şahidi olmuşuq ki, qız uşaqlarının sevmək haqqının əlindən alınması kiminin boşanması, kiminin toy günü evdən qaçması biabırçılığı, kiminin də özünü öldürməsi kimi dəhşətli faciə ilə sonlanır. Amma yenə də valideynlər baş verən hadisələrdən dərs çıxarmır.

Ötən gün Bakı metropoliteninin "28” may stansiyasında özünü qatarın altına atan 42 yaşlı Ruhəngiz Səfərovanın da məcburi nikahdan qaçarkən ölümə yaxalandığı iddia edilir. O, qatar relsinin üzərinə düşdüyündən başı bədənindən ayrılıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, intihar edən qadın ölümündə atasını günahlandırıb. Özünü qatarın altına atan qızın cibindən çıxan kağızda bunlar yazılıb: "Ölümümdə atamı günahlandırın. Yaşım keçib deyə atamın dostu Fərruxa ərə gedə bilmərəm. Yaşayan ölü kimi olmaqdansa, ölmək daha yaxşıdır”.

Amma ilkin istintaq zamanı bu iddialar təsdiqini tapmayıb.

Səfərova Ruhəngiz Canəli qızının ailəli olduğu üzə çıxıb. O, 2 uşaq anası imiş. Vəfat etmiş qadının qohumlarının bildirdiyinə görə, Ruhəngiz Səfərova son vaxtlar psixoloji problemlər yaşayırmış və səhhətində bu səbəbdən narahatlıqlar yaranıbmış.

İstənilən halda, valideynlərin övladlarının fikrini öyrənmədən onları evləndirməsi və bunun fonunda yaşanan oxşar faciələrlə tez-tez rastlaşırıq. Təbii ki, hər bir valideyn övladının xoşbəxt olmasını istəyir. Amma bu, o demək deyil ki, valideynin hər bir istəyi, addımı övladı xoşbəxtliyə aparır. Valideyn elə düşünür ki, toydan sonra hər şey düzələcək, lakin düzəlmir, əksinə, problem daha da dərinləşir. Bəzən onların düz bildiyi bir addım, ömürlərinin sonuna qədər vicdan əzabı çəkmələrinə səbəb olur.

Axı ortada bu qədər acı təcrübə varkən, hələ də qızını zorla ərə verən valideynlərin var olması necə mümkün olur?

Cəmiyyətin qadınların azadlıq, seçim hüququnu tanımamasına münasibət bildirən jurnalist Sevinc Fədai deyib ki, bizim cəmiyyət və digər belə cəmiyyətlər qadınların azadlıq haqqını ona görə tanımır ki, biz özümüz o azadlığın nə olduğunu bilmirik, o azadlığa ehtiyacımız yoxdur, o azadlığı ürəkdən istəmir, arzulamır, tələb etmirik. Bizə təqdim olunan qadın, daha doğrusu, Azərbaycan qadınının həyatı daha "rahat”dı. Biz bu tale ilə razılaşmağı seçirik: 

"Mübarizə səbr, güc, əzm, zəhmət, intellekt tələb edən yoldur. Bu yola çıxmaq üçün isə yenə deyirəm, gərək ehtiyac hiss edəsən, əzildiyinin, sənə azadlıq verilmədiyinin, hüquqlarının tapdalandığının fərqində olasan. Bunu belə olmalıymış kimi qəbul edib adını "alın yazısı” qoyub yaşamayasan. O ehtiyacı hiss etmək üçün isə təhsil almaq, mütaliə etmək, dünyagörüşünü artırmaq, fərqli mühitlərdə olmaq, müqayisə apara bilmək, nəhayətində özünə, ilk növbədə, insan, sonra da qadın kimi dəyər vermək lazımdır. Sən özünü adam yerinə qoyub, adam kimi yaşamalısan ki, səni də evdə, cəmiyyətdə adam yerinə qoysunlar. Kiminsə bizim atamız, qardaşımız və ya ərimiz olması o demək deyil ki, onlar bizim əvəzimizə qərar versinlər, seçim etsinlər. Bir qız özünü tanıyandan, bir qadın ailə qurandan etibarən özünə inanıb qərarlarını özü versə, bu, gələcəkdə bu cür davam edəcək. Hər kəs bunu onun təbii haqqı kimi tanıyacaq”.

Həmkarımız qızların valideynləri tərəfindən məcburi nikaha vadar edilməsi probleminin həlli yolunu qızın onun haqqında verilən qərarla razılaşmamasında, öz seçim haqqını tələb etməsində görür: 

"Biz qadınlar artıq hardasa qəbul etmişik ki, qadının ən böyük düşməni elə qadındır. Bizi böyüdən, yetişdirən, evdə qərarı vermək hökmü olan atanın fikirlərinə təsir etmək gücü olan qadından çox şey asılıdır. Əvvəlcə analar dəyişməlidir, sağlam düşüncəli, azad ruhlu, kölə olmayan yeni nəsil analar yetişməlidir. Ata qızı zorla ərə verəndə, fikirləriylə onun qarşısında dura, qərarını dəyişdirə bilməyəndə qızını da götürüb getməlidir o evdən. Yeni səhifə açmalıdırlar özlərinə. Yoxsa biz susub-susub qızımızın insanlıqdan pay almayan birinə ərə verilməsinə razı oluruq. Sonra da onun nəşini qucaqlayıb ağlayırıq, Allaha üsyan edirik. Bu, eləcə də qızların özünə aiddir. Yox, ailə qızın bütün çabalarına rəğmən, onu kiməsə zorla ərə vermək istəyirsə, onda intihar etmək yox, getmək lazımdır. Özünü arzuladığın yerdə, şəraitdə reallaşdırmalısan. Mən bir yazımda yazmışdım: "Getmək olar, bacarmaq olar, yaşamaq olar deyir. Ümid həmişə var, çarə həmişə var, qızım. Yetər ki, sən istə...” Bax getmək üçün də ağlın və gücün olmalıdır, heç kimdən maddi asılılığın olmamalıdır. Ona görə də əvvəlcədən analı-qızlı ər düşünmək əvəzinə, bir iş-güc sahibi olmaq lazımdır. Cəmiyyətdə olduğu kimi, ailədə də öz ehtiyaclarını özü təmin edən, maddi gücü olan insana basqı edə bilmirlər. Onun gedə bilmə ehtimalını gözə alırlar. Ancaq biləndə ki, bu qadın məndən asılıdır, mən olmasam, acından öləcək, onda ona hər cür zorakılıq edirlər.

Məsələn, yazılarımı oxuyan xanımlar bu kimi problemlərini mənimlə bölüşürlər. Onlara çıxış yolunu göstərmək istəyəndə görürəm ki, onların bu yola çıxmaq üçün heç bir gücü yoxdur. Təhsil yox, iş yox, güc yox, sənə dəstək olan ailə yox, dost yox, qucaqda körpə və qorxulardan başqa heç nə yox. Çətindir. Onda zamanla bu "yox”ları var etməkdən başlamaq lazım gəlir”.

S.Fədainin sözlərinə görə, cəmiyyət, bəlkə də, heç vaxt baş verən faciələrdən dərs çıxarmayacaq. Bütövlükdə cəmiyyəti, qeyri-sağlam düşünən kütləni dəyişə bilməyəcəyimizə görə çıxış yolunu da özümüz tapmalıyıq. Zorakılığa məruz qalan biz qadınlar özümüz: "

Tutaq ki, ana-atamız, həyat yoldaşımız bizi nəyəsə məcbur edirsə, biz də onlara sevgimizdən, sayğımızdan dözürüksə, ürəyimizdən keçənləri daim deyiriksə, izah ediriksə və onlar bunu anlamırsa, nə etməliyik? Gözləməliyik ki, onlar nə vaxt insafa gələcək, nə vaxt dəyişəcək? Onlar bu qısa zaman ərzində dəyişməyəcək, onların beyninə dəyər adıyla, namus-qeyrət adıyla elə təhlükəli fikirlər yeridilib ki, dəyişməsi vaxt alacaq. Amma onları da biz dəyişdirəcəyik, zamanla, səbrlə, özümüz düşünə bildiyimizi, gücümüzü göstərməklə, qətiyyətimizlə, öz ayaqlarımız üstündə dayanmaqla. Yetər ki, xanımlarımız ölümü yox, mübarizəni seçsinlər, yolun sonunda işığı görsünlər”.

Şəymən