Vaşinqtonla Parisin mövqeyi eyni deyil - Ermənistan vasitəçilərin Qarabağ təkliflərini bloklayır

Çünki İrəvan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq
Ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşüb. Görüşdə Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı da fikir mübadiləsi aparılıb. Moskva görüşündən sonra Vaşinqtonun görüş təşəbbüsü də müzakirə olunub. Fransalı nazir həmsədr ölkə qismində münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik səylərini əsirgəməyəcəyini bildirib. 
Baxmayaraq ki, Fransa prosesə o qədər də can yandırmır, amma Vaşinqtondan sonra rəsmi Parisin də görüş təklifi ilə çıxış edəcəyi ehtimalı var. Lakin ekspertlərin fikrincə, münaqişənin həlli istiqamətində Vaşinqtonla Parisin mövqeyini eyniləşdirmək olmaz. Çünki Fransa ermənipərəst mövqeyi ilə daha çox düşmən tərəfin himayədarı kimi tanınır.
Mövzunu "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, bu məsələyə münasibət Fransa və ya ABŞ prizmasından deyil, ATƏT-in Minsk Qrupu çərçivəsində olmalıdır: 
"Minsk Qrupunun tərəflərə təsir imkanları və sülhə məcbur etmə mexanizmləri mövcud deyil. Amma həmsədr ölkələr öz aralarında razılığa gələ bilərsə, münaqişənin həllinə nail olmaq mümkündür. Bu baxımdan, Qarabağ münaqişəsində söhbət təkcə Azərbaycan və Ermənistandan yox, dünya siyasi səhnəsinin əsas oyunçularının maraqlarının toqquşmasından gedir. Bu, vahid mövqe nümayiş etdirməyə imkan vermir. Hətta vasitəçilərin "müqəssir Ermənistandır” kimi bəyanatı da problemi həll edə bilməz. Hansı ki, belə bir açıqlamanın ola biləcəyi ehtimalı son dərəcə kiçikdir. İrəvan əmindir ki, ona qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiq tədbirlərinə əl atılmayacaq. Bu səbəbdən də vasitəçilərin təklif etdiyi bütün təklifləri bloklayır. 
Dağlıq Qarabağla bağlı danışıqlardan ciddi nəticə gözləmək mümkünsüzdür. Səbəb regionda və dünyadakı qeyri-müəyyən şəraitlə bağlıdır. Bu şəraitdə həmsədr ölkələr əllərində olan imkanları itirmək istəmirlər. Dağlıq Qarabağ münaqişəsi regionda marağı olan güclər üçün təsir vasitəsidir və onlar bu vasitəni itirmək istəmirlər. Lakin tərəflər anlayır ki, danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu uzun müddət qoruyub saxlamaq mümkün deyil. İrəvanda açıq bəyan edirlər ki, Ermənistanın konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb”.
Analitikin sözlərinə görə, münaqişənin mümkün eskalasiyası Rusiya və Qərb üçün risk deməkdir: 
"Bu, regional enerji layihələri üçün təhlükədir. Yeni savaş başlayarsa, proseslərə İran və Türkiyənin də müdaxilə edə biləcəyi ehtimalı yaranır. Bu isə artıq regional savaş anlamına gəlir. Qarabağ münaqişəsi Rusiya və Qərb üçün mövcud ziddiyyətlər şəraitində ciddi əməkdaşlıq stimulları yaradır. Elə buna görə də, ABŞ və Rusiya Bakı ilə İrəvanı danışıqlar masasına dəvət edir. Fransa da danışıqların davam etdirilməsini istəyir. Bu məsələdə ATƏT-in Minsk Qrupu həmrəylik nümayiş etdirir. Nəticə etibarilə Minsk Qrupu hansısa uğura imza atmalıdır. Ən azı ona görə ki, danışıqların dayanması, yaxud nəticəsiz başa çatması indiki beynəlxalq proseslər fonunda həmsədrlərin nüfuzunun itirilməsinə gətirib çıxara bilər. Bu baxımdan, vasitəçilərin görüşü də önəm kəsb edir. Hazırkı situasiyada "nə hərb, nə sülh” vəziyyətinin davam edəcəyi ehtimalı daha böyükdür”.
İsmayıl