Varsa, nə vaxtsa açılacaq...
Bəzi şəxslərdə odlu silah var, üstlərində gəzdirirlər
Paytaxtda ara-sıra silah səsləri eşidilir. Bir neçə gün əvvəl paytaxtın Səbail rayonu Badamdar qəsəbəsindəki "Bulaq” restoranında silahlı insident baş vermişdi.
Dünənsə Bakının Pirallahı qəsəbəsində odlu silahdan istifadə edilməklə cinayət törədilib.
Qeyd edək ki, Səbail rayonunda baş vermiş silahlı insidentlə əlaqəli bir neçə nəfər artıq saxlanılıb. Saxlanılanlar arasında idmançı da var. Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də paytaxtın Səbail rayonunda Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulublar. Hadisə zamanı istifadə edilən tapança və 5 ədəd patron götürülüb.
Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Səbail rayonu Badamdar qəsəbəsindəki "Bulaq” restoranında iki müştəri mübahisə edib, mübahisə həyətdə davam etdirilib, davada iştirak edənlərdən biri ‘’Makarov’’ markalı tapançadan atəş açıb. Nəticədə iki nəfər - Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Atışma zamanı ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqanın avtomobilinə də güllə dəyib. Məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi də təsdiqləyib. Bildirilib ki, avtomobil həmin vaxt ərazidə park edilibmiş və maşının içində heç kəs olmayıb. Yəni, hadisə zamanı səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.
Pirallahı qəsəbəsindəki silahlı insidentin də təfərrüatları məlum olub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun S.Bağırov küçəsində qeydə alınıb. Rayon sakini, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü Ziyafət Hacıbala oğlu Manafov odlu silahdan həmyerlisi, 1963-cü il təvəllüdlü Raqib Novruz oğlu Əhmədova bir neçə dəfə atəş açıb. Lakin güllələrdən heç biri R.Əhmədova dəyməyib. Hadisə yerindən 4 ədəd giliz götürülüb. Z.Manafovun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Baş vermiş hadisələr ümumilikdə paytaxtın asayişini pozmaq iqtidarında olmasa da, narahatedici məqamlar da var. Mühabisələrin odlu silahla sonlandırılması, əllərdə silah olması qənaətinə gəlinməsinə əsas verir ki, bu da, şübhəsiz narahatlıq yaradır. Belə mübahisələrdə idmançıların iştirakı isə neqativ çalarları bir az da artırır. Belə təəssürat formalaşır ki, idmançılar "razborka” vasitəsinə çevrilməkdədir. Xatırlayırsınızsa, bir müddət öncə kikboksinq üzrə Azərbaycan çempionu Gəncə şəhərində məhz silahlı insident zamanı qətlə yetirilmişdi. Silahlı insidentlər gah əyləncə mərkəzlərində, gah restoran və kafelərdə, gah çayxanada baş verir. Hətta bizneslə məşğul olanlar da odlu silah gəzdirir. Və istifadə də edirlər. Sanki bir qrup insan sahib olduqları mövqedən yararlanaraq əllərindəki silahdan ətrafa atəş açmağa məqam axtarırlar.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü, millət vəkili Çingiz Qənizadə "Şərq”ə açıqlamasında paytaxtda ard-arda iki silahlı insidentin baş verməsinin bu növ cinayətlərin artması anlamına gəlmədiyini dedi:
- Sadəcə, iki insident qısa zaman kəsiyində baş verib. Buna görə odlu islahdan açılan atəşlə baş vermiş cinayətlərin sayının artdığını ehtimal etmək doğru deyil. Cinayətkar varsa, cinayət əməli də var. Hazırda bütün dünyada zorakılıq halları artmaqdadı. Fransa kimi inkişaf etmiş, güclü mühafizə sisteminə malik ölkədə əli silahlı cinayətkarlar redaksiyaya hücum edib insanları qətlə yetirdilər. Hamımız bilirik ki, dünyada terror artıb, dünya dövlətləri terrorla təhdid edilir. Ancaq Azərbaycanda baş verən cinayətlər demək olar ki, məişət zəminlidir. Ona görə də bir-iki silahlı insident ölkədəki, paytaxtdakı ümumi müsbət ab-havaya mənfi təsir göstərə bilməz. Hazırda bütün ölkə vətəndaşları cəbhədəki vəziyyətə uyğun olaraq yüksək əhval-ruhiyyədədirlər. Paytaxtda, eləcə də ümumən ölkə ərazisində bu cür cinayət hadisələri il ərzində bir neçə dəfə baş verir. Yəni, ümumi hal almır. Bu cür insidentlərin ictimai fikrə mənfi təsir edəcəyini də gözləmirəm.
Konkret şəxslərin odlu silaha malik olması faktına gəlincə, millət vəkili bunun da ümumi hal olmadığını bildirdi:
- Bəzi şəxslərdə odlu silah var. Üstlərində gəzdirirlər. Bəzisində də neçə il öncə əldə etdikləri silahlardır. Müəyyən dövrdə silahları əldə ediblər, özlərində saxlayıblar. Silah elə bir şeydi ki, varsa, deməli, nə vaxtsa atəş açılacaq. Ancaq hüquq-mühafizə orqanları operativ hərəkət edib belə insanları zərərsizləşdirir. Həmin şəxslər tapılıb istintaq orqanlarına təhvil verilir. Hüquq-mühafizə orqanları gərəkən tədbirləri görür. Bilirsiz, cinayətkarların "öz dünyası” var. Hazırkı həssas məqamda vətəndaşlarımız Silahlı Qüvvələrə, şəhid ailələrinə, təmas xəttində ölkəmizin sabitliyini qoruyan əsgərlərimizə dəstək nümayiş etdirir, bəzi cinayətkar ünsürlər də öz "hesablarını” aparır.
Məlahət Rzayeva