“Vaşinqton Tayms” Qarabağ əyalətindən yazdı

Qabil Hüseynli: “Vaşinqtonun son dövrlərdə bu cür obyektivlik nümayiş etdirməsi Azərbaycanın əlində çox böyük “kozr”dur”



ABŞ-ın nüfuzlu "Vaşinqton Tayms” qəzetində "Dağlıq Qarabağ hadisələrinə yenidən baxış” sərlövhəli yazı dərc olunub. Yazının müəllifi Aleksandr Murinson Dağlıq Qarabağ hadisələrinin qısa xronikasını verərək erməni tərəfinin işğalı Dağlıq Qarabağdan kənar ərazilərə - Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçına yaydıqlarını bildirib.

O, Beynəlxalq Böhran Qrupunun hesabatlarına əsasən münaqişə nəticəsində 1 milyona yaxın azərbaycanlının qaçqın-köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb: "Ermənistanın təcavüzkar dövlət olması şübhə doğurmayan faktdır. Ermənistan bu gün beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi sayılan torpaqların qeyri-qanuni işğalını davam etdirir. Kapitol Hilldə olan çoxsaylı ermənipərəst qüvvələr bunun əksini iddia etməyə çalışsalar da, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələyə həqiqi qiymət verir və faktları təbliğatdan ayırır”.

Yazıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr, eləcə də "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarı xüsusi qeyd edilib. Bundan başqa, məqalədə Rusiya və Ermənistan üçün beynəlxalq hüququn mənasız anlayış olduğuna dair fikirlər də öz əksini tapıb.

"Vaşinqton Tayms” qəzetində Dağlıq Qarabağ həqiqətləri ilə bağlı yer alan yazının Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu deyən politoloq Qabil Hüseynlinin sözlərinə görə, son bir ildə Amerika Birləşmiş Ştatları Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı və Ermənistanın işğalı sonlandırması haqqında həm rəsmi şəxslər, həm də məşhur nəşrlər səviyyəsində mövqe ortaya qoyur: "Bu, ABŞ-ın Dağlıq Qarabağ probleminə yanaşmasında çox böyük dəyişiklikdir. Bu günə qədər münaqişənin həllinə ikili standartda yanaşan, bəzən də Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qarışmadığını bəyan edən, Dağlıq Qarabağdakı hansısa Arsax milli Azadlıq hərəkatından danışan Amerikanın bu bəyanatlarını ya onun obyektivliyə qayıdışı, ya da Azərbaycanın xarici siyasət uğuru ilə əlaqələndirmək olar. Hesab edirəm ki, son zamanlar Rusiyanın Cənubi Qafqazda fəallaşması da bu proseslərə müəyyən mənada təsir edir.

Amerika yaxşı başa düşür ki, erməni təcavüzünün mahiyyətini açmadan, Dağlıq Qarabağda qondarma rejimin yaradıldığını etiraf etmədən Azərbaycan xalqının etimadını qazanmaq mümkün deyil. Hər şeydən əvvəl isə onun Qarabağ münaqişəsi ilə bağlı yeritdiyi ikili standartlar ABŞ-ın özünün imicinə çox böyük xələl gətirirdi. Bu günə qədər münaqişə istiqamətində obyektiv faktları etiraf etmədən, bəzən xristian təəssübkeşliyi, bəzən də erməni lobbisinin təsiri altına düşən Vaşinqtonun son dövrlərdə bu cür obyektivlik nümayiş etdirməsi Azərbaycanın əlində çox böyük "kozr”dur. Biz bu cür faktlardan istifadə edib BMT və digər beynəlxalq təşkilatlarda öz fəallığımızı artıra bilərik”.

Son zamanlar Azərbaycan tərəfinin Rusiya ilə münasibətdə uğurlu siyasət yeritdiyini deyən politoloqa görə, artıq Amerika da "haqqın yolu”na gəlib. Həmsədrlər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bircə tez-tez mövqeyini dəyişən Fransa tərəfi qalıb. Zənnimcə, Fransanın da tərəfimizə çəkilməsi üçün müəyyən işlər görülə bilər”.

Şəymən